Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:24

'Gəncə elektrobus buraxacaq'


Elektromobil/
Elektromobil/

“Gərək bunun ölkədə servisi, ustası da olsun. Maşının problemi çıxsa, ona kim baxacaq?”

“Təsəvvür edin, bu boyda ölkədə əgər elektroavtomobiliniz varsa, cəmi 3 nöqtədə onu elektrik enerjisi ilə doldura bilərsiniz”. Bunu tələbə, energetika üzrə Azərbaycanda təhsil alan tələbə Cəfər Cəfərzadə AzadlıqRadiosu-na deyir. Azərbaycanda alternativ enerji üzrə araşdırma aparan tələbə söyləyir ki, Bakıda “Bayraq” meydanında, Heydər Əliyev Mərkəzinin yanında və “Park Bulvar”ın arxasında belə “charge” (enerji ilə doldurma) aparatı var.

Buna da bax:​ Gəncə avtomobil zavodu özəlləşdirməyə çıxarılır

“Maşın yolda qalsa, necə olacaq?”

Bu avtomobillərin enerji yığma tezliyindən danışan Cəfər Cəfərzadənin sözlərinə görə, 220 V gərginlikdə, yəni ev şəraitində mühərrik 8 saat enerji yığır, xüsusi enerji doldurma məntəqələrində isə yarım saata:

“Hazırda bu texnologiyanın üzərində iş gedir. Litium batareyalarına keçəcəklər, bu, daha tez “charge” olunmaya imkan verəcək”.

Bir neçə il qabaq elektrik avtomobillərin Azərbaycanda satışı ilə bağlı xəbərlər yayılsa da, deyəsən, cəlbedici olmadı.

Azərbaycan Avtomobil Federasiyasının rəhbəri Hikmət Əliyev bunun səbəbini bir neçə faktorla izah edir: “Elektromaşınların əsas problemi mövcud enerji əsasında gedilən km-in az olmasıdır. 200 km gedən kimi enerji bitir, Bakıda hər gün tıxacdır, maşın yolda qalsa, necə olacaq? “Charge” stansiyaları çox olmalıdır ki, istənilən yerdə enerji götürə biləsən”.

Buna da bax: «Azərbaycan avtomobil istehsal etmir, yığır»

“Gömrük hər ikisinə bir gözlə baxır”

Hikmət Əliyev Azərbaycanda buna marağın o qədər olmamasını həm də gömrük rüsumlarının yüksəkliyi ilə əlaqələndirir, deyir ki, ölkəyə gətirilən elektromaşın maye yanacağı ilə çalışan avtomobillərlə eyni tutulur. Onun sözlərinə görə, bu sahədə qanunvericilikdə boşluq var: “İkincisi də, bütün dünyada belə maşın alanlara dövlət bir çox güzəştlər edir. Hətta avtomobilin dəyərinin bir hissəsini ödəyən ölkələr də var ki, sürücülər yanacaqla işləyən maşınlarını buna dəyişsinlər, benzindən asılılıq ortadan qaldırılsın”.

Hikmət Əliyev: 'Bu sahədə qanunvericilikdə boşluq var'
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00
Direct-ə keçid

Federasiya rəhbəri deyir, Azərbaycanda, hələ ki, qiyməti 80-100 min dollar olan elektrik mühərrikli avtomobillər “lüks həyat” nümunəsi sayılır. O, Azərbaycanda hələ bu avtomobillərdən kütləvi istifadənin perspektivini görmür: “Bəlkə 10-15 ildən sonra mümkün ola bilər. Amma bu gün yoxdur. Təkcə ölkəyə avtomobili gətirməklə iş bitmir. Gərək bunun ölkədə servisi, ustası da olsun. Maşının problemi çıxsa, ona kim baxacaq?”

Buna da bax:​ Azərbaycanın illərdir açılan zavodlarından nə xəbər?

“Yol Xəritəsi 2020-ci ildən sonra nəzərdə tutur ki…”

Ancaq 2020-ci ildən sonra ölkədə elektrik mühərriki ilə işləyən avtomobillərdən istifadə edilməsi gözlənir. Bu gözlənti “Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"ndə öz əksini tapıb.

Sənəddə göstərilir ki, elektrik mühərriki ilə işləyən avtomobillərin istifadəsi üçün tələb olunan infrastrukturu qurmaq prioritet qoyulub: “2020-ci ildən etibarən respublikada elektrik mühərriki ilə işləyən avtomobillərdən istifadə gözlənilir. Azərbaycanda bunun üçün tam formalaşmış elektrik enerjisi infrastrukturunun yaradılması ilkin şərt kimi nəzərdən keçirilir", – Yol Xəritəsində deyilir.

Buna da bax:​ Strateji Yol Xəritəsinin üzə çıxardığı korrupsiya

Gəncə Avtomobil Zavodunda “Eurabus”lar

Üstəlik, Azərbaycan həm də elektriklə çalışan nəqliyyat vasitələrinin istehsalçısına çevrilmək niyyətindədir. Gəncə Avtomobil Zavodundan AzadlıqRadiosuna bildiriblər ki, Almaniyanın “Eurabus GmbH” şirkəti Azərbaycan və üçüncü ölkələrdə “Eurabus” elektrik avtobuslarının yığılması və reallaşdırılması ilə bağlı razılığa gəlib. Zavodun mətbuat xidmətinin açıqlamasında deyilir ki, artıq ilk elektrobus test sınağından keçirilib.

“Gəncədə yığılacaq elektrobusların xarici ölkələrə, xüsusilə Gürcüstana ixracı da planlaşdırılır”, – mətbuat xidməti bildirib.

“Hökumət ayaqlaşmasa…”

İqtisadçı Natiq Cəfərlinin fikrincə, Azərbaycan böyük maliyyə xərcləmədən dünya ilə ayaqlaşa bilər: “Ölkədə günəş enerjisi ilə çalışan “charge” aparatları quraşdırıla bilər və hətta elektromobillər bu aparatlardan pulsuz yararlana bilərlər”.

Natiq Cəfərli: 'Azərbaycan böyük maliyyə xərcləmədən dünya ilə ayaqlaşa bilər'
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00
Direct-ə keçid

Buna da bax:​ Yeraltı dayanacaqlar satışa çıxarılır

Natiq Cəfərlinin sözlərinə görə, hökumət bu istiqamətdə əvvəlcə təşviq proqramları həyata keçirməli, gömrük rüsumlarını və vergiləri ləğv etməli, belə maşın alanlara maliyyə dəstəyi verməlidir:

“Bu layihənin Azərbaycanda reallaşması hökumətin yanaşmasından asılı olacaq. Dünya çox tezliklə elektroavtomobillərə keçəcək, Azərbaycan ləng tərpənsə, çox geridə qala bilər”.

“Benzindən ucuzdur”

Bəs belə maşınlar benzinlə müqayisədə elektrikə nə qədər vəsait xərcləməlidirlər?

Energetika üzrə təhsil alan tələbə Cəfər Cəfərzadənin hesablamasına görə, tam enerji dolu, 500 km gedəcək maşın bunun üçün “charge”a 6 manat ödəyir:

“Elektrik enerjisinin qiyməti qalxmazdan öncə 4.80 qəpik idi, indi hardasa 6 manat olar, benzinlə işləyən maşın isə eyni km-ə 40 manat yanacaq işlədir”.

Buna da bax:​ İsmayıllı velosipedi Azərbaycan iqtisadiyyatına nə verəcək?

ABŞ-da elektromaşınlar üçün üstünlüklər

“İndi Amerikada yeni nəsil maşınlar arasında üstünlük elektriklə işləyənlərə verilir”, – ABŞ-da yaşayan azərbaycanlı Ələkbər Raufoğlu deyir. Onun sözlərinə görə, sənaye təmsilçiləri və ölkə rəsmiləri də sürücüləri buna həvəsləndirirlər:

Ələkbər Raufoğlu
Ələkbər Raufoğlu

“Məsələn, bizim yaşadığımız Vaşinqton və ətraf şəhərlərdə binaların önündə eləcə də parkinq meydançalarında prioritet əlilliyi olan sürücülərin maşınlarına verilirsə, ikinci yerdə elektrik maşınlar gəlir – yəni onlar üçün parkinq problemi, demək olar ki, yoxdur. Benzinlə işləyən maşınlar isə bir qayda olaraq, daha kənarda saxlanır. Parkinqlə yanaşı, elektrik maşınlarının enerji tələbatını ödəmək üçün Vaşinqtonda və ətraf ştatlardakı parkinqlərdə xüsusi aparatlar da quraşdırılıb. Bunların arasında pulsuzu da var, ödəniş tələb edəni də. Amma əksər binalar və müəssisələr bu xidməti pulsuz yaradıblar”.

Buna da bax:​ 'İndiki komanda ilə yol xəritələrini gerçəkləşdirmək mümkün deyil'

Ələkbər Raufoğlu deyir ki, elektriklə çalışan avtomobilləri “yolda qalma” qorxusundan qurtarmaq üçün onu maye yanacaqla çalışa bilmək imkanına da tənzimləyiblər. Belə maşınlara “hibrid” deyilir, yəni, həm elektriklə, həm də benzinlə işləyir. Müsahibimizin sözlərinə görə, ABŞ-da belə maşınların təbliği daha sağlam həyat tərzinə hesablanıb:

“Yaşadığımız qəsəbədə, demək olar ki, bütün işıqforlar da günəş enerjisi ilə işləyir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG