Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:51

Ukrayna 'berkutçu'ları necə rus qvardiyaçısı oldular


Sergey Kusyuk
Sergey Kusyuk

İyunun 12-də Moskvanın Tverskaya küçəsindəki antikorrupsiya aksiyası zamanı OMON-çular arasında Kiyev «Berkut»unun keçmiş komandiri Sergey Kusyuk gözə dəyib. Kusyuk-un rəhbərlik etdiyi xüsusi təyinatlı dəstənin döyüşçüləri Maydan iştirakçılarını döyür və həbs edirdilər. İndi həmin şəxs Rusiyanın milli qvardiyasında xidmət edir.

UKRAYNADA ONU YAXŞI TANIYIRLAR

Moskvadakı aksiyada jurnalist Aleksei Abanin-i fotoaparatını və sifətini sındırmaqla hədələyən digər bir OMON-çu isə Luqanskdan başqa bir «berkutçu» ola bilər.

Currenttime.TV yazır ki, S.Kusyuk-u Ukraynada yaxşı tanıyır və xatırlayırlar. Burada o, axtarışa verilib. Onu vəzifə səlahiyyətlərini aşmaqda və mitinqin keçirilməsini əngəlləməkdə ittiham edirlər. Kiyev şəhər Polis İdarəsinin məlumatına görə, Kusyuk 2013-cü il noyabrın 30-da Avromaydan fəallarının ilk dəfə qovulmasına şəxsən rəhbərlik edib.

Səhər saat 4-ə yaxın ərazini Yeni il yolkasına görə təmizləməkdən ötrü meydana tikinti texnikası daxil olub. Çadırlarda gecələmiş fəallar traktorların qarşısını almağa başlayanda «berkutçu»lar etirazçılara hücum ediblər. Həmin hadisələrin videoçəkilişlərindən görünür ki, onlar ucdantutma hamını döyüblər. Bir neçə jurnalist də döyülənlər arasında olub. Döyüldükdən sonra onların əlindən qaçıb həyətlərə girən fəalları tutub yenidən döyürdülər.

30 NƏFƏR RUSİYAYA QAÇIB

Növbəti gün Kusyuk adamları döymək əmrini verdiyini inkar edib. O deyib ki, fəalların özləri döyüşçüləri təhrik ediblər.

Bundan sonra polkovnik Kusyuk daha bir neçə dəfə Maydanda görünüb. O, mitinqlərə mülki geyimdə gəlir, aksiyaları güc yoluyla dağıtmağa cəhd edən «qara paltarlılar»a rəhbərlik edirdi. Təsdiqlənməmiş məlumatlara görə, təxribatların təşkilində də onun əli ola bilərdi. Bu təxribatlardan sonra «Berkut» Bank küçəsində etirazçılara hücum edib. 2015-ci ildə Kusyuk Ukraynadan Rusiyaya qaçıb.

Kusyuk Ukrayna DİN-in Rusiyaya qaçmış yeganə əməkdaşı deyil. DİN Maydan hadisələrindən sonra Rusiyaya qaçmış milis əməkdaşlarının dəqiq sayını bildirmir. Kiyev şəhər Polis İdarəsinin məlumatına görə, axtarışda olanların, demək olar, 30 nəfəri Rusiyaya qaçıb. Ukraynanın «Yol nəzarəti» hərəkatının fəalları isə Kusyuk-la birlikdə daha 62 «Berkut» əməkdaşının qaçdığını deyirlər.

VƏTƏNDAŞLIQ ALANLAR VAR

Qaçanlardan birinin Igor Stadnichenko olduğu bildirilir. O, Həştərxana qaçıb. Videomüraciətində Maydanda etirazların dağıdılmasında iştirakından danışır. O deyir ki, onlara «qızıl dağları vəd etsələr də, sonda tamamilə tərk ediblər». Onun sözlərinə görə, Kiyevdən çıxmaq çox çətin olub. «Ancaq yaxşı ki, komandir bizi çıxardı», – o deyir.

Rusiyada Stadnichenko-nu qaçqın elan ediblər. O, burada vətəndaşlıq alıb və yerli polisdə işləmək istəyini bildirib.

Bu ilin aprelində Maydan işinə görə cinayət işi açılmış daha dörd «berkutçu» Rusiyaya gedib. Onlardan ikisi qətl törətməkdə ittiham olunur.

ÜZLƏRİNİN GÖRÜNMƏSİNİ İSTƏMƏYƏN «OMON»ÇULAR

Hələ 2014-cü ilin fevralında Rusiya DİN öz saytında Ukrayna milisinin keçmiş əməkdaşlarını işə götürməyə hazır olduğunu bildirmişdi. Növbəti gün Moskva şəhər daxili işlər idarəsi keçmiş «Berkut» döyüşçülərindən ayrıca dəstə yaratmaq niyyətini açıqladı.

Tverskaya küçəsindəki etirazlardan sonra bəzi bloqqerlər dəbilqələrinin şüşəsinə streç-plyonka yapışdırılmış polis əməkdaşlarının keçmiş «Berkut» əməkdaşları olduğu ehtimalını irəli sürüblər. Bunu sübut etmək çox çətin olsa da, görünən odur ki, bəzi OMON-çular üzlərinin görünməsini istəməyiblər.

2014-cü ildə Rusiyanın mərkəzi kanalları keçmiş «Berkut» döyüşçülərinin Moskva polisində xidmətə başlamazdan öncə Rusiyaya sədaqət andı içməsi mərasimini göstərib. Rusiyanın güc strukturlarına bağlı mənbə Currenttime.TV-yə bildirib ki, Ukraynadan gələnləri ştata yerləşdirmək üçün son anda bir sıra əməkdaşları kobud şəkildə işdən çıxarıblar. Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev «berkutçu»lara Ukraynadakı maaşlarından iki dəfə artıq məvacib söz verib. Odur ki, Maydanda aksiyaları dağıdanlar indi Moskva OMON-unun ən çox maaş alan döyüşçüləridir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG