Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 23:02

Bu gün, iyunun 1-də Milli Televiziya və Radio Şurasında (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iclası keçirilib.

Bu barədə MTRŞ məlumat yayıb. Məlumatda iclasda İTV-nin baş direktoru vəzifəsinə seçkinin baş tutduğu bildirilir.

«Balakişi Qasımov 4 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib», - məlumatda vurğulanır.

Bir müddət öncə Cəmil Quliyevin İTV-nin baş direktoru vəzifəsində səlahiyyətlərinə xitam verilib. O, 2013-cü ilin aprelindən İTV-yə rəhbərlik edirdi.

MTRŞ İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək istəyən namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan etmişdi.

Müsabiqəyə 7 iddiaçının qoşulduğu açıqlanmışdı. İddialılar arasında İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorun müavini Balakişi Qasımovun, ADA Universitetinin aparat rəhbəri Şəfəq Mehrəliyevanın adları var idi. İTV-nin baş direktorluğuna habelə, Mərkəzi Nəbatat Bağının elmi işçisi Sadıq Qarayev, Gəncə regional fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəis müavini Rauf Abbasov, 7news.az saytının baş redaktoru Səbuhi Abbasov, «Elit» informasiya agentliyinin baş direktoru Rahilə Mehtiyeva və işsiz Qərənfil Xəlilova da iddia edirdi.

Balakişi Qasımov kimdir

B.Qasımov 1978-ci ildə Bakı şəhərində doğulub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes üzrə menecment fakültəsinin Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisasını bitirib.

İTV-nin baş direktoru seçilənə qədər Gametv.az prodüser mərkəzinin rəhbəri vəzifəsində çalışıb. O, eyni zamanda, Azərbaycan Televiziyasında yayımlanan beynəlxalq lisenziyalı «Əlaçı» (Brainist), «61!» (Jeopardy!), «Breyn-rinq», «Kim? Harada? Nə zaman?» verilişlərinin baş prodüseri və rejissoru olub.

Ailəlidir, 2 övladı var.

Xatırlatma

Azərbaycanda İctimai Televiziya Avropa Şurasına üzv olarkən ( 2001-ci il ) götürülən öhdəliklərə əsasən, 2005-ci ilin avqustunda yaradılıb.

Ancaq Azərbaycan müxalifəti və bəzi ekspertlər hesab edir ki, bu televiziya, bir qayda olaraq, hakimiyyətin təbliğatı ilə məşğuldur. Hərçənd, İTV rəhbərliyi zaman-zaman səslənən bu tənqidləri qəbul etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG