Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:58

Ekspert: “Azərbaycanda tikintidən başqa heç bir sahə inkişaf etməyib”


“Azərbaycan son 10 il ərzində silah alışına 22,7 milyard dollar xərcləməklə, Avropada ən iri hərbi texnika idxalçısına çevrilib. Onun illik hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsini üstələyir”.

ABŞ-ın “Bloomberg” agentliyi apardığı qiymətləndirməyə əsasən Azərbaycan və Ermənistan son on ildə hərbi xərclərə ümumilikdə 27 milyard dollar vəsait sərf ediblər. Silah alışına ayrılan vəsaitə gəldikdə isə, Azərbaycan liderdir.

Bu arada 2006-2015-ci illərdə dövlət büdcəsindən tikintiyə 44,6 milyard manat, təhsilə 11,8 milyard manat, sosial müdafiəyə və təminata birlikdə 11,1 milyard manat, dövlət idarəetmə aparatınn saxlanılmasına 10,1 milyard manat, səhiyyəyə 4,7 milyard manat xərclənib.

Bəs görəsən həmin sahələrdə görülən işlər gözə dəyən irəliləyişə səbəb olubmu? Ölkə vətəndaşı bu sahələrin hansında 10 il əvvəllə müqayisədə ciddi yeniliklər görür?

Keçmiş maliyyə naziri Fikrət Yusifov deyir ki, 10 il ərzində dövlət büdcəsindən ayrılan vəsaitlər nəticəsində bütün sahələrdə xeyli inkişaf görmək mümkündür.

Onun sözlərinə görə bu 10 il ərzində yatırılan vəsaitlər öz bəhrəsini verib. Bu vəsaitlərin nəticəsində Azərbaycan Cənubi Qafqazın iqtisadi cəhətdən ən güclü ölkəsidir.

İqtisadçı ekspert Qubad İbadoğlunun fikrincə dəyişiklikləri yalnız tikinti sektorunda müşahidə etmək mümkündür. Ekspert deyir ki, son 10 ildə infrastruktur və tikintidə müəyyən dəyişikliklər baş verib.

Onun sözlərinə görə bu layihələrdə şişirdilmiş məsələlər, korrupsiya faktları olsa da digər sektorlara baxanda bu sahədə dəyişiklik görmək mümkündür. Qubad İbadoğlu bildirir ki, digər sahələrdə isə keyfiyyət dəyişikliyindən danışmağa dəyməz.

İqtisadçı ekspert Azər Mehtiyev isə deyir ki, ölkədə hesabatlılıq sistemi olmadığından büdcədən ayrılan vəsaitlərin nəticələri ortalıqda deyil.

Ekspert deyir ki, ayrılan vəsaitlərin müqabilində baş verən dəyişiklikləri, bunun insanların rifahına təsirini hökumətin hesabatlarında görə bilmirik.

Azər Mehtiyevin sözlərinə görə belə vəziyyət korrupsiya üçün geniş imkanlar yaradır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG