Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:31

İnsanların 5 faizi narkotik qəbul edir


Narkoman
Narkoman

2015-ci ildə 250 milyon nəfər narkotik maddədən istifadə edib. Onlardan 29.5 milyonu, yaxud dünyanın yetkin əhalisinin 0.6 faizi bu istifadənin «altını çəkib», narkotiklərin yaratdığı pozuntulara, asılılığa düçar olub. Opioid narkotik maddələrin ən zərərli növüdür və narkotik xəstəliklərinin 70 faizi ondan yaranıb. Bu haqda BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) iyunun 22-də açıqladığı Ümumdünya Narkotik Hesabatında deyilir.

Hesabatda bildirilir ki, amfetamindən istifadədən yaranan pozuntuların da xəstəliklərdə payı böyükdür. Yeni psixoaktiv maddələr (NPS) bazarı nisbətən kiçik olduğundan, istifadəçilər bəzən bu maddələrin tərkibindən və dozasından xəbərsiz olurlar. Bu da əlavə sağlıq riskləri yaradır.

HEPATİT C, HIV XƏSTƏLİKLƏRİ

Hesabat onu da üzə çıxarıb ki, dünyada 12 milyon nəfər narkotiki iynəylə qəbul edir və bu da Hepatit C təhlükəsini yüksəldir. Bu saydan hər 8 nəfərdən 1-də (1.6 milyon) HIV, yarıdan çoxunda (6.1 milyon) Hepatit C, 1.3 milyon nəfərdə həm Hepatit C, həm də HIV xəstəlikləri var.

İndi narkotik istifadə edənlər içində hepatitdən ölənlərin sayı (222 min nəfər) HIV-dən ölənləri (60 min) 3 dəfə üstələyir. Ancaq hesabatda o da vurğulanır ki, Hepatit C-nin müalicəsində irəliləyişə baxmayaraq, ona çıxış zəifdir, çünki müalicə bir çox ölkələrdə bahalıdır.

Əfqanıstanda xaşxaş istehsalı
Əfqanıstanda xaşxaş istehsalı

Bu il Ümumdünya Narkotik Hesabatının 20 illiyidir. UNODC-nin baş direktoru Yury Fedotov deyib ki, 2016-cı ildə BMT Baş Assambleyasının xüsusi sessiyasında narkotikdən istifadəyə dair qəbul olunan sənəddə 100-dən artıq konkret tövsiyə nəzərdə tutulub. Hədəf narkotikdən istifadəni azaltmaqdır. Fedotov bu sahədə daha çox iş görülməli olduğunu etiraf edib.

TİRYƏK VƏ KOKAİN BAZARI

Hesabatda opioid bazarının getdikcə daha çox şaxələndiyi vurğulanır. Bəzi dərmanlarsa ya qanuni bazardan çıxarılır, ya da saxta formada buraxılır.

«Tiryək istehsalı güclənir, kokain bazarı çiçəklənir. Ötən il qlobal tiryək istehsalı bir il öncəylə müqayisədə artıb və bunun da əsas səbəbi Əfqanıstanda xaşxaş istehsalının artmaqda davam etməsidir», – hesabatda deyilir.

Qurum kokain bazarının da genişləndiyini qeyd edir. Belə ki, 2013-2015-ci illərdə 30 faiz çox koka ağacı yetişdirilib. Bu, daha çox Kolumbiyada baş verir.

Hesabatda o da qeyd olunur ki, bir müddət düşüşdən sonra kokaindən istifadə iki böyük bazarda – Şimali Amerika və Avropada artıb.

Bütün terrorçu qruplar narkotik gəlirlərindən asılı olmasa da, bəziləri asılıdır. Məsələn, narkotik istehsalı və trefikinqi «Taliban»ın illik gəlirinin, demək olar, yarısını təşkil edir. Elə Əfqanıstanda tiryəkin 85%-i «Taliban»ın nüfuzunun güclü olduğu ərazidə yetişdirilir.

XS
SM
MD
LG