Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 17:55

Belarus hökuməti ‘çox içənlərə son xəbərdarlığını’ edir


Belarus alkoqol istehlakına görə lider ölkələrdən biridir

AzadlıqRadiosunun müxbiri Pete Baumgartner yazır ki, Belarus bir çox illər ərzində alkoqollu içkilərin istehlakına görə lider ölkə sayılıb. Ölkə Səhiyyə Nazirliyinin 2016-cı il üçün məlumatına görə 9, 5 milyonluq Belarus əhalisinin təxminən 2 faizi ya alkoqolik, ya da alkoqolla bağlı psixoz xəstəsi hesab olunur.

Bu arada Belarus Daxili İşlər Nazirliyinin verdiyi məlumatda deyilir ki, ölkə üzrə bütün cinayətlərin 25 faizi sərxoş adamlar tərəfindən törədilir. Qətl və qarət kimi ağır cinayətləri törədənlərin arasında isə belə şəxslər 70-80 faiz təşkil edirlər.

Alkoqolun aşırı istehlakına görə Belarus həm də son araşdırmada dünyanın 4 ən qeyri-sağlam ölkəsindən biri kimi xaraketrizə edilib.

Bu həyəcanlı və kədərli statistika Belarus hökumətini hərəkətə keçməyə məcbur edib. Hökumət aşırı alkoqol istehlakının qarşısını almaq məqsədilə bir sıra sərt tədbirləri nəzərdən keçirir.

Bu tədbirlərin arasında spirtli içkilərin fərdi satışı üçün minimum yaş həddinin 18-dən 20-yə, hətta 21 yaşa qaldırılması da var. Bundan başqa spirtli içkilərin satış yerlərinin məhdudlaşdırlması və mağazalara spirtli içkilərin satışı üçün vaxt limitinin qoyulması da nəzərdən keçirilir.

“Çox çətin, çətin problem”

Bu məsələ, özünü “çox az içən birisi” kimi təqdim edən prezident Alyaksandr Lukaşenkanı dekabrın 8-də Minskdə keçirilən həmkarlar yığıncağında spirtli içki istehlakının ölkə üçün “çox çətin, çətin problem” olduğunu etiraf etməyə vadar edib.

O eyni zamanda həmvətənlərini “azad və fəal həyat tərzinə” daha çox fikir verməyə, içkini azaltmağa, yalnız müəyyən əlamətdar hadisələr, məsələn yeni bizneslərin açılması zamanı içməyə çağırıb.

Belarus keçmiş sovet respublikaları arasında alkoqol problemi olan yeganə ölkə deyil. Litva, Rusiya və Belarusla birlikdə dünyanın ən çox alkoqol içən ölkələrinin ilk beşliyinə daxildir.

Prezident yalnız əlamətdar tədbirlərdə içməyə tərəfdar olduğunu deyir
Prezident yalnız əlamətdar tədbirlərdə içməyə tərəfdar olduğunu deyir

Litva yanvarın 1-dən spirtli içkilərin fərdi alıcıları üçün ninimum yaş həddini 18-dən 20-yə qaldırıb.

Dekabrın əvvəllərində Rusiyadakı Zabaykalye diyarının səhiyyə şöbəsi bildirib ki, bu regionun 1 milyonluq əhalisinin 2 faizi alkoqolizmlə bağlı xəstəliklərdən əzab çəkir.

İki il əvvəl bu ərazidə spirtli içkilərin axşam 8-dən sonra satışı qadağan olunmuşdu. İndi Belarus da belə bir tədbirə əl atmaq istəyir.

Lakin belə görünür ki, satış saatlarının məhdudlaşdırılması alkoqolizmin qarşısının alınmasında elə də ciddi rol oynaya bilmir.

Ciddi sosial problemlər

Zabaykalye diyarının səhiyyə rəhbəri Sergey Davıdov deyib ki, alkoqolizm ağır sosial problemlərin törəməsidir. Bu problemlərin arasında maaşların və həyat səviyyəsinin aşağı olması da var.

Belarusun Daxili İşlər Nazirliyi hökumətin alkoqolizmə qarşı planlaşdırdığı tədbirləri internet səsverməsinə qoyub.

Bu sorğunun nəticələri ölkənin antialkoqol qanununun işlənməsi zamanı nəzərə alınmalıdır.

Nazirliyin sualları alkoqol satışının saatlarına və yerlərinə də aiddir.

DİN iddia edir ki, Belarusda spirtli içkilərin satış yerləri həddən artıq çoxdur. Statistikaya görə hər 600 belarusa bir içki satan mağaza düşür. Halbuki Norveç və İsveç kimi ölkələrdə bu rəqəm 4500-dür.

İnternet sorğusunda spirtli içkilər üçün minimum alıcı yaşının 18-dən 20-yə və hətta 21-ə qaldırılmasının məqsəduyğunluğu da sual edilir.

Alıcı yaşının 21-ə qaldırılması Belarusu Avropada spirtli içkilərin satışı üçün qoyulmuş ən yüksək yaş limiti olan ölkə edərdi. Hazırda spirtli içki alıcısının minimum yaşı 21 olan ölkələr Birləşmiş Ştatlar və əsasən müsəlman ölkələridir.

Müxtəlif ölkələrdə spirtli içki alıcısının minimum yaşını göstərən diaqram
Müxtəlif ölkələrdə spirtli içki alıcısının minimum yaşını göstərən diaqram

Lakin belə ehtiyatlanmalar da var ki, spirtli içki qaydalarının sərtləşdirilməsi, əksinə içki asılılığı olan adamların daha güclü və əldəqayırma içkilərə üz tutmasına səbəb ola bilər.

2016-cı ilin dekabrında Rusiyanın İrkutsk vilayətində tərkibində güclü metil spirti olan hamam losyonundan 76 nəfər zəhərlənərək ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG