Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 03:44

Penitensiar Xidmət: 'Aclıq aksiyası olar, rəsmi razılıq varsa...'


Mehman Sadıqov

«Əgər məhbusu və ya məhbusları narahat edən əsaslı bir səbəb varsa, onlara qarşı qanunazidd hərəkət olubsa, aclıq aksiyası keçirmələri mümkündür».

Bunu Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov həbsdə olan 3 gənc fəal-Bayram Məmmədov, İlkin RüstəmzadəElgiz Qəhrəmanın aclıq aksiyasına başlaması haqda məlumatı dəyərləndirərkən bildirib. O, gənclərin aclığa başlayıb-başlamadığı haqda bir söz deməyib.

M.Sadıqov vurğulayıb ki, aclıq aksiyası keçirməkdən ötrü cəzaçəkmə müəssisəsi rəhbərliyinə yazılı müraciət edilməli, səbəb öyrənilməli və rəhbərliyinin buna razılığı olmalıdır:

***Buna da bax-Vəkil: '3 fəal həbsxanada aclığa başlayacağını bildirib'

«Çünki həmin şəxs və ya şəxslər həkim nəzarətinə götürülməlidirlər. Yox, belə əsaslı səbəb yoxsa, aclıq edirlərsə, bu, artıq daxili intizam qaydalarının pozulması deməkdir».

Məhbusların saxlanma şəraitinə gəlincə, mətbuat xidmətinin rəhbəri deyib ki, bunda həbsə qədər kimin harada, hansı fəaliyyətlə məşğul olmasının əhəmiyyəti yoxdur. Cəzaçəkmə müəssisəsində hamıya eyni gözlə baxırlar.

Vəkil Əsabəli Mustafayev dünən, oktyabrın 11-də 13 saylı Cəzaçəkmə Müəssisəsində olmuşdu. O, «heykəl məhbusu» kimi tanınan Bayram Məmmədovla görüşmüşdü. Vəkilin deməsinə görə, B.Məmmədov ona bildirib ki, o, İlkin Rüstəmzadə və Elgiz Qəhrəman oktyabrın 11-dən aclıq aksiyasına başlamaq niyyətindədirlər.

«5 GÜN ORADA QALMALIDIR»

Vəkilin bildirməsinə görə, bazar ertəsi - oktyabrın 9-da adları çəkilən şəxslərin saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsinə rəsmi orqanlardan gələnlər olub. Ə.Mustafayev vurğulayıb ki, onlar özlərini tam təqdim etməyiblər. B.Məmmədovla görüşüb, söhbət ediblər. Vəkilin bildirməsinə görə, B.Məmmədov söhbət yerini tərk edib. Ertəsi gün isə cərimə kamerasına (kars) salınıb:

***Buna da bax-Qiyas İbrahimov və atası məhkəməyə hörmətsizlikdə suçlanır

«Cərimə kamerasına salanda Bayram Məmmədovun başını qırxıblar. 5 gün orada qalmalıdır. İndi ora soyuq və nəmlidir. Paltarları isə çox nazikdir. Dedim, paltar gətirək. Dedi ki, qoymurlar. Dedi ki, «kars» hazırda oturduğumuz otaqdan dəfələrlə soyuqdur. Yemək də yemədiyini, verilmədiyini deyir. Hər üçü oktyabrın 11-dən aclığa başlayırlar. Tələb edirlər ki, Bayram Məmmədova təzyiqlərə son verilsin. Ona zorakılıq olmasından şübhələnib ekspertiza keçirilməsini istəyirlər və Ədliyyə Nazirliyinin rəhbərliyinin də onlarla görüşməsini tələb edirlər».

Üstəlik, B.Məmmədovun vəkilinə deməsinə görə, ondan izahat tələb edilir ki, əməliyyatçıya kobud davranıb. Əməliyyatçı da ondan şikayət verib.

XATIRLATMA

Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə ötən il mayın 10-da saxlanıb. Rəsmi qurumlar onları narkotikdə ittiham edir. Özləri isə keçmiş prezident Heydər Əliyevin heykəlinə etiraz şüarı yazıldığına görə saxlandıqlarını bildirirlər. Hərəsi 10 il azadlıqdan məhrum edilib.

Digər fəal İlkin Rüstəmzadə 2013-cü ildə saxlanıb. Kütləvi iğtişaşların təşkilində suçlanan gənc həmin vaxt saxlanan 8 NİDA Vətəndaş Hərəkatının üzvlərindən biridir. İ.Rüstəmzadə 8 il azadlıqdan məhrum edilib. Özü ittihamları qondarma adlandırır. Sonradan onunla həbs edilənlərin hamısı azadlığa buraxılıb.

2016-cı ildə saxlanan Elgiz Qəhrəman da narkotikdə ittiham olunub, 5 il 6 ay azadlıqdan məhrum edilib. O da həbsini siyasi sifariş sayır.

Hər 3 gənc hüquq müdafiəçilərinin siyasi məhbuslarla bağlı hazırladıqları siyahıda yer alırlar. Siyahıda hazırda 140 civarında məhbusun adı var.

Hərçənd, Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri cinayətə görə məsuliyyətə alınıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG