Bakıda Azərbaycan arıçılarının növbəti sərgi-yarmarkası keçiriləcək.
Bu haqda təşkilatçı Kənd Təsərrüfatı Nazirliyi məlumat verir.
Yarmarkanın oktyabrın 10-dan noyabrın 5-ə kimi davam edəcəyi bildirilir. Yarmarka AMAY Ticarət Mərkəzində düzənlənəcək.
Bu il balın alıcılara bazar qiymətindən 25 faiz ucuz təklif ediləcəyi bildirilir.
Yarmarkaya ancaq məhsuldan ötrü baytarlıq sertifikatı alan arıçılar buraxılacaqlar.
Rəsmi bilgilərə görə, ötən il 312 arıçıdan 254-ü öz məhsullarını yarmarkaya çıxara bilib. 23,5 ton bal və digər arıçılıq məhsulu satışa buraxılmayıb. 71,7 ton məhsul satılıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə Azərbaycanda bal istehsalı 100 ton artaraq rekord göstəriciyə - 2700 tona çatıb.
Hazırda bir kiloqram bal orta hesabla 24 manata satılır.
Bu 2016-cı ilin sentyabrından 6 manat bahadır.
Bundan əvvəlki bal yarmarkalarından heç də müştərilərin hamısı razı qalmayıb.Onlar deyirdilər ki, yarmarkadakı məhsulun qiyməti heç də bazar qiymətlərindən ucuz olmur.Üstəlik, iddilara görə, yarmarkalara da keyfiyyətsiz mal çıxarılır.