Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:54

'Bukmeyker kontorlarında vergidən yayınan pullar'-MEDİA İCMALI


Topaz lottareyası
Topaz lottareyası

Turizmin inkişafı, bank sektorunda vəziyyət, mərc oyunlarında vergidən yayınma və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Banklara yenidən vergi güzəşti olacaqmı?

“Exo” qəzetində “Azərbaycan bankları kapitallaşmadan ötrü vergi güzəştləri istəyirlər” sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkədə bank sisteminin durumunu ekspert Əkrəm Həsənovla müzakirə edib.

Yazıda bildirilib ki, Azərbaycanın bank sisteminin vəziyyətinin ağır olması sirr deyil. 2015-ci ildə baş verən iki devalvasiyadan sonra bəzi banklar bağlanıb. Müəllifin fikrincə, indi fəaliyyət göstərən maliyyə müəssisələri isə problemlərlə mübarizə aparırlar.

Yazıda həmçinin vurğulanır ki, bankların məcmu kapitalı güclü şəkildə zəifləyib və bu proses hələ də davam edir:

“Bir neçə il ərzində Azərbaycanın bank sektoru çoxmilyonlu ziyanlara məruz qaldılar. Bu müddət ərzində banklar hökumətdən 3 il müddətinə əlavə dəyər vergisindən azad olunmalarnı xahiş etsələr də hökumət hələ ki, buna qarşılıq vermir”.

Ekspert Ə.Həsənov isə hökuməti banklara vergi güzətlərinə getməməkdə haqlı sayır:

Əkrəm Həsənov
Əkrəm Həsənov

“Bilirik ki, Azərbaycan banklarının əksəriyyətinin kapital problemi var.Bununla belə hökumət belə güzəştlərə getməməlidir. Belə vergi güzəştləri etdikdə dövlət milyon manatlar itirir. Nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatındakı durum heç də əlverişli deyil, belə itkilərə getmək kifayət qədər risklidir, problem hətta heç bunda da deyil”.

Ə.Həsənov deyib ki, 2009-cu il yanvarın 1-dən 2011-ci ilin sonuna kimi ölkədə fəaliyyət göstərən bütün banklar, sığorta şirkətləri bəzi vergi güzəştlərindən yararlanıblar:

“Bundan sui-istifadə etdilər. Odur ki, hökumət güzəştlərə getməyəcək və tamamilə düz edəcək”, Ə.Həsənov belə deyir.

“Mərc oyunlarında şəffaflıq”

“Novoye Vremya” qəzetində “Dövlət büdcəsində “çılğın oyunlar”ın yeri nədir?” sualı gündəmə daşınır.

Yazıda totalizator və lotereya oyunlarında əldə edilən gəlirlərin hara xərcələnməsi məsələsi qaldırılır.

Müəllif hesab edir ki, bu oyunlar hər zaman gəlirli olub. Azərbaycanda bu istiqamətdə əsasən “Azərlotereya” ASC və “Azerinteltek” QSC fəaliyyət göstərirlər.

Müəllif vurğulayıb ki, bu sahənin spesifikliyi daha çox şəffaflıq tələb edir:

“Burada çətinlik odur ki, “Azerinteltek” şirkətinin səhmlərinin 51 faizi Türkcell və “İntralot Group” şirkətləri arasında bölünüb. Bu təşkilatın ancaq gəlirləri barədə məlumatlara malikik”.

Yazıda qeyd edilir ki, “Topaz” brendi ilə çıxış edən “Azinteltek” QSC ölkədə totalizator oyunlarının yeganə operatorudur:

Azərbaycan, Topaz
Azərbaycan, Topaz

“Bu səhmdar cəmiyyətin qapalı olması üzündən biz ancaq onun xarici səhmdarlarını tanıyırıq. Azərbaycan dövləti tərəfindən bu operatorun işində Gənclər və İdman Nazrilriyinin balansında olan “Azəridmanservis” iştirak edir. Onun burada payı 4,2 faizdir”.

Müəllifin deməsinə görə, totalizator oyunlarının 100 faizlik dövriyyəsinin 70 faizə yaxını mükafatlandırma fonduna xərclənir. Yazıda habelə bildirildiyinə görə, qalan məbləğ agentlərə, dövlətə və gəlir olaraq şirkətə qalır.

Müəllif hesab edir ki, şirkətin xərcləri barədə dəqiq məlumatlar yoxdur, yalnız dividentlər verilməsi haqda informasiya verilir.

Yazıda həmçinin vurğulanır ki, bəzi məlumatlara görə, bu bazarın 70-80 faizi qeyri-leqal fəaliyyət göstərir.

Müəllif hesab edir ki, bu sahədə kifayət qədər maliyyə vəsaiti vergidən yayındırılır

“Turizmin inkişafı”

“Azərbaycan” qəzetində “2 milyon 692 min turist” sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, artıq turizm bütün dünyada ən gəlirli, sürətlə inkişaf edən sahələrdən biridir. Yazıda vurğulanır ki, elə Azərbaycanda da ümumi daxili məhsulda (ÜDM) turizimin çəkisi artmaqdadır:

Azərbaycan, Novruz şənlikləri, Bakı-24 mart 2013
Azərbaycan, Novruz şənlikləri, Bakı-24 mart 2013

“Təkcə 2017-ci ildə ölkəmizə 2 milyon 691 min 998 nəfər turist gəlib. Bu, 2016-cı ildən 20 faiz çoxdur. Ötən il turizm sahəsinə qoyulan investisiyaların həcmi 91 milyon manat olub və il ərzində ölkəmizə gələn xarici qonaqların bank əməliyyatları 1 milyard manatdan çox olub. Bu da 2016-cı illə müqayisədə 70 faiz artım deməkdir”.

Yazıda bildirilir ki, 2018-ci ilin yanvar və fevral ayı ərzində xarici vətəndaşların bank əməliyyatları 190 milyon manatı ötüb.

Müəllif hesab edir ki, son illərdə ölkədə keçirilən beynəlxalq miqyaslı bir sıra idman və humanitar tədbirlər turizm potensialının təbliğinə əhəmiyyətli şərait yaradıb.

Yazıda ölkədə turizmin inkişafına səbəb kimi ilk növbədə, Azərbaycanda hökm sürən sabitlik və əmin-amanlıq göstərilir:

“Cənab prezidentin bu sahədə imzaladığı sərəncamlar, qəbul olunmuş dövlət proqramları turizmin inkişafına güclü stimul verməkdədir və həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu gün ölkəmizdə turizmin geniş infrastrukturu yaradılıb”.

Yazının sonunda isə oxuyuruq:

“ Kifayət qədər turizm potensialı olan Azərbaycan bu sahədə dünyanın aparıcı ölkələri ilə rəqabətə girməyə və öz imkanlarını nümayiş etdirməyə qadirdir. Təbii ki, yaradılan hər bir turizm infrastruktur, həm də yeni iş yerlərinin açılması deməkdir”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG