Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:14

Balkanlar - ‘fitili gödək barıt çəlləyi’


Podqoritsada fevralın 22-də ABŞ səfirliyinə hücumdan sonra bu ərazidəki yollar polis tərəfindən bağlanıb
Podqoritsada fevralın 22-də ABŞ səfirliyinə hücumdan sonra bu ərazidəki yollar polis tərəfindən bağlanıb

AzadlıqRadiosunun müxbiri Alan Crosby yazır ki, Monteneqroda ABŞ səfirliyinə bomba hücumu Balkanlarda təzəcə yaxşılaşmağa başlayan vəziyyətin necə kövrək olduğunu bir daha nümayiş etdirib.

43 yaşlı serb müharibə veteranı fevralın 22-də Podqoritsadakı ABŞ səfriliyinin binasına hücum edib.

ABŞ Dövlət Departamenti, belə görünür intihar hücumu kimi planlaşdırılmış bu aktın arxasındakı motivlərin bilinmədiyini bəyan edib.

Lakin regional ekspertlər deyirlər ki, baş vermiş hadisə Rusiya və Qərb arasında nüfuz çəkişməsinin meydanı olan bu bölgədə vəziyyətin qeyri-müəyyən olaraq qaldığını göstərir.

“Aclıq və qəzəb: Balkanlarda demokratiyanın böhranı” (Hunger And Fury: The Crisis Of Democracy In The Balkans,) kitabının ABŞ-da yaşayan müəllifi, siyasi təhlilçi Jasmin Mujanovic AzadlıqRadiosuna deyib: “Yanvarın 1-dən bəri Kosovoda siyasi sui-qəsd, Monteneqroda bomba hücumu olub. Rusiya tərəfindən təlimləndirilmiş silahlılar Bosniyada Dodik rejiminin silahlanmasına dəstək verirlər. Balkanlarda hərarət yüksəlir, amma deyəsən, Vaşinqton və Brüsseldə heç kim bundan narahat görünmür”.

Ekspert hesab edir ki, bu bölgədə bundan sonra da baş verə biləcək hadisələrə Rusiya ilə Aİ və NATO-nun daha geniş qarşıdurması prizmasından baxmaq lazım gələcək.

Jasmin Mujanovic diqqəti Monteneqronun NATO-ya yenicə qəbul olunduğuna və ABŞ səfirliyinə hücum edənin müharibə veteranı olmasına çəkir.

O bunu da xüsisilə qeyd edir ki, Monteneqroda Rusiyanın çevriliş cəhdi baş tutmayıb, lakin növbəti seçkilər keçmiş baş nazir Milo Dukanoviçi hakimiyyətə qaytara bilər.

Monteneqro
Monteneqro

Ekspertlər bildirirlər ki, keçmiş Yuqoslaviyanın Serbiyadan hətta qansız ayrılmış respublikaları arasında da müəyyən ziddiyyətlər mövcuddur.

Məsələn Monteneqro Kosovonun müstəqilliyini tanıyıb, halbuki Serbiya bundan qəti şəkildə imtina edir. Bu da nəzərə alınmalıdır ki, yerli adı Çernoqoriya olan Monteneqroda əhəmiyyətli sayda rus icması yaşayır.

Buna baxmayaraq ümumi əhalisi 600 min olan Monteneqro son illərdə Vaşinqtonla xeyli yaxınlaşıb və iyun ayında NATO-nun ən gənc üzvü olub.

Çernoqoriyanın Adriatik dənizinə çıxışının olması bu ölkənin strateji əhəmiyyətini xeyli artırır və Kremli də regionda təsirini saxlamağa bu sövq edir.

Monteneqroda çevriliş cəhdində ittiham olunanların məhkəməsi qarşısında izdiham
Monteneqroda çevriliş cəhdində ittiham olunanların məhkəməsi qarşısında izdiham

Monteneqro rəsmiləri 2016-cı ilin parlament seçkilərində edilmiş dövlət çevrilişi cəhdində bir neçə Rusiya və Serbiya vətəndaşını ittiham edirlər. Onlar bildirilrər ki, çevrilişçilərin məqsədi baş naziri öldürmək və ölkənin NATO-ya üzvlük prosesini yarımçıq dayandırmaq idi.

ABŞ səfirliyinə hücum Rusiya xarici işlər naziri Sergey Lavrovun qonşu Serbiyaya ikigünlük səfəri ilə eyni vaxta təsadüf edib. Serbiya həm Avropa İttifaqının üzvü olmağa, həm də Moskva ilə isti münasibətləri qoruyub saxlamağa çalışır.

Londonda mənzillənmiş Balkan məsələləri üzrə ekspert Marika Djolai deyir ki, Qərbi Balkanlarda son illərdə zorakılıq məsələsində vəziyyət çox da pisləşməyib. Buna baxmayaraq region təlatümlü geosiyasi arena olaraq qalmaqda davam edir.

Ekspert bildirir ki, siyasi vəziyyəti korrupsiya, çirkli pulların yuyulması, silah, insan və narkotik qaçaqmalçılığlının yayılması daha da mürəkkəbləşdirir.

Djolai deyir ki, təhlükəsizlik vəziyyətinin mürəkkəb olaraq qalması şəraitində demokratiyanın aşılanması prosesləri gedir.

İki dünya müharibəsinə qığılcım vermiş Balkanlar indi artıq barıt çəlləyi sayılmasa da, təhlilçilər Balkan regionunun çox qısa münaqişə fitilinə malik olduğunu deyirlər.

Bu yaxınlarda müstəqillyini elan etmiş Kosovo hələ də alban və serb azlığı arasında dərin ixtilafın mövcud olduğu ölkədir. Bu bölgədəki gərginlik ötən yanvarda Kosovonun Mitrovitsa şəhərində nisbətən mötədil serb siyasətçinin qətlə yetirilməsi ilə bir qədər də artıb. Kosovonun baş naziri Ramush Haradinaj bu qətlin sifarişinin Kosovodan kənardan gəldiyi ehtimalını səsləndirib.

İkiyə bölünmüş Mitrovitsada Avropa İttifaqı və NATO qüvvələrinin olmasına baxmayaraq insidentlər demək olar hər gün baş verir.

Bosniya-Herseqovinadan alınan həyəcanlı xəbərlərə görə oradakı Bosniya serbləri Serbiya tərəfindən silahlandırılır.

Bütün bunlar keçmiş Yuqoslaviya ərazisində vətəndaş münaqişəsinin qızışa biləcəyinə dair qorxuları körükləyir.

Makedoniyada alban dilindən istifadənin rəsmiləşdirilməsi cəhdləri etirazlarla qarşılanır
Makedoniyada alban dilindən istifadənin rəsmiləşdirilməsi cəhdləri etirazlarla qarşılanır

Bu arada əhəmiyyətli alban əhalisi olan Makedoniyada ötən il milliyyətcə albanın baş nazirin müavini seçilməsinə görə zorakı toqquşmalar baş vermişdi. Bu ölkədəki siyasi sabitsizlik son iki ildə dörd seçkinin keçirilməsinə səbəb olub.

Vaşinqtondakı Avropa Siyasəti Təhlili Mərkəzinin eksperti Janusz Bugajski deyir ki, Qərbi Balkanlarda etnik qütbləşmənin və silahlı münaqişənin qarşısının alınması üçün burada Vaşinqtonun güclü strategiyasına təcili ehtiyac var.

Ekspert deyir ki, Qərbi Balkanlarda ləngimə təhlükəsizlik barədə saxta təsəvvür yarada bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG