Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:47

Saakashvili-nin silahdaşı Batumidə iğtişaşların təşkilində suçlanır


Batumidəki etirazlarda polis rezin güllə işlədib
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Batumidəki etirazlarda polis rezin güllə işlədib

Gürcüstanın hüquq-mühafizə orqanları bazar günü axşam ölkənin keçmiş prezidenti Mikheil Saakashvili-nin «Birləşmiş Milli Hərəkat» partiyasının fəalı Irakli Chkhvirkia-nı və Acarıstanın böyük muxtariyyəti uğrunda hərəkatın qeyri-rəsmi lideri Merab Gogoberidze-ni həbs ediblər. Onlara martın 11-12-də Batumidə kütləvi etirazlar və iğtişaşlar təşkil etmək ittihamı irəli sürülüb. Siyasi fəallar buna görə 6 ildən 9 ilədək həbs cəzası ilə üzləşə bilərlər. Hələlik, həbs olunanların heç biri ittihamları qəbul etmir.

33 NƏFƏR XƏSARƏT ALIB

Martın 11-də Acarıstanın paytaxtı Batumidə patrul polisi bir yerli sakini şəhərin mərkəzində, «Batumi Plaza» kompleksinin yaxınlığında maşını düzgün park etmədiyinə görə 200 lari (80 dollar) cərimələməyə çalışıb. Cərimələnən sürücü isə oğlunun dəfnindən qayıtdığını, aptekin qarşısında dayanaraq həyat yoldaşına dərman almaq istədiyini iddia edib. O, cəriməni ödəməkdən imtina edib. Yoldan keçənlərin bir neçəsi sürücünü müdafiə edib. Polis əməkdaşlarını təhqir etdiklərinə görə patrul onları saxlayıb.

Bundan sonra insanlar həmin şəxslərin saxlandığı Daxili İşlər Nazirliyi regional şöbəsinin binasına tərəf axışmağa başlayıb. Onlar polis şöbəsinin rəisi Kakha Bukhradze-nin və Batumi polisinin rəisi Malkhaz Batiashvili-nin istefasını tələb ediblər.

Ancaq etiraz mitinqi yalnız bir müddət dinc keçib. Az sonra bir neçə min adamdan ibarət kütlə şəhərin mərkəzi prospektlərindən birini dağıdıb və bir neçə polis maşınını yandırıb.

Yandırılan polis maşını.
Yandırılan polis maşını.

Cinayət işində qeyd edilir ki, kütləvi iğtişaşlar «zorakılıq, talan, şəxsi əmlakın yandırılması və əmlaka ziyan vurulması ilə müşayiət olunub». Əsasən işıqforlar və polis maşınlarına ziyan dəyib. Polis kütləni dağıtmaqdan ötrü gözyaşardıcı qaz və rezin güllələrə əl atıb. 33 nəfər, o cümlədən 15 polis xəsarət alıb.

KADR SEÇİMİNDƏ MUXTARİYYƏT TƏLƏBİ

Gürcüstanın hüquq-mühafizə orqanları iğtişaşlara görə 20-yə qədər etirazçını həbs edib. Onlara «talan» və «polisə müqavimət» maddələri ilə ittiham irəli sürülüb. Onlarla adama inzibati cərimə cəzaları kəsilib.

Yerli etirazçılar iddia ediblər ki, insanların qəzəbinin birbaşa səbəbi yeni təyin edilmiş polis rəisinin xırda pozuntulara görə çox böyük cərimələr qoymasıdır. Onlar həmçinin, polis əməkdaşlarının əhalini sözlə təhqir etdiyini, onları «tatar» adlandırdığını deyirlər.

Cinayət işinin materiallarında qeyd edilir ki, vətəndaş fəalı Merab Gogoberidze əvvəllər də dəfələrlə hakimiyyəti Acarıstanın yüksək vəzifələrinə Gürcüstanın digər bölgələrindən olanların təyinatına görə tənqid edib. O israr edir ki, bu vəzifələrə etnik acarlar qoyulmalıdırlar. M.Gogoberidze kadr seçimi məsələsində Acarıstan rəhbərliyinə daha çox muxtariyyət istəyir. Irakli Chkhvirkia-ya gəlincə, prokurorluq iddia edir ki, o, mitinq iştirakçılarını hökumətə müqavimət göstərməyə çağırıb, bu isə talanlara gətirib çıxarıb.

Batumidə iğtişaşlar.
Batumidə iğtişaşlar.

REPRESSİYA

Həbs olunan şəxslərin hər ikisi öz vəkilləri vasitəsilə bəyan ediblər ki, hökumət onların mülki və prosessual hüquqlarını pozur, ölkədə repressiyalar həyata keçirir və fərqli düşünən insanları susdurmağa çalışır.

Keçmiş prezident Mikheil Saakashvili-nin «Birləşmiş Milli Hərəkat» partiyası isə dərhal Irakli Chkhvirkia ilə əlaqəni kəsib və onu Batumidəki etirazlar zamanı özbaşına hərəkət etməkdə günahlandırıb. Partiya bundan öncə bildirmişdi ki, etirazların arxasında Gürcüstan xüsusi xidmət orqanlarının agentləri dayanıb. Partiya hesab edir ki, bu işdə iqtidarın məqsədi baş verənlərə görə siyasi opponentləri ittiham etmək imkanı qazanmaq olub.

Son illər turistlər arasında çox populyar olan Batumi Gürcüstanın ikinci ən böyük şəhəridir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG