Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:43

“Ərəblər ötən minilliklərdə ilişib qalıblar


William Seward Burroughs
William Seward Burroughs

və elə bilirlər televizorun köməyilə müasir dövrə düşə bilərlər".

-

"Paris dünyanın ən iyrənc şəhərlərindən biridir. Orda yemək məsələsi dəhşətdir, ya çox bahalıdır, ya da yeyiləsi deyil. Fransızlardansa heç xoşum gəlmir".

Amerika yazıçısı William Burroughs (Uilyam Berrouz) “Esquire” jurnalına öz həyat qaydalarını açıqlayır.

Mən həm yazıçıyam, həm də bütün həqiqi yazarlar kimi keşişəm.

Mənim babam kassa aparatı ixtira edib. Aparatın özünü yox, porşenini. Babamın ixtirasına görə həmişə mənim də cibimdə pul olub.

Harvardda oxumaq darıxıdırıcıydı, oranı bitirib uğurlu reklamçı, ya da başqa bir peşə sahibi olmaq, bir sözlə Harvard məzununun həyatını yaşamaq istəmirdim. Və beləliklə meylimi narkotiklərə saldım.

Narkomanlar həyatda gördüyüm ən darıxdırıcı adamlardır.

Narkotikdən necə istifadə etməyinin fərqi yoxdur, istəyirsən iylə, istəyirsən çeynə, istəyirsən bir yerinə sox, nəticə dəyişilməzdir – asılılıq.

Hallüsinogenlər heroindən təhlükəlidir. Mən LSD-nin təsiri altında özünü pəncərədən atmaq istəyən adamlar görmüşəm, amma heroin iyləyənlər eləcə yerində oturub ayaqlarının baş barmaqlarına baxırlar.

Meksikaya həm də ona görə gəldim ki, orda narkotik tapmaq çox asan idi, Amerikada isə artıq vəziyyət dəyişmişdi.

William Burroughs
William Burroughs

Ona görə yazıçı olmağa qərar verdim ki, yazıçılar varlı və məşhur olurlar.

Adama yazıçı olmağı öyrətməyin mümkünlüyünə şübhə edirəm. Bu ona bənzəyir ki, tələbəni yanına çağırıb deyəsən: “Daha tez-tez tələbə iğtişaşları törətmək, daha çox zor işlətmək lazımdır”.

Coanın (Coan Vollmer - Berrouzun arvadı – “Esquire” ) ölümü məni hazırlıqsız haqlamasaydı, yazmağa başlamazdım. Həyatım boyu şeytandan yaxa qurtarmağa çalışmışam. Coanın ölümü məni Çirkin Ruhun əlinə saldı, mən gecə-gündüz onunla mübarizə aparıram və bircə xilas yolum var - yazmaq.

Bəli, şər mövcuddur və şeytanın əsiri olmaq, eksorsizm məsələləri məni çox düşündürür. Niyə şeytan adamların içinə girir, niyə çıxıb getmək istəmir? Ona görə ki, bu onların cəhənnəmdən çıxması üçün yeganə yoldur. Onlar insana hakim olur, ona yapışıb qopmurlar. Çünki insanlar onların cəhənnəmdən çıxmaq üçün biletləridir.

Yazarlar eynilə fillər kimidirlər. Pis şeyləri uzun müddət unutmurlar. Elə şeylər var ki, onları unutmaq üçün hər şeyimi verərdim.

Dil yadplanetlilərin gətirdiyi virusdur.

Narkomanlıq təcrübəm yazıçı karyeramda mənə çox kömək olub. Yazıçı - başqalarının xeyir görə bilmədiyi şeylərdən xeyir götürə biləndir.

Qaldığın evin sahibini istədiyin qədər aldat, amma heç vaxt ilham pərini xalturalarla aldatma.

Özümü işləməyə kökləmirəm, bu sadəcə içimdən keçir. Tam tənhalıqda olmaq, məni kimsənin narahat etməyəcəyini və irəlidə hələ yazmağa səkkiz saat boş vaxtımın olduğunu bilmək mənimçün cənnətdir.

Yazarkən mənə yazı makinəsi və qayçı lazım olur.

Sənətin əsas vəzifəsi insanlara, fərqində olmadıqları nələrisə bildiklərini xatırlatmaqdır.

William Burroughs
William Burroughs

Ümumi narkozdan zəhləm gedir, ondan yaman qorxuram.

Mənə damar şuntlaması əməliyyatı edəndə, həkim dedi: “Bu morfidir”. Mən də dedim ki: “Əla, vurun, mənim əzizlərim”. Həkim xəstəlik tarixçəmə beləcə yazdı: “Cənab Berrouza ürəyi istədiyi qədər morfi vurulsun”.

Elə insan arzusu yoxdur ki, Hollivud onu iyrənc parodiya səviyyəsinə endirə bilməsin.

Bu dünyada hər kəs öz işini görüb, başqalarının işinə burnunu soxmasaydı yaşamaq xeyli asan və firavan olardı.

Pişiklər boğuşanda az qala həmişə davanı başlayan pişik qalib gəlir. Amma dava lazım olandan çox uzananda pişik utanıb-sıxılmadan məğlubiyyətini qəbul edir, diz çökür, itlərsə axmaq kimi ölənə qədər savaşırlar. Mənim keçmiş ciyu-citsu (şərq döyüş növu – tərc.) müəllimim deyirdi, “əgər fəndin alınmadısa, aradan çıx, oğlum”.

Siyasətçilər, həqiqəti deyin, sonra isə həmişəlik mumlayın.

Mənim xoş qarşılayacağım bircə siyasi addım varsa o da Amerika və Çinin ittifaqıdır. Kaş çinlilər buna razı olaydılar.

Ərəblər ötən minilliklərdə ilişib qalıblar və elə bilirlər televizorun köməyilə müasir dövrə düşə bilərlər.

Paranoik ətrafında baş verənlərdən az-maz baş çıxaran adamdır, psix isə hər şeyi tam anladığını düşünəndir.

Həyat heç kimin deyil, amma ölüm tavanın qulpundan yüngülcə yapışmağı bacaran istənilən adamındır.

Sükut ancaq boşboğazlar üçün qorxuncdur.

Biz bu dünyanın əvvəlini görməmişik, axırını da çətin görək. Bizim dünya haqda biliklərimiz səthi və nisbidir.

ABŞ-da ya dəli olacaqsan, ya da darıxmaqdan öləcəksən.

Bədbəxtliyin qarşısını almağın ən yaxşı yolu, onu öncədən görməkdir.

Biz seks haqda heç nə bilmirik. O nədir? Niyə o həzz verir? Həzz özü nədir? Gərginlikdən xilas olmaqdırmı?

Eynicinsli seks zamanı tərəf müqabilinin nə hiss etdiyini tam başa düşə bilirsən, çünki özünü onun yerinə qoya bilirsən, heteroseksual münasibətdə isə, qarşındakının nə hiss etdiyini zərrəcə də anlaya bilmirsən.

Sevgi nədir? Dünyanın ən təbii ağrıkəsicisi.

Sevgi zəhlətökən bir melodiya kimidir. Onu oxumağı heç cür öyrənə bilmirsən və heç vaxt öyrənə bilməyəcəyindən qorxursan.

Yaşamaq mültəq deyil. Səyahət etməksə vacibdir.

Paris dünyanın ən iyrənc şəhərlərindən biridir. Orda yemək məsələsi dəhşətdir, ya çox bahalıdır, ya da yeyiləsi deyil. Fransızlardansa heç xoşum gəlmir.

Əgər televiziya bizim əlimizdə olsaydı, Amerikanı biz idarə edərdik.

Məndən olsa bütün bu axmaq orta təbəqəni məhv edərdim.

Böyüməyi dayandıran kimi ölməyə başlayırsan.

Mənim heç vaxt evim hesab etdiyim bir yerim olmayıb. Bəlkə mən yadplanetliyəm?

Əsl dost - biz öləndən sonra pişiyimizin qayğısına qalacaq adamdır.

Kiminsə mənə nifrət etməsi vecimə deyil, ümumiyyətlə bir çoxlarının məni həzm edə bilmədiyini düşünürəm.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG