Almaniyada vaxtilə Adolf Hitler-in ən yaxın adamlarından olan Albert Speer-in (Şpeer) adına hazırlanmış qızıl silahla bağlı Bakıda məhkəmə gedir.
Həmin silah da daxil, əntiq əşyaları sahibini aldadıb ələ keçirməkdə suçlanan Vəli Cəlalov Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılıb.
Dələduzluqla ələ keçirildiyi iddia olunan əşyalar arasında polad, qızıl və gümüş materiallardan hazırlanmış iki ov tüfəngi ilə yanaşı, üzərində zümrüd, yaqut qaşlar olan iki qılınc da var.
Azərbaycan Milli İncəsənət Muzeyində Dövlət Ekspert Komissiyasının rəyinə əsasən, bu əşyalar tarixi, kolleksiya əhəmiyyətinə malikdir.
Buna da bax: Hitlerin istifadə etdiyi telefon hərracda 240 min dollara satılıb
Ov tüfənglərinin biri 1936-cı ildə Almaniyada Speerin, o biri isə 1909-cu ildə Fransada Joseph Gallieni-nin (1915-1916-cı illərdə Fransanın müdafiə naziri olub) adına hazırlanıb.
160 min manatlıq ziyan
İstintaq zamanı tüfənglərin hər biri 50 min, 17-18-ci əsrə aid qılınclar isə 30 min manat dəyərləndirilib. Vəli Cəlalov ümumilikdə 160 min manat ziyan vurmaqla dələduzluq etməkdə suçlanır. Ona dələduzluqla yanaşı, qanunsuz silah saxlama maddəsi ilə də ittiham verilib.
İş materiallarına görə, ələ keçirildiyi iddia olunan əşyalar Cavid Kamran oğlu Bağırovundur, ona da babasından qalıb. Təqsirləndirilən Vəli Cəlalov onu ortaq tanışları Elnur Babayev vasitəsilə tanıyıb.
Buna da bax: Almaniyada Hitlerin kitabı 85000 nüsxə satılaraq bestseller olub
Cavid Bağırov əşyaları satmaq istəyib. Vəli Cəlalov onları baha qiymətə sata biləcəyini deyib və metronun "Neftçilər" stansiyasının yaxınlığında Elnurla görüşüb, əşyaları götürüb. Deyib ki, əntiq əşyalar həvəskarı olan tanışı baxsın, bəyənsə, dərhal pulunu verəcək. Amma nə əşyalar qayıdıb, nə də pulu gəlib.
Amma Vəli Cəlalov özünü təqsirli bilmir. Deyir ki, kimisə aldatmaq, əntiq əşyaları mənimsəmək niyyəti olmayıb.
Əşyalar onun həbsindən sonra qohumunun evindən tapılıb götürülüb.
Artıq iş üzrə məhkəmə istintaqı yekunlaşıb, prokuror Vəli Cəlalova 8 il 6 ay həbs cəzası istəyib. Martın 30-da məhkəmənin hökmü elan olunacaq.
Buna da bax: Hitlerin son sözləri: "Qorxuram ruslara əsir düşəm" (Yeni faktlar)
Speer kimdir?
Tarixi mənbələrə görə, 1905-ci il təvəllüdlü Albert Speer 16 yaş kiçik olsa da, Hitlərə çox yaxın, ən vacib məqamlarda məsləhətləşdiyi adam olub. Hətta Hitlerin onu "oğlum" adlandırdığı bildirilir.
Almaniyanın Hərbi sənaye və silahlanma üzrə naziri olmuş Speer İkinci Dünya Müharibəsindən sonra 20 il azadlıqdan məhrum edilib. Amma 1966-cı ildə həbsdən buraxılıb. Faşist rejiminin cinayətlərindən xəbərsiz olduğunu iddia edən Speer 1981-ci ildə dünyasını dəyişib.