Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 05:46

Britaniyanın “1 nömrəli saatı” Big Ben 4 illik susdurula bilər


Britaniyanın baş naziri Theresa May deyib ki, Britaniya parlamentinin qülləsindəki saatın 4 il müddətində susdurulması düzgün olmazdı.

Bununla da baş nazir “Londonun səsi” adlandırılan saatın susdurulmasına etiraz edən başqa siyasətçilərə dəstək verib.

157 ildir ki, hər bir saatdan bir zəng çalan saatın və qüllənin təmir işləri ilə əlaqədar onun susdurulması barədə qərar qəbul olunub.

Mütəxəssislər bildirirlər ki, burada təmir işlərinin getdiyi bir vaxtda saatın zəngi yaxınlıqdakı işçilərin həyat və sağlamlığı üçün təhlükə yarada bilər.

Həmkarlar İttifaqının səhiyyə təmsilçisi Hugh Robertson deyib ki, 14 tonluq zəngin yaxınlığında olmaq çox təhlükəlidir. Zəngin səsi təxminən 120 desibelə çatır.

“Bu saatın yanında dayanmaq qulağını polis sirenasına söykəmək kimi bir şeydir” – deyib Robertson.

May Reuters agentliyinə deyib ki, “əlbəttə, adamların təhlükəsizliyi mühüm məsələdir, lakin Big Ben-in 4 il müddətində susdurulması düzgün olmazdı.”

Baş nazir ümid etdiyini bildirib ki, “parlamentin spikeri bu məsələni nəzərdən keçirəcək və biz qarşıdan gələn 4 ildə də Big Benin səsini zənglərini eşidəcəyik.

Big Benin zəngləri ölkənin baş teleradio yayınçısı BBC-nin xəbər proqramlarının musiqisinə daxil edilib və britaniyalılar dünyanın harasında olmalarından asılı olmayaraq onu eşitməyə adət ediblər.

Rəsmən Elizabeth Qülləsi adı ilə tanınan bu qala və onun üstündəki saat Britaniyanın fotosu ən çox çəkilən binası sayılır.

Winston Churchill-in heykəli Big Benin qonşuluğundadır
Winston Churchill-in heykəli Big Benin qonşuluğundadır

Başqa rəsmilər Big Benin susdurulması barədə daha sərt danışıblar. Britaniyanın Avropa İttifaqından ayrılması danışıqlarına cavabdeh – Brexit naziri David Davis baş saatın susdurulmasını “divanəlik” adlandırıb.

Başqa bir mühafizəkar millət vəkili Nigel Evans təklif edib ki, saatın zəngləri hər axşam, təmir işləri dayananada işə salınmalıdır.

Böyük Saatın Baxıcısı Steve Jaggs elan edib ki, Big Ben avqustun 21-də səhər saat 11-də son dəfə zəng çalacaq. O ictimaiyyəti zənglərlə dörd illik vidalaşma mərasiminə dəvət edib.

Qərara görə Big Ben bir də 2021-ci ildə zəng çalacaq. Bu dörd il ərzində saatın yalnız Yeni il gecələri zəng çalması nəzərdə tutulub.

Big Ben Vestminister Sarayının şimal qurtaracağında yerləşən Böyük Zəngin ləqəbidir. Bu ad həm saata, həm də qülləyə aid edilir.

Əvvəllər yalnız Saat Qülləsi kimi tanınan tikilinin adı 2012-ci ildə kraliça 2-ci Elizabeth-in Brilyant Yubileyi münasibətilə dəyişdirilərək Elizabeth qülləsi olub. Lakin bu addan demək olar, heç kəs istifadə etmir.

1859-cu ildə işə salınanda Big Ben dünyanın ən dəqiq qüllə saatı sayılırdı.

Big Ben (Böyük Ben) adının saata necə verildiyi barədə mübahisələr var. Tarixçilərin bir qismi hesab edir ki, ad lord Benjamin Hall-un adından götürülüb. Saatın qülləyə yerləşdirilməsi işlərinə məhz o cavabdeh idi.

Bu versiya heç də hamılıqla qəbul olunmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG