Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:58

Azərbaycanda işgəncələr barədə məlumatlar gizli saxlanır


Azərbaycan həbsxanalarında hansı işgəncələr var?
Gözlə

No media source currently available

0:00 0:15:15 0:00

Azərbaycan həbsxanalarında hansı işgəncələr var?

Azərbaycan mediasında son zamanlar ən çox müzakirə edilən mövzulardan biri də işgəncələrdir. Xüsusilə də, bu ilin mayında saxlanan AXCP fəallarının işgəncələrə məruz qaldıqları bildirilir.

Bu ərəfədə Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin nümayəndə heyəti Bakıda səfərdə olub. Bu qurumun yaydığı rəsmi xəbərdə qeyd olunur ki, nümayəndə heyəti daxili işlər və ədliyyə naziləri, eləcə də baş prokurorun birinci müavini, habelə prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi ilə də görüşüblər. Amma bu qurumdan AzadlıqRadiosuna bildiriblər ki, səfər zamanı əldə olunan məlumatlar gizli saxlanır və yalnız hökumətin təklifindən sonra ictimailəşdirilə bilər.

3 il 8 aylıq həbsxana həyatından sonra bu ilin martında azadlığa çıxan 7 gün.az saytının baş redaktoru Cavid Şirəliyev deyir ki, müxtəlif qurumlara məruz qaldığı işgəncə halları ilə bağlı 400 müraciət edib, amma heç bir nəticəsi olmayıb:

“30 avqust 2014-cü ildə tutuldum və “bandotdel”ə gətirildim. Axşam saat onun yarısından başlayaraq, səhərə qədər müxtəlif işgəncələrlə üzləşdim. Məni rezin torbanın içinə salıb, dəyənəklə döydülər. 2 gün sonra iki ayaq barmağımın dırnaqlarını çıxardılar. Sonra ayaqlarımın altına dəyənəklə döyüblər”.

Cavid Şirəliyevin bu iddialarına Daxili İşlər Nazirliyindən cavab ala bilməmişik.

Amma nazir Ramil Usubov iyunun 4-də deyib ki, təkcə 2018-ci ilin birinci rübündə ərazi polisinin müvəqqəti saxlama yerlərində Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 54 monitorinq keçirilib. Pozuntuya yol verən 7 nəfər xidmətdən xaric olunub, daha 7-si vəzifədən azad edilib, 101 nəfər haqqında intizam tədbirləri görülüb.

Mayın əvvəlində saxlanan Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmovun da adından sosial şəbəkələrdə yayılan məktubda onun ağır işgəncələrlə üzləşdiyi bildirilir. Rəsmi ittihama görə, o Rusiyadan AXCP sədri Əli Kərimliyə pul göndərirmiş.

Ombudsman Aparatında İşgəncələrin qarşısının alınması şöbəsinin rəhbəri Rəşid Rumzadə deyir ki, onlar daim bu məsələləri diqqətdə saxlayırlar:

“Saleh Rüstəmov və digərlərinin yaxınları, vəkilləri ilə görüşü ilə bağlı qaldırılan məsələlərdə yardımçı olduq. Medianı da izləyirik və qaldırılan hər bir məsələyə öz mandatımız çərçivəsində münasibət bildiririk. Bu cür ehtimalların da qarşısını almaq üçün həmin şəxslər nəzarətimizdədir. Bu günə qədər də Abbas Hüseynov və digərləri ilə həbsxanalarda görüşürük. Biz işgəncənin olub, olmadığını təyin etmirik. Bizim misiyamız bu cür halların qarşısına almaqdır. Biz aidiyyatı qurumlar qarşısında bu məsələni qaldırırıq. Bundan başqa bu cür halların baş verməməsi üçün lobbiçiliyi həyata keçiririk”.

Azərbaycanda işgəncələrlə bağlı müstəqil Araşdırmalar aparan Siyasi Məhbusların Müdafiə Mərkəzinin hesabatında son illərin ən dəhşətli işgəncə hallarının “Nardaran məhbusları”na qarşı edildiyi bildirilir. Qobustan həbsxanasında saxlanılan başqa bir Nardaran məhbusu Hüseyn Abbasovun yaxınları bildiriblər ki, o çarmıxa çəkilib və gün altında saxlanıb, ağır işgəncələrlə üzləşib. Mərkəzin hesabatında həmçinin blogger Mehman Qələndərovun da həbsxanada işgəncələrdən öldüyü iddia olunur.

Ombudsman apartının rəsmi isə bildirir ki, hər bir işgəncə halı ilə bağlı prokurorluq orqanları araşdırma aparır və bu araşdırma nəticəsində fakt ya təsqini tapır, ya da tapmır.

İctimai təşkilat olan Siyasi Məhbusları Müdafiə Mərkəzinin üzvü Oqtay Gülalıyev deyir ki, əksərən bu işgəncələrlə bağlı iddialara formal yanışılır və onlar ədalətli araşdırılmır:

“Nardaran hadisələri ilə bağlı həbs olunanlara dəhşətli işgəncələr verilmişdi. Xalq arasında “Bandotdel” deyilən yerdə bu gün də bu cür işgəncələr davam edir. Yəni, istintaq orqanları etiraf ifadələri almaq üçün bütün dünyanın lənətlədiyi bir formada insanlara ağır işgəncələr verir və onlara zorakılıq tətbiq edir. Burada işgəncənin ən ibtidai, ən qəddar formasından istifadə edilir. İnsanları çarmıxa çəkmək feodalizm quruluşunda olub. Bu günləri Azərbaycan həbsxanalarında məhbuslar XVIII əsr işgəncələrinə məruz qalır”.

AzadlıqRadiosu bu mövzu barədə Bakı sakinlərinin fikirlərini öyrənib:

Polis bölmələrində, həbsxanalarda vətəndaşlarla necə davranılır?
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Daxili işlər naziri Ramil Usubov Azərbaycanda səfərdə olan İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin üzvləri ilə görüşündə bildirib ki, işgəncəyə yol verən polislər cəzalandırılır. Nazir bildirib ki, aparılan araşdırmalar zamanı 11 faktdan yalnız 1-nin təsdiqlənib.

Beynəlxanq insan haqları təşkilatı - Human Rights Watch da 2017-ci ildə yaydığı hesabatda, özəlliklə, 2015-ci ilin sonunda Nardaran hadisələrinə görə həbs olunanların ciddi işgəncələrlə üzləşdiyi bildirilib. Bu qurum Beynəlxalq və yerli təşkilatları Azərbaycan hökumətini bu halları ədalətli araşdırmağa, hüquq mühafizə orqanlarını işgəncə hallarına son qoymağa çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG