Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:54

İsmayıllının Tubukəndi başqa kəndlərdən nəylə fərqlənir?


İsmayıllıda bir kənd (arxiv fotosu).
İsmayıllıda bir kənd (arxiv fotosu).

“Aradabir gedib dəyib Bakıya qayıdıram. Məmurlardan istəyim odur ki, kənddə şərait yaratsınlar, camaat ev-eşiyinə dönüb heyvandarlıqla, əkinçiliklə məşğul olsun”.

İsmayıllıda bir kənd var - Tubukənd... İndiyədək bu kənddə cəmi 15 ailə, hələ ki, duruş gətirib yaşayır. Əvvəllər daha çox əhalisi olan kənd yavaş-yavaş boşalıb, hərə bir tərəfə dağılışıb. Səbəb də kənddəki sosial durumun ağırlığı, şəraitsizlik, işsizlikdir.

Buna da bax:​ 'Polis qarşımızı almasaydı, 'Ovçular evi' də yerindəydi, şam ağacları da'

QƏSDƏN EDİRLƏR?

Bir neçə il öncəyədək burada yaşamış Sübhan Əliverdiyev AzadlıqRadiosu-nun "Qaynar xətt"inə danışır ki, Bakıya köçüb, burada özünə münasib iş tapıb, ev kirayələyib, ailəsi ilə birlikdə yaşayır. Onu kənddən qaçaq salan səbəblərdən danışır:

"Münbit torpağı, məlhəm kimi havası olan kəndi qoyub tozlu-torpaqlı Bakıya köçməyim səbəbsiz deyil. Kəndimizdə kənd təsərrüfatını inkişaf etdirməyə əlverişli hava, münbit torpaq olsa da, əhalini susuzluq, yolsuzluq, işıqsızlıqla sınağa çəkə-çəkə kənddən uzaqlaşdırıblar. Hərdən mənə elə gəlir ki, bunu bizə qəsdən edirlər. Bu dəqiqə orda evimiz də var, tövləmiz də... Aradabir gedib dəyib Bakıya qayıdıram. Məmurlardan istəyim odur ki, kənddə imkan yaratsınlar, camaat ev-eşiyinə dönüb heyvandarlıqla, əkinçiliklə məşğul olsun. Hamı yaşamaq istəyir".

Buna da bax:​ Veyislidəki köçkünlər suyu pulla alır

NAQİLLƏR ÇÜRÜK-ÇÜRÜKDÜR

Sübhan Əliverdiyevin sözlərinə görə, kənddə yaxşıca heyvandarlıq və əkinçilik işi qurmaq olar. Ancaq burada nəinki suvarmaya, heç içməyə də su tapılmır. Deyir, Tubukənddə insan həyatına verilən dəyəri bilmək istəyən gedib oradakı işıq dirəklərinə baxsa, yetər.

İşıq dirəklərindən kənd sakini Murad Qasımov da danışır. Deyir, elektrik dirəkləri adamın başına yıxılır, naqillər çürük-çürükdür:

"Naqilləri iplərlə çəpərlərə bənd ediblər ki, bir-birinə toxunub qısaqapanma verməsin. Yağışlı havada gedib o çəpərə söykənsən, o dünyalıqsan... Uşaqlar havadan sallanan naqillərin altında oynayırlar. Dirəklər aşmasın deyə, özümüz tez-tez bərkitmə işləri görürük".

Buna da bax:​ Kəlbəcər köçkününün qapısını icra məmurları döyəndən sonra...

SUBSİDİYALAR MÜƏYYƏN ADAMLARA VERİLİR

15 ailə yığışıb pul toplayıb aradabir yollara çınqıl da tökdürürlər. Dolanışığı, əsasən, heyvandarlıqdan çıxan kəndlilər pulsuzluqdan bu sahəni inkişaf etdirə bilmirlər. Demələrinə görə, kənd təsərrüfatının inkişafına müəyyən subsidiyalar elə müəyyən adamlara verilir. Qara-qura kəndliləri pula yaxın da buraxmırlar.

Kənddəki elektrik paylayıcısı da qəzalı vəziyyətdədir. Bu səbəbdən də kənd tez-tez zülmətə bürünür.

Kəndlilər yay-qış suyu başqa kənddən eşşəklə daşıyıb gətirirlər. Kənddə su xətti yoxdur.

Buna da bax:​ Köçkün ailəsi: Çadır qurduq

MƏKTƏB VƏ UŞAQ BAĞÇASI YOXDUR, OLMAYACAQ DA

Bu kənddə bir də uşaqların təhsil problemi yaşanır. Məktəb yoxdur, uşaqlar bir neçə kilometr aralıdakı kəndin məktəbinə gedib-gəlirlər. Qış vaxtı yolları qar-buz bağlayanda isə evdə otururlar. Kəndlilər uşaqları qonşu kənddəki məktəbə aparıb-gətirməyə maşın ayrılması üçün rayon təhsil şöbəsinə və icra hakimiyyətinə müraciət ediblər, problem hələ də həllini tapmayıb.

Bir sözlə, regionların sosial-iqtisadi inkişafı proqramı hələ bu kəndə gəlib çatmayıb.

Buna da bax:​ Qovlar sakini: '6 aydır su maşını suyu nisyə gətirir'

İsmayıllı rayon icra hakimiyyətindən isə "Qaynar xətt"ə bildirilib ki, son illərdə rayon ərazisinə aid olan kəndlərdəki yol, işıq, qaz, məktəb, uşaq bağçası, tibb məntəqəsi problemləri həllini tapır. Tubukənddə isə işıq, su, yol təchizatının yaxşılaşdırılması ilə bağlı əlaqədar qurumlara məktub göndərilib. Kənddə ailələrin sayı az olduğundan məktəb və uşaq bağçası tikilməsi planlaşdırılmayıb. Uşaqların təhsil aldığı məktəblə kənd arasında qıs məsafə olduğu üçün əlavə tədbirlərə ehtiyac yoxdur, icra hakimiyyətindən belə deyirlər.

XS
SM
MD
LG