Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 09:17

Türkiyənin Rusiyadan S-400 almasına Amerikadan kəskin xəbərdarlıq


Senator Ben Cardin

Türkiyənin Rusiyadan S-400 antitəyyarə raket sistemini alması ABŞ-ın Ankara üzərinə avtomatik sanksiya qoyması ilə nəticələnə bilər.

Bu barədə demokrat senator Ben Cardin Trump administrasiyasının rəsmilərinə məktub göndərib. Məktubda deyilir ki, Türkiyə Rusiyadan S-400 raket sistemini almaqla Rusiyaya qarşı ötən ay Konqres tərəfindən qoyulmuş sanksiyalar qanununu pozur.

Konqresdə qəbul edilmiş qanuna görə “Rusiyanın müdafiə və ya kəşfiyyat sektorları ilə əhəmiyyətli məbləğdə alış-veriş edən tərəfə qarşı sanksiya tətbiq edilməlidir”.

Senatın Xarici Əlaqələr Komitəsinin demokrat həmsədri senator Ben Cardin dövlət katbi Rex Tillerson-a və maliyyə naziri Steve Mnuchin-ə yazıb ki, bu, icrası məcburi olan qanundur.

Cardin qeyd edir ki, “belə böhranlı bir dövrdə ABŞ müttəfiqi Türkiyənin Moskva ilə yaxınlaşması xoşagəlməz haldır”.

S-400 Triumph ortamənzilli raket sistemi Rusiyanın ən mükəmməl silahı sayılır
S-400 Triumph ortamənzilli raket sistemi Rusiyanın ən mükəmməl silahı sayılır

S-400 antitəyyarə raket sistemi, deyilənə görə, Rusiyanın ən mükəmməl hava hücumundan müdafiə kompleksidir. Bu qurğu 400 kilometrlik çevrədə olan 80 hədəfi eyni vaxtda vura bilir.

Politico məcmuısi yazır ki, Kreml tərəfindən maliyyələşdirilən Sputnik və RT media qurumları 1952-ci ildən NATO üzvü olan Türkiyə ilə bu sövdələşməni böyük diplomatik uğur kimi tərifləyirlər.

Bu media qurumlarının reportajlarında Türkiyənin Qərbdən uzaqlaşması açıq şəkildə “bayram edilir”.

NATO rəsmiləri Türkiyənin Rusiyadan ümumi dəyəri 2, 5 milyard dollar olan hərbi avadanlıq almasından ciddi narahatlıq keçirirlər. İndiyədək heç bir NATO üzvü Rusiya silah sistemlərindən istifadə etməyib.

Lakin Türkiyə prezidenti Recep Tayyip Erdoğan sentyabrın 14-də bəyan edib ki, Ankaranın Rusiyadan S-400 almasına görə NATO özünü qınamalıdır. O bildirib ki, Qərb Türkiyəyə yeni silah növlərini ləng və baha qiymətə verir.

ABŞ Dövlət Departamenti və Pentaqon S-400 raketlərinin NATO sistemi ilə uyğun olmadığını bildiriblər.

Senator Cardin məktubunda bir qədər də irəli gedərək Türkiyənin Rusiyadan silah almasının onun NATO üzvlüyünə necə təsir edəcəyi məsələsini Senatın Xarici Əlaqələr Komitəsində müzakirə etməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG