Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:59

II Nikolayın öldürülməsində 'yəhudi izi'


Çar II Nikolay və ailəsi
Çar II Nikolay və ailəsi

Rusiyada mövcud olan bir konspirasiya nəzəriyyəsinə görə, 100 il öncə baş vermiş bolşevik inqilabı və çar II Nikolayın öldürülməsi yəhudilərin işidir. Rusiyanın yəhudi icmasının nümayəndələri bu fikri «antisemit» adlandıraraq tənqid ediblər.

Rusiyada müstəntiqlər çar II Nikolay və ailəsinin yəhudilər tərəfindən «ayin üçün» öldürüldüyü versiyasını araşdırdıqlarını deyiblər. Noyabrın 27-də Moskvanın Sretenski monastırında çarın öldürülməsinin araşdırılmasına həsr olunmuş konfrans keçirilib. Konfransda Rus Pravoslav Kilsəsinin Patriarxı Kirill də iştirak edib.

«ƏN QƏDİM ANTİSEMİT İDDİALARDAN BİRİ»

Rusiya İstintaq Komitəsinin baş müstəntiqi Marina Molodtsova konfransda çıxışında deyib ki, ayin qətlinə dair iddiaların yoxlanması üçün «psixoloji-tarixi ekspertiza» tələb olunur.

Eyni konfransda Rusiya prezidentinə yaxın yepiskop Tixon bildirib ki, ayin qətli nəzəriyyəsi qətli araşdıran kilsə komissiyasının da diqqət mərkəzindədir.

«Biz ayin qətli versiyasına çox ciddi yanaşırıq. Üstəlik, kilsə komissiyasının mühüm hissəsi bunun baş verdiyinə şübhə etmir», – deyə TASS xəbər agentliyi Tixondan sitat gətirib.

Nə Molodtsova, nə də Tixon konfrans zamanı yəhudilərin adını çəkib. Onlar bu qətlin hansısa yəhudi adətinin bir hissəsi olduğunu da deməyiblər. Ancaq yəhudi icmasının üzvləri «ayin qətli» ifadəsinin qətlin yəhudilər tərəfindən törədilməsinə dair köhnə mifə işarə etdiyini deyirlər.

Rusiya çarı II Nikolayın nadir görüntüləri
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

«Yəhudilər tərəfindən törədilmiş ayin qətlinə dair iddialar ən qədim antisemit iftiralardan biridir. O, dəfələrlə yüzlərlə, hətta minlərlə insanın həyatına bais olmuş təqiblərə yol açıb. Ancaq hər dəfə antisemit ittihamlarla zəhərlənməmiş adamlar araşdıranda görüblər ki, bu iftira yalandır», – Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti Aleksandr Boroda «Interfax»a deyib.

SPEKULYASİYALAR

Çar ailəsi, imperator II Nikolay, həyat yoldaşı Aleksandra, onların beş övladı, ailə həkimi və üç xidmətçi 1918-ci il iyulun 17-də Vladimir Leninin əmri ilə Yekaterinburqdakı malikanənin zirzəmisində qətlə yetirilib.

SSRİ-nin dağılmasından sonra bu qətl çoxsaylı spekulyasiyaların mövzusu olub. Hətta qətlin baş verdiyi şəraitin araşdırılması və öldürülənlərin qalıqlarının müəyyən edilməsi üçün hökumət komissiyası da yaradılıb. 1995-ci ildə Rus Pravoslav Kilsəsi bu komissiyaya rəsmi olaraq 10 sual göndərib. Onların arasında çar ailəsinin yəhudi planının qurbanı olduğu haqda suallar da olub. Kilsə rəsmiləri bu nəzəriyyəni birdəfəlik inkar etmək üçün dəlillər tapmağa çalışırdılar. O zaman baş nazirin müavini olan Boris Nemtsovun rəhbərlik etdiyi komissiya bu iddianın xeyrinə hər hansı dəlil tapa bilməmişdi.

Çar və ailə üzvlərinin qalıqları aşkarlanın, II Nikolayın özü 2000-ci ildə müqəddəs elan edilib.

Yüz il əvvəlin Bolşevik inqilabı
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

«VƏHŞİ» VƏ «ABSURD» İDDİA

Rus Pravoslav Kilsəsinin təkidi ilə 2015-ci ildə qətl yenidən araşdırılmağa başlayıb. Kilsə xadimlərinin bir hissəsi dəfn edilən qalıqların həqiqiliyinə şübhə edirmiş. Bu məsələ bu həftənin sonu Rus Pravoslav Kilsəsinin yepiskop şurasında müzakirə ediləcək.

Sretenski monastırındakı konfransda isə istintaqın ilkin tapıntıları müzakirə edilib.

Yəhudi icmaları federasiyasının sözçüsü Borux Qorin bu iddianı «vəhşi» və «absurd» adlandırıb. O deyib ki, bolşeviklər ateist olduqlarından yəhudilərin inancları onlara təsir edə bilməzdi.

«100 ildən sonra İstintaq Komitəsinin müstəntiqinin, sonra da Rus Pravoslav Kilsəsinin nüfuzlu iyerarxının dilindən «ayin qətli» ifadəsini eşitmək çox qorxuncdur», – deyə o, əlavə edib.

Yepiskop Tixon tənqidlərə cavab olaraq «RIA Novosti»yə deyib ki, II Nikolay Rusiyanın son çarı olduğuna görə onun qətli «ayin» xüsusiyyətlərinə malikdir.

«Çar və ailəsinin qətli Rusiyanı idarə etdiyi 300 il müddətində nifrətlə qarşılanan Romanovlar sülaləsinə son qoyub. Bu, bir çox insan üçün ayin mənası, rəmzi məna kəsb edir», – o deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG