Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:18

BVF nümayəndəsi: 'İnflyasiya hələ də ikirəqəmlidir...'


Ilham Əliyev və Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azour. Baku. 13 sentyabr 2017

BVF nümayəndəsi: “ İnflyasiya hələ də ikirəqəmlidi”

APA-nın xəbərinə görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur sentyabrın 13-də Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

"Bu günə qədər konkret addımlar atılıb. Bu da maliyyə və bank sisteminə inamı artıracaq, riskləri isə azaldacaq. Bundan sonra bankların fəaliyyəti üçün dəstək göstərilməlidir. Bank sisteminin səmərəliliyi baxımından müvafiq dövlət orqanlarının potensialı artırılmalıdır, restrukturizasiya davam etməlidir. Digər ölkələrin təcrübəsi göstərir ki, hər böhranda qərarlı addımların atılması zəruridir. Bu cür şəraitdə risklərə daha az məruz qalmaq üçün yaxşı imkan yaranır", deyə department rəhbəri deyib.

O, vurğulayıb ki, 2017-ci ildə Azərbaycanda ümum daxili məhsul (ÜDM) istehsalı 1 faiz azalacaq.

Onun sözlərinə görə, 2015-2016-cı illər ərzində Azərbaycan hökumətinin gördüyü müvafiq tədbirlərdən sonra iqtisadi durum yaxşılaşmağa başlayıb:

"Biz artıq monetar stabillik müşahidə edirik. Buna baxmayaraq, inflyasiya hələ də ikirəqəmli səviyyədədir. Bu göstərici birrəqəmli olmalıdır. Pul siyasətinə gəlincə, Azərbaycan bunun vasitəsilə stabilliyi təmin edə bilər. Noyabr ayının sonunda bizim missiyamız bir daha ölkəyə səfər edəcək. Bu zaman isə mövcud vəziyyət, o cümlədən 2018-ci illə bağlı büdcə göstəriciləri, proqnozları müzakirə edəcəyik".

Təşkilat rəsmisi qeyd edib ki, BVF Azərbaycanla əməkdaşlığı iki istiqamətdə həyata keçirir:

"Bu istiqamətlərdən biri iqtisadi siyasətlə bağlı məsləhətləşmələrin aparılması, digər istiqamət isə texniki yardım məsələləri ilə bağlıdır. Biz bir sıra dövlət qurumlarına texniki yardım göstəririk. Məsələn, Maliyyə Nazirliyinə büdcə kəsirinin azaldılmasında, Mərkəzi Banka isə monetar vəziyyətin idarə edilməsində texniki yardım göstəririk. Hal-hazırda isə hökumətdən hər hansı maliyyə dəstəyinin göstərilməsi ilə bağlı istək yoxdur".

O vurğulayıb ki, Azərbaycanda dedollarizasiya səviyyəsinin aşağı düşməsi yalnız manata olan etibarın bərpasından sonra mümkün olacaq.

"Yalnız manata etibar təmin olunduğu təqdirdə, dollarlaşmanın səviyyəsi aşağı düşəcək. Dollarlaşmanın səviyyəsini aşağı salmaq üçün isə bir neçə tədbir görmək lazımdır. İlk növbədə güclü və möhkəm makro-iqtisadi çərçivə, büdcə kəsiri aşağı, Mərkəzi Bankın valyuta ehtiyatları yüksək olmalıdır.Məndə olan məlumata görə, ölkədə əmanətlərə tam zəmanət də verilir. Bu baxımdan dollarlaşmanın səviyyəsini aşağı salmaq yalnız iqtisadiyyatı yox, eləcə də bank sistemini möhkəmləndirəcək. Buna görə, bank sistemində restrukturizasiya davam etdirilməlidir. Yeni hüquqi aktlar qəbul edilməlidir ki, bankların stabilliyi təmin edilsin", - deyə departament rəhbəri qeyd edib.

Xatırlatma

Ötən il Azərbaycanda 10-dan çox bank ləğv edilib.Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.Bu il isə Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlı restrukturizasiya ( kreditin və ya onun ödənilməsi şərtinin dəyişdirilməsi) planı həyata keçirilib.
Bankın 3 milyard dollara yaxın borcu dövlətə keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG