Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 01:58

Beynəlxalq İtkinlər Günü: 'Cəsədi verəndə ailə buna o qədər sevinmişdi ki...'


İtkin düşmüş neftçilərin xatirəsinə

“İndiyə kimi unutmadığım bir xanım var. O, hər gün zəng edirdi. Oğlu 1993-cü ilin noyabrında döyüşlərin birində itkin düşmüşdü. Sağ qalma ehtimalı çox az idi. Biz də təxmini bilirdik ki, o məlum döyüşlərdə həlak olub. Amma o qadın hər gün bizim ofisə zəng vurur, heç olmasa, 10-15 dəqiqə ağlayırdı. Biz sonra dəqiqləşdirmə apardıq və heç olmasa, 90 faiz həmin oğlanın döyüşdə həlak olduğuna əmin olduq. Amma bunu o anaya deyə bilmədim. İndiyə kimi də deyə bilmirəm. Çünki tam əmin deyilik. Gərək onun cəsədini bura gətirəsən, DNT analizi verəsən... Yalnız tam əmin olandan sonra deyəsən ki, oğlunuz həlak olub”.

İtkin düşənlərin və hərbi əsirlərin axtarışı ilə məşğul olan beynəlxalq işçi qrupun keçmiş koordinatoru Əvəz Həsənov 30 avqust – Beynəlxalq İtkinlər günündə bu əhvalatı AzadlıqRadiosu ilə bölüşür. O danışır ki, çox ağrılı hadisələrə şahid olub, amma bu əhvalatı hələ də unuda bilmir.

Buna da bax:​ İtkin neftçilərin yaxınları narazıdır

“SEVİNİRDİLƏR Kİ, DƏFN EDƏCƏKLƏR”

“İnsanlar hər gün eyni ümidlə, eyni arzuyla xəbər gözləyirdilər. Bu hadisə indiyə kimi məni narahat edir”, – deyə xatırlayır.

“Amma xoş xəbər verdiyiniz də olub yəqin” soruşduqda “Əlbəttə” cavabını verir və əlavə edir: “Kiminsə cəsədini gətirmişik, ailə buna çox sevinib və ya kiminsə ölüm xəbərini tam dəqiqləşdirib demişik buna da seviniblər ki, gözləri yollardan yığılacaq. Füzuli tərəfdə bir nəfərin cəsədini alıb verəndə ailə buna o qədər sevinmişdi ki... kürəkənlərini heç olmasa, dəfn etmək imkanları var deyə...”

Əvəz Həsənov
Əvəz Həsənov

Amma bu cür “bəxtigətirməyən”, hələ də gözü yollarda qalanlar, doğmasının “öldümü-qaldımı” xəbərini gözləyən ailələr var. Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi zamanı 3 min 868 nəfər itkin düşüb. Bu haqda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir. İtkin düşənlərin 3 min 126 nəfəri hərbçi, 742 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 62 nəfəri uşaq, 262 nəfəri qadın, 302 nəfəri qocadır.

Həmin şəxslərin axtarışı davam etdirilirmi? Bir il öncə Dövlət Komissiyası itkinlərin siyahısını dəqiqləşdirdiyini bəyan etmişdi. Eləcə də döyüşlərin getdiyi bölgədə təxminən 160 naməlum məzara baxış keçiriləcəyi bildirilmişdi. Ancaq avqustun 30-da rəsmi qurumdan suallara cavab almaq mümkün olmadı. Rəsmi məktubla müraciətdən sonra cavab verəcəklərini söylədilər.

Buna da bax: Komissiyadan naməlum məzarlarla bağlı xəbərdarlıq

“ELDAR MAHMUDOVUN BUNA CİDDİ HƏVƏSİ YOX İDİ”

O zaman AzadlıqRadiosu suallarını İtkin düşənlərin və hərbi əsirlərin axtarışı ilə məşğul olan beynəlxalq işçi qrupun keçmiş koordinatoru Əvəz Həsənova yönləndirir:

– Əvəz bəy, Azərbaycanda itkin düşənlərin axtarılması sahəsində durum necədir?

– Azərbaycanda itkin düşmüş, əsir, girov götürülmüş şəxslərin axtarılması ilə bağlı kifayət qədər fundamental iş görülsə də, bu birtərəflidir. Onların axtarışı üçün siyahılar, valideynlərinin, özlərinin haqqında məlumatlar dəqiqləşdirilir, ailə üzvlərindən DNT analizi üçün nümunələr, şəkillər götürürlər, əlamətlərini öyrənirlər və s. Bəs iş niyə birtərəflidir, onu deyim. Ermənistan tərəflə iş aparılmasa, Azərbaycanın gördüyü iş Ermənistanda dəstəklənməsə, təbii ki, ciddi effekti olmayacaq. Azərbaycanda əsir, girov götürlən, itkin düşən şəxslərin siyahısını elan etsən də, axtarış Ermənistanda aparılmayacaqsa, bu effekt verməyəcək. Qalan məsələlərlə bağlı isə iş öz axarında, öz qaydasında gedir. Hökumət Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə işləyir, itkin düşmüş şəxslərin siyahısını onların valideynləri, qohumları vasitəsilə dəqiqləşdirir. Bu iş 6-7 ildir davam edir, müəyyən uğurlar, nəticələr də var. Dövlət Komissiyası, onun rəhbərliyi yenilənib. Yeni rəhbərlik bu işin öhdəsindən gələ bilir, məncə.

Buna da bax:​ Azərbaycan əsgəri əsir götürülüb? [yenilənib]

– Dediniz ki, effektiv nəticə üçün Ermənistanla işləmək lazımdır. Səbəb nədir, Ermənistan Azərbaycanla əməkdaşlığı rədd edir, ya Azərbaycan Ermənistanla işbirliyi qura bilmir, ya da istəmir?

– Demək olar, uzun müddətdir komissiyalar arasında əməkdaşlıq yoxdur. Müxtəlif dövrlərdə tərəflər arasında yalnız görüşlər olub. Bu zaman Qırmızı Xaç komitəsi də, İtkin düşənlər və hərbi əsirlərin axtarışı ilə məşğul olan beynəlxalq işçi qrup da iştirak edib. Müəyyən məlumatların, məktubların mübadiləsi olub. Sonradan Dövlət Komissiyasının rəhbərliyi dəyişdi, həm də komissiya rəhbərliyinin təcrübəsi yox idi. Keçmiş nazir Eldar Mahmudovun vaxtında Ermənistanla işləmək, əməkdaşlıq yönündə ciddi həvəsi yox idi. Ona görə də iş dayandı. Yəni əvvəlki nazir Namiq Abbasovun vaxtında müəyyən imkanlar vardı, onlar bu işin əhəmiyyətini başa düşürdülər. Məncə, indiki rəhbərlik işin vacibliyini anlayıb yenidən cəhdlər edəcək. Bizim işçi qrupun yenidən Bakıya gəlməsi, uzun müddətdən sonra onun Ermənistana və Dağlıq Qarabağa səfər etməsi də göstərir ki, bu münasibətlərin vasitəçilərin iştirakı ilə qurulmasına ehtiyac var. Biz hesab edirik ki, işçi qrupların Ermənistanda görüşlər keçirməsinə, məlumat mübadiləsi aparmasına ehtiyac var. Biz həmişə Azərbaycan hökumətinə tövsiyə edirdik ki, siz komissiyalar səviyyəsində əməkdaşlıq etsəniz daha effektiv nəticələr əldə edə bilərsiniz.

Buna da bax: İtkin düşmüşlərin taleyi müzakirə olundu

Əvəz Həsənov: "Əvvəlki nazir Namiq Abbasovun vaxtında müəyyən imkanlar vardı..."
Gözlə

No media source currently available

0:00 0:13:32 0:00
Direct-ə keçid

– Sizin təmsil olunduğunuz İşçi Qrup da bir müddət fəaliyyətini dayandırmalı olmuşdu. Yenidən fəaliyyətə başlayıb?

– Artıq qurum bu ilin yanvarından bölgədə fəaliyyətini bərpa edib. İşçi Qrupun həmsədrlərinin iki dəfə Bakıya, bir dəfə Qarabağa səfərləri oldu. Bakıya gələrək hökumətə məlumat verdilər. Hazırda konkret əsir düşən şəxslərlə bağlı müzakirələr gedir, amma gələcəkdə bizim də müdaxiləmizə ehtiyac olarsa, münaqişə dövründə itkin düşənlərlə bağlı işləyə bilərik.

– Əvəz bəy, aradan 30 ilə yaxın vaxt ötür. Sizcə, bu müddətə itkin düşənlərdən kiminsə sağ qalmasına və ya onlarla bağlı ipuclarının, izlərin qalmasına ümid etmək olarmı?

– Biz qurum kimi daha çox insanların həyatlarının xronologiyasının müəyyənləşdirilməsi ilə məşğul olurduq. Döyüşlərdə, 1994-cü ildəki əməliyyatlarda itkin düşən insanların həyatlarının hara qədər davam etməsi haqda məlumatları dəqiqləşdirirdik. Bu məlumatları da hökumətə verirdik. Təbii ki, biz o siyahıdan kimisə tapmağa çox ümid edirik. Bundan ötrü ciddi iş getməlidir. Bu bir qrupun, bir QHT-nin işi deyil. Bundan ötrü arxivlərdə iş aparılmalıdır, döyüş bölgələrinin yeri araşdırılmalıdır, döyüş prosesləri təhlil olunmalıdır, itkilərlə bağlı təsəvvür formalaşmalıdır. Bu, artıq detektivlərin işidir. Çox şey şahidlərin artıq yadından çıxır, bəziləri həyatdan köçüb, bəziləri ölkədən gedib. Bütün bunları araşdırandan sonra demək olar ki, biz nə qədər insanın geri dönməsinə ümid edə bilərik və ya nə qədəri həyatını itirib.

Buna da bax: 197 Xocalı sakini itkin sayılır

– Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Eldar Səmədov ötən il mətbuata deyib ki, həmin dövrdə əsir, girov götürülən 873 nəfərin özü və yeri ilə bağlı onlarda bilavasitə məlumatlar var, ancaq Ermənistan bu haqda məlumat verməkdən imtina edir. Sizdə də bu cür məlumatlar vardımı?

– Biz məhz həmin məlumatların dəqiqləşdirilməsi ilə məşğul idik. Azərbaycanda təxminən 4 min nəfər itkin düşüb, 800 nəfərlə bağlı dəqiq məlumatlar var ki, kimlər harda əsir götürülüb, harda kimlər saxlayıb. Bu məlumatlar şahidlər və informasiya sızmaları nəticəsində toplanıb. Biz məhz o 800 nəfərin taleyinin araşdırılması ilə məşğul idik. Hökumət bizə ünvanı, faktı verirdi, biz də həmin bölgəyə gedirdik, həmin ünvandakı adamla danışırdıq, dəqiqləşdirmə aparırdıq ki, filan vaxt bu adda, bu nişanda bir nəfəri saxlamısınızmı. Bu, asan iş deyil. Bəzən faktlar təhrif olunurdu, bəzən o adamlar azərbaycanlı əsiri gördüklərini desələr də, sonrakı taleyindən xəbərsiz olduqlarını söyləyirdilər, bəzən inkar edirdilər. Ancaq hər halda Azərbaycan hökumətinin məlumatları əsaslı, dəqiq olurdu. Bəzən yanlış da çıxırdı. O da var ki, insan əşya deyil bir yerdə qoyasan, orda da qala. Sonradan onu kiməsə verə bilərlər, adam qaça bilər, yəni hər şey ola bilər. Biz bunu araşdırıb nəticələri hökumətə təqdim edirdik. Gələcəkdə Ermənistanla əməkdaşlıq alınsa, Azərbaycan tərəfdə bir çox faktlar, ifadələr, ünvanlar var və sistem əsasında işləmək olar.

Buna da bax:​ Azərbaycanda Ermənistan hərbçilərinin meyitləri yoxdur?

– Ermənistan tərəf Azərbaycanı itkinlərlə bağlı dəqiq məlumat verməməkdə ittiham edirdimi? Azərbaycan özü bu məsələdə necə davranır?

– Təbii ki, Ermənistanın da axtardığı insanlar var, ora səfər edəndə bizə ünvanlar verirdilər və biz qayıdıb Bakıda bunları araşdırırdıq. 1994-1995-ci ildə verilən ünvanlardır. Gəlib soruşurdun, deyirdi ki, belə bir adam haqda eşitmişəm, filankəslə dəyişmək istəyirdim, amma onu saxlamamışam, yerini bilmirəm və s. Bu adamların məlumatları vasitəçilərə verilirdi.

BQXK: “Əsas məqsəd...”

1992-ci ildən Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyindən AzadlıqRadiosu-na bildirirlər ki, qurum itkin düşənlərin talelərini aydınlaşdırmağa yardım etməkdə davam edir.

Buna da bax: Şirməmməd Hüseynov: 'Araşdırılmalıdır Mehman Əliyev qanunçuluğu pozub, ya pozmayıb'

“2014-cü ildən etibarən BQXK itkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin toplanması fəaliyyətini həyata keçirir. Bu, 2008-2011-ci illər arasında itkin düşmüş şəxslər haqqında ətraflı məlumat toplanması layihəsinə əlavədir. Əsas məqsəd bu məlumatları toplayaraq onları gələcəkdə itkin düşmüş şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün istifadə etməkdir”, - qurumdan deyilir.

BQXK həmçinin itkin düşmüş şəxslərin ailələrinə psixoloji yardım göstərir. 2012-ci ildə Bakı nümayəndəliyinin start verdiyi Müşayiət Proqramı vasitəsi ilə 3000-dən çox insana psixo-sosial dəstək göstərildiyi qeyd olunur.

“Mən hər gün yeni bir xəbər ümidi ilə yaşayıram”

Komitənin Bakı nümayəndəliyi avqustun 30-da - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar tədbir keçirib. Tədbirdə BQXK-nın itkin düşmüş şəxslərlə iş üzrə regional nümayəndəsi, Daniel Messerli deyib: “Silahlı münaqişələr zamanı hərbi və ya mülki şəxs olmasından asılı olmayaraq, bütün itkin düşmüş şəxslərin ailələri əziyyət çəkirlər. Hətta bu vəziyyət həmin şəxslərin həyatını itirməsi ilə barışmaqdan daha çətindir”.

Dağlıq Qarabağ münaqişəsində 28 ailə üzvü itkin düşən Əsli Məmmədova həmin tədbirdə “Əzizlərinin itkin düşməsi ilə yaşamaq onların həyatını itirməsini qəbul etməkdən daha çətindir” söyləyib. “Mən hər gün yeni bir xəbər ümidi ilə yaşayıram”.

Günün bütün mövzuları

XS
SM
MD
LG