Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:40

Azərbaycandan Gürcüstana axan milyonlar


Manat və dollar
Manat və dollar

Milli Məclisin pensiya yaşı ilə bağlı qanunvericiliyə etdiyi dəyişikliklər, 6 tələbənin ölümünə səbəb olan yol qəzası, Azərbaycandan Gürcüstana axan pullar, ölkənin aqrar sektorundakı durum 12 mart ölkə mətbuatının əsas mövzuları olub.

Mənim pensiyam neçə manat olacaq?

“65 yaş o adamlar üçündür ki, yüksək maaş və qanuni əmək müqaviləsi ilə işləyib, özünə yaxşı pensiya kapitalı yığa bilsin”. “Qafqazinfo” saytında yayımlanan “Mənim pensiyam neçə manat olacaq?” məqaləsində 65 yaşdan sonra vətəndaşın nə qədər təqaüd alacağı təhlil olunur.

Buna da bax: Parlament pensiya yaşını da, iş stajını da artırdı

Müəllif qeyd edir ki, kim ki əmək müqaviləsi olmadan(hazırda belələri on minlərlədir) işləyir, yaxud aldığı əmək haqqının cüzi bir hissəsi rəsmiləşdirilir, onlar elə ölənəcən işləməli olacaqlar…

Bakı, Sovetski, məhəlləsində yaşlı qadın, foto Jahangir Yusif, 01 yanvar 2013
Bakı, Sovetski, məhəlləsində yaşlı qadın, foto Jahangir Yusif, 01 yanvar 2013

“Dəyişikliklərin ən maraqlı tərəfi budur ki, pensiyaya çıxmaq hüququ verən minimum pensiya məbləği hər il inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək – yəni artırılacaq. Bu il 110 manatdırsa, gələn il azı 5-6 manat artacaq… Yəni bu proses rəsmi elan olunan inflyasiya səviyyəsinə uyğun gedəcək”, yazıda vurğulanır.

“Bu o deməkdir ki, indi mənim 42 yaşım varsa, 65 yaşa çatanadək olan dövrdə - 23 ildə minimum pensiya məbləği artıb 300-500 manata çata bilər. Bu halda mənin Pensiya Fondundakı sosial kapitalımı 144 aya böldükdə alınan məbləğ həmin 300-500 manatdan yuxarı olmalıdır ki, pensiyaya çıxa bilim”, müəllif qeyd edir.

“Qanunsuz sərnişin daşıma problemi”

Lent.az yayımladığı yazıda bir neçə gün öncə Bakı-Sumqayıt yolunda baş vermiş və 6 tələbənin ölümü ilə nəticələnmiş yol qəzasından sonra sərnişindaşıma probleminə toxunur.

"Həmin avtobuslar dövlət qeydiyyatından necə keçir, Dövlət Yol Polisində illik texniki baxışdan necə keçir? Axı bu mikroavtobusları istehsalçı 13 nəfər üçün nəzərdə tutub".

Ərşad Hüseynov
Ərşad Hüseynov

Buna da bax: Qəza törədən avtobus qanunsuz işləyirmiş? [yenilənib]​

Bunu hüquqşünas Ərşad Hüseynov deyib. O hesab edir ki, baş vermiş bu qəza nəqliyyat sahəsində təşkilati-texniki məsələlərdə problemlərin olduğunu tam şəkildə göstərir. Onun sözlərinə görə, sərnişin avtobuslarında kustar üsulla əlavə oturacaqlar quraşdırılır, bu müdaxilələrə heç kim nəzarət etmir.

“Dünən baş verən dəhşətli qəzadan sonra belə müxtəlif markalı avtobuslar nəqliyyat nömrəsi olmadan Bakı-Sumqayıt reysi ilə hərəkət edirlər. Əksər sərnişindaşıma ilə məşğul olan sürücülər belə avtobusların marşrutda işləməsindən narazıdırlar”, yazıda deyilir.

Azərbaycan ötən il Gürcüstan iqtisadiyyatına təqribən 600 milyon dollar yatırıb

Azərbaycan 2016-cı ildə Gürcüstan iqtisadiyyatına 578 milyon dollar həcmində sərmayə yatırıb. Bu, ötən il Gürcüstan iqtisadiyyatına yönəldilən ümumi xarici investisiyaların 35 faizini təşkil edib.

“Report” yazır ki, bu göstərici ilə Azərbaycan Gürcüstanın xarici investorları sırasında birinci yerdədir.

Siyahıda 272 milyon dollarla ikinci yerdə Türkiyə, 121 milyon dollarla Böyük Britaniya dayanır.

Niderland, Çexiya, Lüksemburq, ABŞ və Kiprin yönəltdiyi sərmayələrin ümumi həcmi 246 milyon dollar təşkil edib.

Ötən il Gürcüstan iqtisadiyyatına yatırılan xarici investisiyaların ümumi həcmi isə 1,6 milyard dollar təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 22 faiz çoxdur.

Azərbaycan və Gürcüstan bayraqları
Azərbaycan və Gürcüstan bayraqları

Gürcüstan Milli Statistika Xidmətindən bildiriblər ki, ötən il xarici sərmayələrin 645 milyon dolları nəqliyyat və rabitə, 203 milyon dolları energetika, 163 milyon dolları tikinti sahələrinə qoyulub. Qalan hissə isə istehsal sənayesi, daşınmaz əmlak, otel və restoranlara, səhiyyə, təhsil və digər sahələrə yönəldilib, məqalədə deyilir.

“Fermerlərin soğanına bazar tapıldı”

Fins.az yazır ki, kəndli və fermerlərin sata bilmədiyi tonlarla soğan Rusiya bazarlarına çıxarılacaq.Bu barədə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin Yuxarı Qarabağ Regional Bölməsinin aparıcı mütəxəssisi Raqif Məmmədov məlumat verib.

Sayt yazır ki, artıq Rusiya bazarlarına 500 tondan çox kənd təsərrüfatı məhsulları daşınıb:

“Hazırda isə kəndli fermerlərin ötən mövsüm becərdikləri, amma sata bilmədikləri minlərlə ton soğan dövlətin dəstəyi ilə xarici bazarlarda satılması planlaşdırılır”.

Fermer Camal Məhərrəmov bildirib ki, ötən il 1 500 tonadək becərdiyi soğan anbarlarda qalıb: “Qiymətlərin ucuz olması və yerli bazarlarda alıcı olmaması səbəbindən məhsulun 60%-i zay olub”.

Kənd təsərrüfatı mütəxəssisləri hesab edirlər ki, əslində məhsulun satılmamasında fermerlər özləri təqsirkardır. Bütün bölgələrdə eyni məhsulun kütləvi şəkildə becərilməsi qiymətlərin aşağı düşməsi ilə yanaşı, həm də alıcılıq qabiliyyətini aşağı salır. Bu səbəbdən də yeni əkin mövsümündə müxtəlif çeşidli məhsulun becərilməsi üçün maarifləndirmə işlərinin aparılacağı planlaşdırılır.

Dövlətin fermerlərə dəstək olması onların daha çox qazanc əldə etməsi ilə yanaşı, həm də əkinçilik mədəniyyətinin inkişafına səbəb olacağı məqsədini daşıyacaq.

Azərbaycanda bitkilərin məhsuldarlığını artıran yeni maddələr yaradılıb

Foto: arxiv
Foto: arxiv

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yaradılmış yeni boy maddələri uğurlu sahə sınaqlarından keçib.

“Trend” xəbər agentliyi yazır ki,bu boy maddələri pambıq, qarğıdalı, noxud, taxıl və s. bitkilərdən yüksək məhsuldarlıq əldə etməyə imkan verir:

“Boy maddəsinin 20 qramı 400 litr suda həll edilir və 180 kq pambıq çiyidi 24 saat bu məhlulda saxlanıldıqdan sonra sahəyə səpilir. Nəticədə faktiki olaraq 100%-li bitiş əldə olunur. Bitki sürətlə böyüyür, bir kolda qozaların sayı bir neçə dəfə çox olur”.

Məqalədə deyilir ki, boy maddələri eyni zamanda meyvə tinglərinin (nar, tut, alça, alma, üzüm, badam, zeytun və s.) yetişməsində də uğurla sınaqdan keçib: “Boy maddəsi ətraf mühit üçün ekoloji gərginlik yaratmır”.

XS
SM
MD
LG