Keçid linkləri

2017, 20 Sentyabr, çərşənbə, Bakı vaxtı 15:19

Bayram Məmmədov ictimaiyyətə açıq müraciət göndərib


Bayram Məmmədov

Həbsdəki gənc fəal Bayram Məmmədovun 5 gündür ki, aclıq aksiyasını davam etdirdiyi bildirilir.

Bu haqda onun yaxınları bildiriblər.

Gənc fəal yaxınları vasitəsilə ictimaiyyətə açıq müraciət də göndərib. Həmin müraciətdə B.Məmmədov aclıq etməsinin səbəblərinə toxunur.

“Bir neçə aydır ki, 13 saylı Cəzaçəkmə Müəssisəsinə gətirilmişəm. Gətiriləndən bu yana başqa dustaqlarla müqayisədə rəhbərliyin sərt münasibəti ilə üzləşmişəm. Dustaqların saxlanıldığı barakda əlavə yerlər olsa da məni tualetin yanında - daim külək vuran soyuq yerdə yerləşdiriblər”, – B.Məmmədov müraciətində bildirir.

Buna da bax:​ Bayram Məmmədovun aclıq aksiyasına başladığı bildirilir

O, nəql edir ki, dəfələrlə müraciət etsə də yerini dəyişmirlər.

“Külək vuran yerdə olduğumdan, sağlamlığım pisləşir. Lazımi tibbi yardımla isə təmin olunmuram. Bu ayrı-seçkiliklə bağlı müraciətlərimə cavab olaraq, müəssisə rəhbərliyi bildirib ki, mən onların liderlərin heykəlinə yazı yazdığıma görə, belə rəftara məruz qalıram”, – müraciətdə deyilir.

B.Məmmədov vurğulayır ki, aclıq aksiyasına bu rəftara etiraz olaraq başlayıb.

“Tələbim mənə qarşı ayrı-seçkiliyə son qoyulması, barakda yerləşdirilməyim, tibbi yardımla təmin edilməməyimdir. Tələblərim yerinə yetirilənədək aksiyanı davam etdirəcəyəm”, – B.Məmmədov müraciətinin sonunda bildirib.

Buna da bax: Bayram Məmmədovun kassasiya şikayəti təmin olunmayıb

İyunun 23-də gənc fəal vəkili vasitəsi ilə aclığa başladığını bildirmişdi.

Həmin bəyanata və ailəsinin bu açıqlamasına, hələlik, 13 saylı Cəzaçəkmə Müəssisəsi və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Ancaq bundan əvvəl də gənc fəalın cəzaçəkmə müəssisində işgəncə və pis münasibətə məruz qalması ilə bağlı şikayəti olmuşdu. Həmin şikayətin Penitensiar Xidmətdə araşdırıldığı açıqlanmışdı

Bu haqda gənc fəalın vəkili Elçin Sadıqova Penitensiar Xidmətin əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidov məlumat vermişdi.

İdarə rəisinin göndərdiyi məktubda yazılırdı ki, araşdırma zamanı Bayram Məmmədovun qanunsuz hərəkətlərə məruz qalması barədə hallar təsdiqini tapmayıb.

Buna da bax:​ Qiyas İbrahimov: 'Hamınız saxtakar, mantiya geyinmiş marionetlərsiz

"Cəza çəkdiyi dövrdə məhkum Bayram Məmmədov Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq maddi məişət şəraiti ilə təmin olunub. İşgəncələrə, qeyri-insanı rəftara və ya ləyaqəti alçaldan rəftara məruz qalmayıb. Onun şəxsi təhlükəsizlik hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin olunur", – idarə rəisin məktubunda yazılırdı.

Penitensiar Xidmət həmçinin, Bayram Məmmədovun vəkili vasitəsi ilə işgəncəyə məruz qalması barədə müraciətinə də bundan əvvəl münasibət bildirmişdi. "Ədliyyə Nazirliyi Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində saxlanan Bayram Məmmədova işgəncələr verilməsi, qanunsuz hərəkətlərə məruz qalması və vəkili Elçin Sadıqovla görüşlərə vaxtında icazə verilməməsi barədə müraciətə baxılmışdır. Bildirilir ki, araşdırma zamanı müraciətinizdə göstərilən halları təsdiq edən hallar müəyyən edilməmişdir” – deyə Penitensiar Xidmət bildirirdi.

Buna da bax:​ Penitensiar Xidmət Bayram Məmmədovun müraciətini araşdırıb

XATIRLATMA

B.Məmmədov digər gənc fəal Qiyas İbrahimli ilə birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da d 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə, həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG