Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:47

EBRD: «Bank sektoru bərpa edilməyincə...»


Suma Chakrabarti
Suma Chakrabarti

-

«Azərbaycanda iqtisadi artım yalnız onun kreditləşdirilməsinin bərpası ilə mümkün ola bilər». Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Suma Chakrabarti mətbuat konfransında - Bakıya səfərini səciyyələndirərkən, belə deyib.

O, bank sektorunda yüksək dollarlaşma səviyyəsinə, problemli kreditlərin həcminə və onların qaytarılmasına toxunub: «Bank sahəsində irəliləyiş duyulur. Əgər bank sektoru bərpa olunmasa, iqtisadiyyatın inkişaf və şaxələndirilməsindən söhbət gedə bilməz».

S.Chakrabarti Azərbaycanın maliyyə bazarında hələ ötən ildən haqqında bəhs edilən istiqrazların buraxılması və yerləşdirilməsi barədə sualı da cavablayıb.

Belə təcrübənin başqa ölkələrdə də yaşandığını söyləyən EBRD prezidenti Azərbaycanda bunun 2016-cı ildə reallaşdırılacağına diqqət çəkib: «Tənzimləyici çərçivə hazırdır, amma maliyyə sektorunun da, investorların da buna hazır olması zəruridir».

O, EBRD-nin Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsinə kökləndiyini də vurğulayıb.

Azərbaycanda biznes mühitinə toxunan S.Chakrabarti ölkədə irimiqyaslı islahatların getdiyini, korrupsiyaya qarşı mübarizə aparıldığını, iqtisadi siyasətin təkmilləşdirildiyini bildirib.

EBRD rəhbəri ikitərəfli münasibətlərdən və bankın Azərbaycan iqtisadiyyatına investisiyasının həcmindən razılığını dilə gətirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi bank son iki ildə Azərbaycanda reallaşdırdığı təxminən 30 layihəyə 270 milyon dollar sərmayə yatırıb.

S.Chakrabarti Bakıya səfəri çərçivəsində prezident İlham Əliyev və Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyətinin sədriylə, kommersiya bankları və vətəndaş cəmiyyəti təmsilçiləriylə də görüşdüyünü söyləyib. Onun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 24-dən Azərbaycandadır.

Bu səfər ərəfəsində bəyanatla çıxış edən «Human Rights Watch» hüquq-müdafiə təşkilatı bildirmişdi ki, Azərbaycan hökumətinin müstəqil səslərə hücumları bankın xartiya və digər tələblərinə ziddir:

«Avropa Yenidənqurma və İnkişaf Bankı yeganə maliyyə institutudur ki, çoxtərəfli demokratiya və plüralizmin olduğu ölkələri dəstəkləməyə siyasi mandatı var».

Mayın 20-də S.Chakrabarti-yə məktub göndərən «Human Rights Watch» onu Bakıda Azərbaycan hökumətinin insan haqlarına sayqısızlıq məsələsini dilə gətirməyə çağırmışdı.

EBRD - Avropa Yenidənqurma və İnkişaf Bankı müstəqilliyin ilk dövründən - 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Bu bank indiyədək 146 layihə çərçivəsində Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə 2 milyard 500 milyon ABŞ dolları dəyərində investisiya yatırıb.

EBRD-nin Azərbaycandakı öncəliklərindən biri dinamik fəaliyyət göstərən kiçik və orta müəssisələrə investisiya yatırmaq və beləcə, neftdənkənar sektorun inkişafını dəstəkləməkdir.

XS
SM
MD
LG