Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:32

Azərbaycanla Türkiyənin ticarət əlaqələrinə 2 başlıca əngəl


Foto illüstrasiya
Foto illüstrasiya

-

Türkiyə Azərbaycanla ticarət əlaqələrinin həcmini artırmaq niyyətindədir. Türkiyənin baş naziri Ahmet Davutoğlu dekabrın 3-də prezident İlham Əliyevlə keçirdiyi mətbuat konfransında belə deyib: «İndi hədəfimiz 5 milyard dollar olan ticarət dövriyyəmizi ən qısa zamanda 15 milyard dollara çatdırmaqdır. Bunun üçün lazımi işləri görə biləcək iradəyə sahibik».

Baş nazir qarşılıqlı sərmayə yatırımlarına da diqqət çəkib: «...Azərbaycanın inkişafı bizim inkişafımızdır. Türkiyənin inkişafı Azərbaycanın inkişafıdır. Əslində, qarşılıqlı olaraq, Türkiyənin 9 milyard, Azərbaycanınsa 4 milyard dollarlıq sərmayə qoyuluşundan söhbət gedir. Türkiyənin İzmir bölgəsində - «Petkim»ə Azərbaycan sərmayəsinin yatırılması bizə böyük güc verib. Hədəfimiz bu sərmayələri ən qısa müddətdə 20 milyard dollara çatdırmaqdır».

Ahmet Davutoğlu iki ölkə arasında ticarət həcminin nə vaxt 15 milyarda çatacağı ilə bağlı konkret tarix verməyib.

5 MİLYARDLIQ QARŞILIQLI TİCARƏT?

Mətbuat konfransında Ahmet Davutoğlu-nun indiki ticarət həcmi haqqında söylədiyi rəqəmi (5 milyard dollar) Azərbaycanın gömrük və Türkiyənin statistika komitələrinin məlumatları təsdiqləmir.

Azərbaycan Gömrük Komitəsi:

2014 – Azərbaycanın Türkiyəyə ixracı – 502 milyon 492.84 min dollar

2014 – Azərbaycanın Türkiyədən idxalı – 1 milyard 286 milyon 641.39 min dollar

Cəmi – 1 milyard 789 milyon 134.23 min dollar

Türkiyə Statistika Komitəsi:

2014 - Türkiyənin Azərbaycana ixracı – 2 milyard 874 milyon 608 min dollar

2014 – Türkiyənin Azərbaycandan idxalı – 291 milyon 283 min dollar

Cəmi – 3 milyard 165 milyon 891 min dollar

«15 MİLYARDLIQ POTENSİAL REAL DEYİL»

Sonbir ildə iki ölkə arasındakı ticarətin həcminin azalmasını gözə alsaq, 15 milyardlıq dövriyyəyə çatmaq real görünmür. Gömrük Komitəsinin məlumatına görə, bu ilin 10 ayında keçən ilin eyni dövrüylə müqayisədə Azərbaycanın Türkiyəyə ixracı 38.83 faiz, idxalsa 11.39 faiz azalıb.

İqtisadçı ekspert Qalib Toğrul öncə Davutoğlu-nun səsləndirdiyi 5 milyard dollar məsələsinə aydınlıq gətirir: «Nə Azərbaycanın, nə də Türkiyənin rəsmi statistika qurumları Azərbaycanın qardaş ölkəyə satdığı 6 milyard kubmetr qazı iki ölkə arasındakı ticarət dövriyyəsinə daxil etməyib. Türkiyənin açıqladığı statistika daha doğrudur. O zaman qardaş ölkənin açıqladığı ticarət dövriyyəsinin (3 milyard 166 milyon dollar) üzərinə 1 milyard 920 milyon dollarlıq qaz ixracımızı da əlavə etsək, Davutoğlu-nun səsləndirdiyi 5 milyard rəqəminin (5milyard 86 milyon) haradan alındığı bilinər».

«QAZA ÜMİD BAĞLAMAQ OLMAZ»

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi nəyin hesabına arta bilər? Ekspert deyir ki, ilk ağla gələn təbii qazdır: «Hazırda iki ölkə arasındakı ticarətdə əsas pay 38 faizlə təbii qaza məxsusdur. Rusiyanın «Türk axını» layihəsini rəsmi olaraq dayandırdığını açıqladığı bir vaxtda Türkiyənin ehtiyac duyduğu qazı Azərbaycan yaxın perspektivdə qardaş ölkəyə verə bilərmi? Azərbaycanın Türkiyəyə qaz ixrac etdiyi boru kəmərinin ötürücülük qabiliyyəti məhdud olduğundan TANAP çıxış yolu görünür. 2018-ci ilin əvvəlində işə düşməsi planlaşdırılan TANAP-ın ötürücülük qabiliyyəti ilk illərdə 16 milyard kubmetr həcmində planlaşdırılır. Onun da 10 milyard kubmetri, əvvəlcədən razılaşdırıldığı kimi, Avropaya ötürüləcək. Sonradan nəql həcminin mərhələli surətdə əvvəlcə 24 milyarda, daha sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur. Belə görünür ki, yaxın illərdə Azərbaycanın Türkiyəyə 6 milyard kubmetrdən çox qaz ixrac etməsi real görünmür».

UCUZ ÇİN MALLARI MANE OLACAQ

Türkiyədən Azərbaycana, əsasən, paltar, ayaqqabı, qida və kənd təsərrüfatı məhsulları (şəkər, şirniyyat, kolbasa və un məmulatları, pivə, duz, şokolad, meyvə-tərəvəz, yumurta, kartof və s.), mebel, elektronika gətirilir.

Qalib Toğrul Türkiyədən idxal olunan məhsulları rəqabətədavamlı saymır: «Türk lirəsinin günbəgün dəyərini itirməsi türk mallarının ixracını stimullaşdırsa da, Türkiyənin qeyri-ərzaq məhsulları ucuz Çin məhsulları ilə müqayisədə yenə də bahadır. Bu da idxalın həcminin böyüməsi qarşısında əsas maneədir».

Azərbaycandan Türkiyəyə isə, əsasən, neft-kimya sənayesinə məxsus xammal və yarımfabrikat ixrac olunduğunu xatırladan ekspert belə deyir: «Hazırda hər iki ölkənin xarici ticarətdəki payı çox kiçikdir. Bu məhsulların həcminin artması və onların digər rəqabətqabiliyyətli ixrac məhsulları ilə əvəzlənməsi, ən azı, yaxın 3 ildə imkansız görünür. Türk lirəsinin dollara nisbətdə sürətlə dəyərini itirməsi də Azərbaycan məhsullarının Türkiyəyə ixracını məhdudlaşdıran əsas amillərdəndir. Bütün hallarda Azərbaycandan Türkiyəyə ixracın əhəmiyyətli dərəcədə artması real deyil».

XS
SM
MD
LG