Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:44

Mühafizəkarlar yeni hökümət formalaşdırır


Seçki plakatları
Seçki plakatları

Britaniyanın baş naziri Theresa May yeni hökümət formalaşdıracağını açıqlayıb. O, bunu iyunun 9-da, Britaniyanın baş nazirinin iqamətgahının da yerləşdiyi "Downing Street" inzibati dairəsində jurnalistlərə açqılamasında deyib:

“Mən yeni hökümət formalaşdıracağam. Bu hökümət Britaniyanı hazırki kritik anda irəli apara biləcək. Bu hökümət Birləşmiş Krallığı Avropa Birliyindən alıb, ingilis xalqına təslim edəcək. Faciəvi Mançestr və London hücumlarından sonra mən, milli təhlükəsizliyi təmin etmək üçün dəyişiklik edirəm. Bu dəyişiklik islam ekstermizminə və onu dəstəkləyən hər kəsə qarşı mübarizəni hədəfləyib. Biz polisə və güc strukturlarına ölkənin təhlükəsizliyini təmin etmək üçün səlahiyyət veririk.”

***

650 yerdən 643-ü bəllidir

Artıq 650 yerdən 643-ü üzrə nəticələr elan olunub və Mühafizəkarlar 313 yer əldə edib. Onların gərəkən 326 yeri qazana bilməyəcəyi dəqiqləşib. Leyboristlər isə 260 mandat qazanıb.

İstefa çağırışlarıyla bağlı Theresa May deyib ki, «hal-hazırda ölkəyə hər şeydən çox sabitlik gərəkdir». Onun sözlərinə görə, Mühafizəkarlar «daha çox yer və daha çox səs qazanıbsa, deməli, sabitliyin təmin olunması da üzərimizə düşür və hazırda da bunu edirik».

Leyboristlərin lideri Jeremy Corbyn T.May-i istefaya çağırmışdı.

Danışıqlarda güclü tərəfdaş olmasa...

AB liderləri bildiriblər ki, May-in çoxluğu itirməsi «Brexit» danışıqlarını yubadacaq və danışıqların alınmaması ehtimalı da artırır.

AB-nin büdcə komissarı Günther Oettinger alman radiosuna deyib ki, danışıqlarda güclü tərəfdaş olmasa, onlar daha çox qeyri-müəyyən keçəcək. Komissarın sözlərinə görə, AB 2019-cu ilin martında Britaniyanın qurumdan hüquqi baxımdan rahat çıxmasını istəyir.

Avropa Komissiyasının Fransadan olan üzvü Pierre Moscovici də seçkinin nəticəsinin danışıqlara təsir göstərəcəyini söyləyib. AB rəsmisi Britaniyanın birlikdə qalmağı xahiş etməsinə ümid edirmi? Moscovici bu suala cavab verməkdən yayınıb.

+++

«The New York Times» qəzeti yazır ki, britaniyalılar bir daha bazarların gözləntisini darmadağın etdilər. Britaniyanın AB-dən çıxması – «Brexit» üzrə danışıqlar 11 günə başlamalıdır. Avropa liderləri danışıqları apara biləcək sabit, etibarlı hökumət istəyirlər. Theresa May-in mandatın gücləndirmək vədləri isə iflasa uğradı.

Theresa May
Theresa May

Funt sterlinq düşüb

Artıq Britaniya funt-sterlinqi kəskin düşüb. O, dollara qarşı məzənnəsini 2 sentdən çox itirib, 1.2955 dollardan 1.2752 dollara enib.

London İqtisadiyyat Məktəbində siyasi elmlər üzrə professor Simon Hix deyir ki, ilkin nəticələr ictimaiyyətin ölkənin Avropadan tamamilə ayrılmasına dirənişini ortaya qoyub. May məhz bunu təbliğ edirdi.

«Düzdür, xanım May qalibdir, o bu seçkini uduzmayıb», –professor deyib.

Nottingem Universitetində siyasi tarix professoru Steven Fielding isə ilkin nəticələrdən nitqi quruduğunu söyləyir. Onun fikrincə, Theresa May «artıq bitdi».

«Rəhbərliyinə risk yaranır»

«Çoxluqları azaldısa, burda söhbət ancaq zaman kəsimindən gedir. O, daha güclü mandat istəyirdi, indi qərarı tamamilə sual altına düşdü», – professor söyləyir.

«Çox pis kampaniya aparırdı. İndi buna görə məsuliyyəti daşıyan əsas şəxs də odur», – professor sözlərinə əlavə edir.

Londonda «Berenberg Bank»ın baş iqtisadçısı Kallum Pickering də Theresa May-dən ötrü çətinliklərin başlayacağını düşünür.

«Hətta May çoxluğu əldə edə bilsə belə, onun rəhbərliyinə real risk yaranır. Özəlliklə də uğursuz seçki kampaniyasından sonra. Şəxsi nüfuzu zəiflədi, ifrat solçu Leyboristlərin lideri Corbyn yenə önə çıxdı», – o vurğulayır.

Qəzetə danışan britaniyalılar ölkənin təhlükəsizliyi arıdan əndişələrini dilə gətiriblər. Gənclər isə iş yerləri sarıdan gözləntilərindən danışıblar.

Leyborist Partiyasının lideri Jeremy Corbyn
Leyborist Partiyasının lideri Jeremy Corbyn

+++

Parlamentdəki 633 yer üzrə nəticələr bəllidir və Theresa May-in partiyası 308 yer qazanıb. Yəni, o, parlamentdə çoxluqdan ötrü gərəkən 326 yeri qazana bilməyəcək. «Reuters» belə yazır.

BBC Mühafizəkarların 650 yerlik parlamentdə 318 yer, Leyboristlərin isə 267 yer qazanacağını proqnozlaşdırır.

«Sky News» Mühafizəkarların 315-325 arası mandat əldə edə biləcəyini bildirir.

May müxalifətin istefa çağırışlarına cavab olaraq deyib ki, vəzifəsində qalacaq və ölkədə «sabitlik» yaratmağa çalışacaq.

'Fəlakət'

«Reuters» və BBC xəbər verirlər ki, Britaniyanın baş naziri Theresa May-in Mühafizəkarlar Partiyası parlament çoxluğunu itirib. Bununla da ölkə siyasəti, Avropa Birliyindən çıxmaq planları qarışıqlıq dönəminə girmiş olur.

8 iyun parlament seçkisi bitəndən sonra açıqlanmış ekzit-pollar May-in partiyasının öndə getdiyini, ancaq onun parlament çoxluğunu itirə biləcəyini göstərirdi.

Hazırda Mühafizəkarlar 650 yerlik parlamentdə 330 yerin sahibidir, ancaq onların 16 yeri itirəcəyi görünür. Müxalifətdə olan Leyboristlər Partiyasının isə hazırkı 229 yerə əlavə 37 yer qazanacağı ehtimalı var.

Bu halda, partiyaların heç biri çoxluğu əldə edə bilmir.

Britaniya hazırda Avropa Birliyindən çıxmaqla bağlı kritik danışıqlara başlayır.

Ölkə mediası və siyasətçilər vaxtından 3 il öncə keçirilmiş seçkilərin May-ə ciddi zərbə olduğunu deyirlər. Baş nazir parlament çoxluğunu artırmaq ümidiylə seçki çağırmışdı.

«Ekzit-polun nəticəsi düz çıxarsa, bu, Mühafizəkarlar və Theresa May-dən ötrü fəlakətli olar», – Böyük Britaniyanın keçmiş maliyyə naziri George Osborne deyib.

Ancaq Mühafizəkarlar ekzit-polun keçmişdə bəzən düz çıxmadığını da deyirlər.

+++

Birləşmiş Krallıqda parlament seçkilərinin səs sayma prosesi davam edir.

Lakin indidən bəzi ümumi nəticələr görünməyə başlayıb.

Böyük bir ehtimalla baş nazir Theresa May-in mühafizəkarları bu seçkinin nəticəsi olaraq parlamentdəki çoxluğu itirəcəklər.

Bu qəfil və erkən seçkinin keçirilməsinin əsas təşəbbüskarı xanım May-in özü idi. O bildirirdi ki, Avropa İttifaqından sərt bir şəkildə ayrılmanı təmin etmək üçün ona daha böyük bir mandat lazımdır. İndi belə görünür ki, həmin mandat kiçilib.

Müxalif leyboristlər bütün rəy sorğularına rəğmən gözlənildiyindən daha yaxşı nəticə əldə ediblər. Partiyanın lideri, populist-sosialist Jeremy Corbyn baş naziri istefaya çağırıb. Onun fikrincə, Mühafizəkarlar Partiyasının qələbəsinə baxmayaraq, Theresa May etimadı doğrultmayıb.

Bəzi proqnozlara görə, seçki nəticəsində Britaniyanın siyasi praktikasında nadir hallarda baş verən «yellənən parlament» formalaşa bilər. Belə parlamentdə hər hansı qərarların qəbulu xeyli mürəkkəbləşmiş olur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG