Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:38

Britaniyada parlament seçkiləridir


Theresa May və Jeremy Corbyn
Theresa May və Jeremy Corbyn

İyunun 8-də Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir. Deyə bilərsiniz ki, Britaniyada seçki elə təzəlikcə olmamışdı? Hə, elədir. Artıq 3 ildir Böyük Britaniyada hər il ümumxalq səsverməsi keçirilir. Hələ 2014-cü ildə Şotlandiyada müstəqillik referendumunu nəzərə alsaq, dördüncüdür.

«The Washington Post» qəzeti bu seçkilərlə bağlı vacib məqamlardan yazır.

2015-ci ildə Britaniyada hökumət seçildi. Ancaq ötən il ölkənin Avropa Birliyindən çıxması (Brexit) səsə qoyulub və səsvermənin nəticəsi bəlli olandan sonra baş nazir David Cameron istefa verib. Hakim Mühafizəkarlar Partiyasında daxili yarışma nəticəsində Theresa May baş nazir postuna keçib.

THERESA MAY SEÇKİNİ NİYƏ QABAĞA ÇƏKDİ?

Apreldə T.May erkən seçki keçirməyəcəyinə dair vədini pozub və ölkənin iyunun 8-də yeni hökumət seçəcəyini elan edib. Təhlilçilər T.May-in qərarının arxasında duran müxtəlif faktorlardan danışırlar. Bir məsələ T.May-in parlamentdə mühafizəkarların malik olduğu çoxluğu artırmaq istəyi ola bilər. T.May hazırda Britaniyanın AB-dən çıxmasıyla bağlı danışıqlar aparır.

Digər ehtimal odur ki, əslində, parlament seçkiləri 2020-ci ildə olmalıydı, bu da «Brexit» danışıqlarının düz ortasına düşür. Yəni, seçkinin vaxtını irəli çəkmək işi asanlaşdırdı. Böyük Britaniyada parlament seçkiləri hər 5 ildən bir keçirilməlidir. Ancaq T.May müxalifətdə olan Leyboristlər Partiyasının dəstəyini alınca seçkini qabağa çəkdi.

Britaniyada parlament sistemi belədir ki, vətəndaşlar dairələrdən parlamentdə görmək istədikləri siyasətçiləri seçirlər. Qanunvericilik orqanında daha çox yer qazanan partiya hökuməti formalaşdırır, partiya lideri isə baş nazir olur. Proporsional təmsilçilikdən fərqli olaraq, partiyanın parlamentdə çoxluğa malik olmasından ötrü səslərin 50%-ni qazanması vacib deyil. Tarixən, Britaniyada ikipartiyalı sistem olub, hakimiyyəti sağ-mərkəzçi Mühafizəkarlar, yaxud sol-mərkəzçi Leyboristlər idarə edib.

"Əlvida, Avropa Birliyi" - Brexit başlandı
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Səsvermə yerli vaxtla səhər 7-də başlayır, axşam 10-da bitir. Ekzit-polların nəticəsi səsvermə bitəndən dərhal sonra yayılacaq, yekun nəticə isə iyunun 9-da səhər 3-də bilinməlidir.

ƏSAS NAMİZƏDLƏR KİMLƏRDİR?

Baş nazir postuna əsas namizədlərdən biri Mühafizəkarlar Partiyasından Theresa May-dir. O, ötən il D.Cameron-un baş nazirlikdən getməsiylə sonuclanan seçkidə elə də tanınmış namizəd deyildi. 6 il Britaniyanın daxili işlər naziri olmuş T.May Margaret Thatcher-dən sonra Britaniyanın ikinci qadın baş naziridir.

Leyboristlər Partiyasından Jeremy Corbyn baş nazirliyə digər əsas namizəddir. O, daha çox müharibə əleyhinə nümayişlərdə çıxışlarıyla tanınıb. Leyboristlərin 2015-ci il seçkisində gözlənilməz məğlubiyyətindən sonra partiya rəhbərliyinə keçib. 2016-cı il referendumundan öncə Britaniyanın AB-də qalması üçün kampaniya aparırdı. Leyboristlər hazırda Brexit-i dəstəkləyir, ancaq danışıqlarda daha mülayim yanaşma istəyir.

«The Newsweek» dərgisi yazır ki, J.Corbyn-in qələbəsi həqiqətən də böyük siyasi hadisə olardı, Brexit-i, yaxud ABŞ-da Donald Trump-ın prezidentliyə gəlməsini kölgədə qoyardı. Bu, həm də Britaniyada rəy sorğularının ən böyük iflasını ortaya qoymuş olardı.

BƏS TERRORÇULUĞUN SEÇKİDƏ ROLU OLUBMU?

Son 3 ayda Britaniyada üç böyük terakt baş verib. Adətən, terror hücumlarının sağçı partiyalara tərəfdar qazandırdığı düşünülür. Bu halda J.Corbyn-ə risk var. Çünki İrlandiya Respublika Ordusuna rəğbət, islamçı yaraqlılara dözümlülük sərgiləyən bəyanatlar verib.

Ancaq T.May də təhlükədən sığortalanmayıb. O, daxili işlər naziri postunda olarkən bəzi tənqidlərlə üzləşib, belə ki, İngiltərə və Uelsdə polis əməkdaşlarının sayının azaldılmasını hədəfləyən büdcə əməliyyatlarına nəzarət edib.

GÖRƏSƏN, BU SEÇKİNİN BREXIT-Ə NƏ DƏRƏCƏDƏ DƏXLİ VAR?

«The Washington Post» yazır ki, bunu söyləmək çətindir. Hazırda Britaniyada baş verən hər şeyə Brexit-in təsiri var. Hər iki partiya AB-dən çıxmağın tərəfdarıdır, ancaq danışıqların detallarıyla bağlı mövqeləri fərqlənir.

Ancaq üçüncü yerdə gələn Liberal Demokratlar bu məntiqə qarşıdır, yeni referendum keçirməyin tərəfdarıdırlar. Görünür, 2017-ci il parlament seçkisi həm də, Britaniyanın AB-dən necə çıxacağını proqnozlaşdırmağın asan olmadığını bir daha yada salmış olacaq.

XS
SM
MD
LG