Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 15:13

207 dollar, 242 manata görə bacı-qardaş öldürülüb, ana yaralanıb...


Bıçaq (arxiv fotosu)

“Uşaq xəstə idi, ona yemək, dərman ala bilmirdim. Borcum var idi, onu qaytarmalıydım. Taksi sürürdüm, onunla da bütün bu ehtiyacları ödəyə bilmirdim. Üstəlik, maşının icarə pulu vardı...”, – Azər Cəfərov 207 dollar və 242 manata görə bacı-qardaşı öldürməsi, onların anasını isə yaralamasının səbəbindən danışarkən belə deyib.

Azər Cəfərovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax:​ Hacıqabul cinayətinin qisas zəmində törədildiyi bildirilir [VİDEO]

Hadisə Nərimanov rayonu, Keşlə qəsəbəsində baş verib. Azərin 20 yaşı hadisədən bir həftə sonra tamam olub. O, məhkəmədə ifadəsində özünü təqsirli bilsə də, ittiham aktında yazılan bir məqamla razılaşmır. Deyir ki, hadisəni quldurluq məqsədi ilə törətməyib, əməlindən də çox peşmandır.

Hadisə haqda məhkəmədə geniş danışmaq istəməyib, söyləyib ki, istintaqa ifadəsini təsdiqləyir. Hakimin “cinayəti hansı məqsədlə törətdin?” sualına isə “bilmirəm” cavabını verib.

“Uşağın müalicəsi və borcu qaytarmaq üçün pula ehtiyacım vardı”

Azər Cəfərov istintaqa ifadəsində isə hadisəni maddi ehtiyac üzündən törətdiyini bildirib. Deyib ki, qətlə yetirdiyi bacı və qardaş həyat yoldaşı Miranənin doğma xalası uşaqlarıdır. Həyat yoldaşının xalası, öldürməyə cəhd göstərdiyi Lətifə Məmmədova və onun ailəsi ilə yaxın münasibətləri olub. Evləri yaxın olduğundan, tez-tez bir-birinin evinə gedib-gəlirlərmiş. Hadisə günü həyat yoldaşı və uşağını Əmircan qəsəbəsinə – öz anasıgilə aparıb qoyandan sonra geri qayıdıb və həyətdəki taxtaları yığmağa başlayıb. Kömək lazım olduğundan Lətifə Məmmədovanın 16 yaşlı oğlu Saqili çağırıb. Anası icazə verib və Saqil gəlib ona taxtaları toplamağa yardım edib.

Buna da bax: 'Dəmirci Tower'-də müdirini güllələyən işçi polisə təslim olub

Azər Cəfərovun ifadəsinə görə, elə taxtaları yığanda Saqilin böyük qardaşı Samirin dediyi sözlər yadına düşüb: “Həmin ərəfədə maşının icarəsini, gündəlik xərcləri, uşağın müalicəsini və borcu qaytarmaq üçün pula ehtiyacım vardı. Taksi işləməklə bu ehtiyacları ödəyə bilmirdim. Lətifənin böyük oğlu Samir bir neçə ay əvvəl işə girmişdi, bir neçə dəfə mənim yanımda pul yığdığını demişdi. Mən də onların evlərində 4-5 min manat pul olduğunu düşündüm. Saqillə həyətdə işləyəndə bu, yadıma düşdü. Saqilin mənə mane ola biləcəyini fikirləşdim, ona görə də əvvəlcə onu aradan götürmək istədim. Həyətdəki taxta parçası ilə qəflətən Saqilin başından arxadan bir dəfə möhkəm vurdum. Huşunu itirib yıxıldı. Ayaqlarını, əllərini və boğazını həyətdə olan sintetik materialdan olan kəndirlə bağladım. Maşının yük yerinə qoydum. Həmin vaxt Saqil nəfəs almırdı, nə də tərpənmirdi”.

“Fikirləşdim ki, o da öləcək”

Ardınca Lətifə Məmmədovanın evinə gəlib, orada onun digər oğlu Fəridlə birlikdə yemək də yeyib. Anası Saqilin niyə gəlmədiyini soruşanda isə cavab verib ki, həyətlərində qalıb, onu gözləyir. Öz gəlişinin səbəbini isə belə izah edib ki, tanışı maşınla dam örtüyü gətirməlidir, evi tanımır, bu ərazidə onu qarşılayıb aparmalıdır. Bir qədər keçəndən sonra Fərid dostu ilə görüşmək üçün evdən çıxanda Azər də onunla birlikdə çıxıb. Amma Fərid uzaqlaşandan sonra geri qayıdıb: “Maşını saxladığım yerə gedib bıçağı götürdüm. Lətifəgilin evinə gəldim. Qapını döyəndə Lətifə evdən çıxdı. Həyət qapısını açıb ona tərəf getdim. Lətifəyə yaxınlaşan kimi bıçaqla boyun və qarın nahiyəsinə bir neçə dəfə vurdum. Lətifənin qışqırığına Fəridə evdən çıxdı, anasının yerdə qaldığını gördü. O da qışqırmağa başladı. Həmin vaxt fikirləşdim ki, Lətifə Məmmədova öləcək. Çünki yerə yıxılanda xırıldayırdı. Buna görə də mən vaxt itirmək istəmədim. Dərhal Fəridə Qasımovaya hücum elədim, əlimdəki bıçaqla onun boğazından vurdum. Zərbələrdən sonra Fəridə yıxılıb yerdə qaldı və tərpənmədi. Fəridəni tutub həyətə çıxardım. Məqsədim evdən pulu götürüb tez çıxmaq idi. Buna görə də evə qayıdıb çarpayının üstündəki qadın pul qabını gördüm. Orada 207 dollar və təxminən 250 manat pul var idi”.

Buna da bax: Zərdab sakini: 'Qızımın ölümü ört-basdır edilir'

1991-ci il təvəllüdlü Fəridə hadisə yerində dünyasını dəyişsə də, anası Lətifə Məmmədova böyük oğlu Samirin sayəsində sağ qala bilib.

“Evə daxil olanda gördüm ki, qapının kənarında qan ləkəsi var, otaqlar da dağınıqdı. Bu məqamda gördüm ki, qapının arxasında qanlı bir əl var. Qapını çəkəndə gördüm ki, anam qanlı vəziyyətdə yerdədir. Onu qucaqlayıb evə saldım, nə baş verdiyini soruşdum. Danışa bilmədi. Tez yaxınlıqda yaşayan qohumumuza, qardaşım Fəridə zəng elədim, polisə xəbər verdim, təcili yardım çağırdım. Fərid, qohumumuz gələndən sonra Saqillə Fəridəni axtarmağa başladıq. Həyətdəki “KamAZ”ın qarşısında Fəridəni qanlı vəziyyətdə gördük. Onu nə qədər silkələdik, səs çıxmadı”, – Samir Qasımovun dedikləridir.

Onun sözlərinə görə, xəstəxanaya apararkən anası yolda deyib ki, onları Azər bıçaqlayıb. Hadisədən bir neçə saat sonra Azər Cəfərov tutulub, maşının yük yerindən də 16 yaşlı Saqilin meyiti tapılıb.

Buna da bax:​ General Orucov vəzifədən azad edildi, oğlu saxlandı

“Evdə olan əşyaları satırdı”

55 yaşlı Lətifə Məmmədova məhkəmədə deyib ki, Azər Cəfərovun maddi durumu pis idi: “Qayınanası deyirdi ki, işləmir. Evdə olan əşyaları satırdı. Azər dəfələrlə, bizim evdə oğurluğa cəhd edib. Mən əminəm ki, bu hadisəni də o, qarət məqsədilə törədib”.

İş materiallarından o da məlum olub ki, Azər Cəfərov əsəb xəstəsi olub. Hətta buna görə hərbi komissarlıq onu Bakıdakı 2 saylı ruhi əsəb dispanserinə göndərib, orada 5 gün qalıb müalicə alıb: “Həkimlər bir il müddətində bir neçə dəfə müalicə olunmağı məsləhət bilmişdirlər. Lakin maddi imkanım olmadığından müalicə oluna bilmədim”.

İş materiallarına lombarddan alınmış məktub da əlavə olunub. Oradan görünür ki, Cəfərovun lombarda da 600 manat borcu olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG