Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:59

Senatorlar Ağ Evi Rusiyaya qarşı sanksiyaları ləngitməkdə ittiham edirlər


Senatorlar Ben Cardin (solda) və John McCain
Senatorlar Ben Cardin (solda) və John McCain

ABŞ-ın iki aparıcı senatoru prezident Domald Trump-ın administrasiyasını Rusiya üzərinə yeni sanksiyalar nəzərdə tutan qanunun qüvvəyə mindırilməsini uzatmaqda ittiham edib. Senatorlar bildiriblər ki, Ağ Ev özünün müdafiə və kəşfiyyat sektorlarına dair informasiyanı hələ də təqdim etməyib.

Oktyabrın 11-də dərc edilmiş məktubda demokrat Ben Cardin və respublikaçı John McCain Ağ Evi Trump-ın avqustun 2-də könülsüz şəkildə imzaladığı qanunu tətbiq etmədiyinə görə tənqid edirlər.

“Amerikanın Rəqiblərinin Sanksiyalarla Dəf Edilməsinə dair” qanun (The Countering America's Adversaries Through Sanctions Act) Konqresdə böyük səs çoxluğu ilə qəbul edilib. Bu qanun Rusiya üzərindəki mövcud sanksiyaları möhkəmlətməklə yanaşı, Trump administrasiyasının bu sanksiyaların qaldırılması üçün Konqresdən icazə almasını tələb edir.

Qanun habelə oktyabrın 1-dək administrasiyanı potensial sanksiyalara düşəcək Rusiya kəşfiyyat və müdafiə sektoru fərd və vahidlərinin “müəyyənləşdirilməsinə dair qaydaları” açıqlamağa təhkim edir.

Buna baxmayaraq oktyabrın 11-ə olan məlumata görə Ağ Ev və ya icra agentlikləri bu məsələyə dair heç bir sənəd açıqlamayıblar. Senatın Silahlı Qüvvələr Komitəsinin sədri McCain və Xarici Əlaqələr Komitəsinin vəzifəli demokrat üzvü Cardin Ağ Evin bu “astagəlliyini” tənqid edirlər.

Məktubda deyilir: “Bu ləngitmə iki ay bundan əvvəl imzalanmış sanksiyalar qanununa Trump administrasiyasının sadiqliyi məsələsində sual yaradır…Onların bunu etmək üçün kifayət qədər vaxtları vardı”.

Məktubda bu da qeyd olunur ki, qanunun ləngidilməsi bir yana, administrasiyanın, Moskva üzərinə təzyiqlərin artırılması üçün Avropa müttəfiqləri ilə əhəmiyyətli diplomatik danıqşlar apardığı görünmür. Halbuki Konqresin bu qanuna münasibəti onun hər iki partiyadan olan səslərin çoxluğu ilə qəbul edilməsindən bəllidir.

AzadlıqRadiosu bildirir ki, bu məktuba Ağ Evdən hələki reaksiya verilməyib.

ABŞ prezidenti Rusiyaya münasibətdə daha barışdırıcı mövqe tutmaq istəsə də, Moskvanın ötənilki ABŞ seçkilərinə müdaxilə etdiyinə dair iddialar belə bir mövqenin tutulmasına maneçilik törədib.

Hazırda Konqresin azı üç komitəsi Rusiyanın ABŞ seçkisinə müdaxiləsi məsələsini araşdırır. Bundan başqa məsələnin cinayət təhqiqatı üçün Ədliyyə Nazirliyi tərəfindən xüsusi prokuror postu təsis edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG