Keçid linkləri

2017, 23 Aprel, bazar, Bakı vaxtı 13:49

«Gey və biseksual şəxslərin oğurlanmasını, saxlanmasını, döyülməsini və öldürülməsini dayandırın». Bu çağırışla dünən – aprelin 13-də BMT-nin ekspertləri Çeçenistana müraciət ediblər. Artıq bir neçə həftədir bu Şimali Qafqaz respublikasında homoseksuallara qarşı repressiyalarla bağlı məlumatlar gəlir.

«ONLAR TƏHQİR OLUNUR, ALÇALDILIRLAR»

BMT-nin İnsan Haqları Şurasına məsləhətlər verən, beş ekspertdən ibarət panel bəyanatlarında bildirib ki, «bu təqib və zorakılıq aktlarının regionda misli görünməyib, Rusiya Federasiyasının beynəlxalq insan haqları öhdəliklərinin ciddi pozulmasıdır». Xəbəri «The New York Times» qəzeti yayıb.

Ekspertlər zorakılıqların daha çox Arqun şəhəri yaxınlığındakı qeyri-rəsmi saxlama mərkəzində baş verdiyini qeyd edirlər. Bu şəhər paytaxt Qroznının şərqində yerləşir.

«Saxlanan şəxslər fiziki və şifahi hücuma məruz qalır, onlara elektroşok verilir, təhqir olunur, alçaldılırlar. Onlardan zorla digər geylərin əlaqə nömrələrini alırlar, seksual oriyentasiyalarını ailələrinə və cəmiyyətə ifşa etməklə hədələyirlər ki, bu da onları namus qətllərinin qurbanına çevirə bilər», – ekspertlər yazırlar.

«MÖVCUD OLMAYAN ŞƏXSİ...»

Çeçenistanda geylərə təzyiqlər barədə artıq ötən aydan məlumatlar yayılır. Aprelin 1-də «Novaya Gazeta» Rusiya hüquq-mühafizə orqanlarına istinadla bu haqda yazıb. Həmin rəsmilər də yerli hakimiyyəti suçlayıblar.

Alvi Karimov

Alvi Karimov

Çeçenistan lideri Ramzan Kadyrov-un sözçüsü Alvi Karimov isə aprelin 1-də tükürpərdici təkzib verib. «Respublikada mövcud olmayan şəxsləri həbs, yaxud repressiya edə bilməzsən. Əgər onlar Çeçenistanda mövcud olsaydılar, … qohumları onları heç vaxt qayıtmayacaqları yerə göndərərdilər».

Kremlin sözçüsü Dmitry Peskov isə deyib ki, «bu məsələylə hüquq-mühafizə orqanları məşğul olmalıdır. Bu, Kremlin gündəliyində duran məsələ deyil».

ÇEÇENİSTAN HƏLƏ PROFİLAKTİK TƏDBİRLƏR GÖRÜR

«Novaya Gazeta» yazırdı ki, bu təqiblər bir gey qrupunun Şimali Qafqazın dörd şəhərində gey-parad keçirməyə icazədən ötrü müraciətindən sonra güclənib. Qrup Çeçenistanda icazə üçün müraciət etməyib. İcazəni Kabardin-Balkarda istəyiblər, rədd cavabı alıblar. Dərhal da geylərə qarşı kampaniya başlanıb. Çeçenistanda isə profilaktik tədbirlər işə salınıb.

BMT-nin ekspertləri hakimiyyəti təqiblərə son qoymağa çağırıb, Çeçenistan rəsmilərinin geylərin izlənməli və öldürülməli olmasına eyham vuran bəyanatlarını pisləyib.

«The New York Times» yazır ki, Moskvanın ekspertlərin bəyanatına əhəmiyyət verəcəyi real görünmür. Axı Rusiya gey, lesbian, biseksual və transgender şəxslərin hüquqlarının pozulmasına görə həmişə tənqid olunub. 2013-cü ildə azlıqlara «qeyri-ənənəvi» seksual münasibətlərlə bağlı materialların paylanması kriminallaşdırılıb ki, bu da gey hüquqları müdafiəçilərinin həbsini əsaslandırmış olub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG