Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:24

«Narkotik büküldüyü polietilen torbalar ekspertizadan keçirilsin»


Bayram Məmmədov və Qiyas İbrahimov
Bayram Məmmədov və Qiyas İbrahimov

Vəkil Elçin Sadıqov həbsdə olan gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimova qarşı irəli sürülən narkotika ittihamı ilə bağlı vəsatətlər verib. Vəsatətlər Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib. Vəkil bu barədə özünün facebook səhifəsində yazıb.

Vəkil vəsatətində gənclərə aid olduğu iddia edilən narkotik vasitələrin büküldüyü polietilen torbalar üzərindəki əl-barmaq izlərinin götürülməsini və kimlərə məxsusluğunu müəyyən etməkdən ötrü ekspertiza təyin olunmasını xahiş edir. Söhbət həm onların evlərindən, həm də ciblərindən tapıldığı iddia edilən narkotikdən gedir.

Bununla yanaşı E. Sadıqov əməliyyatda iştirak etmiş polis nəfərlərinin, Bakı şəhəri Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi rəisinin, müavinlərinin və gənclərin də əl-barmaq izlərinin götürülərək ekspertizada tutuşdurulmasını istəyir: “Bu vəsatətlər təmin olunduğu təqdirdə sübut olunacaq ki, həmin narkotik vasitə hesab edilən heroinlərə Q. İbrahimovun və B. Məmmədovun heç bir aidiyyəti yoxdur. Məlum olacaq ki, həmin heroinlər gənclərin cibinə və evinə polis tərəfindən qoyulub. Gənclərin üzərindən aşkar edildiyi iddia edilən heroinlərin polisə məxsus olması barədə gənclərin ifadəsi öz təsdiqini tapacaq”.

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Beynəlxalq qurumlar gənc fəalların siyasi motivlə həbs olunduğu barədə bəyanatlar yayıblar.

Mayın 16-da da B. Məmmədovun ona işgəncələr verilməsi ilə bağlı məktubu yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə gənclərin onlara işgəncə verilməsi ilə bağlı dediklərini təkzib ediblər.

Üstəlik, Ombudsman Aparatından da gənclərə işgəncə verilmədiyi bildirilib.

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında olduqlarını deyiblər.

Aparatdan yayılan məlumatda qeyd edilirdi ki, MPQ üzvləri həmin müəssisədə saxlanılan Bayram Məmmədov və Qiyas İbrahimovu təkbətək qəbul ediblər. MPQ-nin həkim üzvünün iştirakı ilə həmin şəxslərin bədəninə baxış keçirilib.

Məlumatda deyilirdi ki, baxış zamanı hər hansı xəsarət aşkar olunmayıb.

Gənc fəalların vəkili Elçin Sadıqov isə AzadlıqRadiosu-na müsahibəsində Ombudsmanın Milli Preventiv Qrupunun açıqlamasını əsasız saymışdı. Vəkil deyirdi ki, gənclərin bədənində işgəncə yerlərini öz gözü ilə görüb.

Mayın 19-da isə Bayram Məmmədovun Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başladığı bildirildi. Bu haqda onun vəkili Elçin Sadıqov Azadlıq Radiosuna məlumat vermişdi.

Vəkilin bildirdiyinə görə, B.Məmmədov Bakı Apelyasiya Məhkəməsinin barəsində seçilən həbs qərarını qüvvədə saxlamasına etiraz edir.

Elçin Sadıqov bildirib ki, gənc fəal həmçinin Ombudsman Aparatının onlara işgəncə verilmədiyi haqda bəyanatından kəskin narazı qalıb. Aclıq aksiyası həm də Ombudsmanın bəyanatına etirazdır.

Mayın 20-də B Məmmədovla görüşən vəkil, həmin vaxt aclıq aksiyasının davam etdiyini bildirirdi.

Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da saxlanıb. NİDA Vətəndaş Hərəkatı onların Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə, saxlanıldığını açıqlamışdı.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində «Qul bayramınız mübarək!», ön tərəfdə isə «F... the system!» sözləri yazılmışdı.

Mayın 10-u keçmiş prezident Heydər Əliyevin 93-cü il dönümü qeyd edilib.

Son illər Azərbaycanda Heydər Əliyevin doğum günü münasibətilə Gül bayramı keçirilərdi. Bu da Azərbaycan cəmiyyətində heç də birmənalı qarşılanmırdı. Hakimiyyətin müxalifləri deyirdilər ki, hər il Gül bayramına milyonlarla vəsait xərcləməkdənsə, bu pullar əhalinin sosial ehtiyaclarının ödənilməsinə sərf edilməlidir. Bu il isə Gül bayramı təxirə salınmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG