Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 16:49

Britaniyanı təhlükəli Avstraliya qripi bürüyür


Britaniyanı təhlükəli Avstraliya qripinin epidemiyası bürüməkdədir. Təkcə son bir həftə ərzində qripə tutulanların sayı 3 dəfə artıb və hər dörd qripli pasientdən biri Avstraliya qripinin qorxulu ştammına yoluxub.

Son statistik rəqəmlərə görə təkcə İngiltərədə 4, 5 milyon insanda “qripəbənzər simptomlar” qeydə alınıb.

Ötən həftə ərzində Birləşmiş Krallıqda 24 nəfər qripdən ölüb.İngiltərə Səhiyyə Agentliyinin məlumatına görə xəstəxanalarda olan qripli pasientlərin sayı bir həftə ərzində 3 dəfə artaraq 1280-dən 3750-yə çatıb.

Britaniya mətbuatı yazır ki, Avstraliya qripi ölkəyə xəstəxana şəbəkəsinin onsuz da təzyiq altında olduğu qış aylarında gəlib. Xəstəxanalara bütün planlaşdırılmış cərrahiyyə əməliyyatlarının bu ayın sonunədək təxirə salınması tövsiyə olunub.

Ən böyük narahatlıq bundandır ki, mövcud vaksinlər qripin bu ştammı qarşısında aciz ola bilər.

Britaniyada bundan əvvəlki pandemiya 2009-cu ildə qeydə alınıb.

Britaniyada yayılmış qripin rəsmi adı H3N2 olsa da, onu əsasən Avstraliya qripi kimi tanıyırlar. Buna səbəb eyni virusun son iki onilikdə Avstraliyada bir neçə epidemiya böhranı yaratmasıdır.

2017-ci ildə Avstraliyada 217 min qripə yoluxma halı qeydə alınıb. Bu, 2015-ci ildəki göstəricidiən iki dəfə çoxdur.

Britaniyada bu qrip virusu üçün nəzərdə tutulmuş vaksin uşaqların üçdə ikisini, böyüklərin isə hər 10 nəfərindən 4-nü qoruya bilir.

Şimali İrlandiya kilsəsi virusun yayılmasının önləmək məqsədilə adamlara əllə görüşməyi qadağan edib.

Ümumiyyətlə isə dünya boyunca ekspertlər bu ilin qışını qrip üçün ən pis fəsil kimi proqnozlaşdırıblar.

Hər il Britaniyada qripdən 8 min nəfər ölür. Bu il bu rəqəmin daha yüksək olacağı gözlənilir.

Qonşu Fransada vəziyyət daha gərgindir. Bu ölkədə qripdən artıq 30 nəfər vəfat edib, xəstəxanalarda 11 min qripli xəstə var.

Avstraliya qripinin simptomları başqa qriplərdən az fərqlənir: boğaz ağrısı, öskürək, baş ağrısı, baş gicəllənməsi, bədəndə zəiflik, titrətmə və əzələlərdə ağrı.

Lakin fərq bundadır ki, Avstraliya qripi zamanı bu simptomlar daha kəskin şəkildə üzə çıxır. Buna görə də ekspertlər adamlara, əgər bir həftə ərzində yaxşılaşma hiss etməsələr, həkimə müraciət etməyi məsləhət görürlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG