Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 04:42

BMT qlobal nüvə təhlükəsizliyini Qazaxıstana 'etibar edir'


Qazaxıstan prezidenti Nursultan Nazarbayev simvolik açarı Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amanoya (solda) təqdim edir

BMT Avqustun 29-da, Beynəlxalq Nüvə Sınaqları Əleyhinə Mübarizə Günündə şərqi Qazaxıstanda aşağı zənginlikli uranın (low enriched uranium) yeni ehtiyat bankının açılışını edib.

Bu bank zəngin uranı olmayan yeni ölkələri belə materialı əldə etməkdən çəkindirməlidir.

Prezident Nursultan Nazarbayev ölkə paytaxtı Astanada keçirilən təntənəli mərasimndə yeni qurğunun simvolik açarını Beynəlxalq Atom Enerjisi Agentliyinin (International Atomic Energy Agency) baş direktoru Yukia Amanoya təqdim edib.

Nazarbayev deyib ki, belə bir ehtiyat bankına ev sahibliyini üzərinə götürməklə Qazaxıstan nüvə silahının yayılmaması prinsipinə daha bir böyük töhfə verib.

Amano ümid etdiyini bildirib ki, 150 milyon dollarlıq ehtiyat bankı nüvə stansiyalarının yanacağa ehtiyacını təmin edəcək.

Atom Enerjisi Agentliyinin bəyanatında deyilir ki, Oskemendə açılmış bank aşağı zənginlikli uranın istehsalı üçün lazımi materiallar bura gətirildikdən sonra fəaliyyətə başlayacaq.

Bu bankda 90 ton aşağı zənginlikli uranın saxlanması nəzərdə tutulub. Bu qədər uran böyük bir şəhəri üç il müddətində enerji ilə təmin etməyə imkan verərdi.

Bu layihənin iştirakçılarından ABŞ-da mənzillənmiş Nüvə Təhlükəsi Təşəbbüsü (Nuclear Threat Initiative) bildirir ki, bu qəbildən ilk olan bank heç bir konkret ölkənin nəzarətində olmayan ilk nüvə anbar olacaq.

Rusiya buna bənzər bankı 2010-cu ildən işlədir, lakin Qazaxıstandakı bank tamamilə Beynəlxalq Atom Enerjisi Agentilinin ixtiyarında olan ilk ehtiyat anbarı olacaq.

Nüvə Təhlükəsi Təşəbbüsü bildirir ki, bu bank nüvə enerjisindən istifadə etmək istəyən ölkələrə yanacaq verəcək və onları özlərinin uranzənginləşdirmə qurğularını yaratmaq işindən azad edəcək.

Bu bankın yaradılmasından başlıca məqsəd dinc nüvə proqramı başlamaq istəyən ölkələri uranzənginləşdirmə qurğularının zəruruliyi bəhanəsindən məhrum etməkdir.

Uranın zənginləşdirilməsi qurğusuna malik ölkələr praktikada bu materialı nüvə silahı üçün yararlı dərəcəyə qədər zənginləşdirmək imkanına malik olurlar.

Bu bankın yaradılmasına lazım olan vəsaitin üçdə birini (50 milyon dollar) ABŞ investoru Warren Buffett verib. Yerdə qalan 100 milyon dolları isə ABŞ, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, Avropa İttifaqı ölkələri, Qazaxıstan və Küveyt təqdim ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG