Keçid linkləri

2017, 23 Sentyabr, şənbə, Bakı vaxtı 11:28

XİN: 'AB ilə vizaların ləğvi müzakirə mövzusudur'


XİN

«Avropa Birliyi (AB) ilə əməkdaşlıq çərçivəsində bu qurum tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə vizaların ləğv edilməsi müzakirə mövzularından biridir».

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyir ki, AB ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında saziş artıq bir neçə ildir qüvvədədir. Readmissiya əmək miqrantlarının gəlişi və geri qaytarılması prosesini tənzimləyir: «Vizaların ləğvi məsələsinə Azərbaycan və AB arasında yeni tərəfdaşlıq sazişi çərçivəsində baxılması da istisna deyil»,-deyə o qeyd edib.

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna AB ilə assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Yaxın günlərdə Azərbaycanla Avropa Birliyi arasında danışıqların növbəti raundu keçirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG