Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:20

AzadlıqRadiosu-nun apellyasiya şikayətinə baxılacaq


AzadlıqRadiosu-nun "azadliq.org" saytı Azərbaycanda bloklanıb.
AzadlıqRadiosu-nun "azadliq.org" saytı Azərbaycanda bloklanıb.

Azərbaycanda AzadlıqRadiosu-nun "azadliq.org", "Azadlıq" qəzetinin "azadliq.info", "Meydan TV"nin, "Turan TV"nin və "Azərbaycan saatı" televiziya proqramının internet saytlarına girişin rəsmi şəkildə məhdudlaşdırılması yenidən məhkəmədə mübahisələndirilir. Adları çəkilən saytların bloklanması barədə Səbail Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılacaq.

Bu iş Bakı Apellyasiya Məhkəməsində Abiddin Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyasının icraatına verilib.

Buna da bax:​ 'Azadlıqradiosu-nun saytı açar sözlərlə bloklanır'

Məhkəmənin ilkin baxış iclası noyabrın 7-nə təyin olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi 27 mart 2017-ci ildə adları çəkilən saytlara Azərbaycan ərazisində girişi məhdudlaşdırıb. Aprel ayında isə nazirlik məhkəməyə müraciət edərək, saytların bloklanması haqda qərar çıxarılmasını istəyib. Aprelin 27-də məhkəmədə nazirlik təmsilçisi bildirib ki, saytlara giriş Baş Prokurorluqdan gələn məktub əsasında məhdudlaşdırılıb. Baş Prokuror Zakir Qaralovun imzası ilə martın 27-də nazirliyə göndərilən məktubda göstərilib ki, sözügedən saytlarda ölkənin konstitusion quruluşunun zorla dəyişdirilməsinə, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlik materiallar yayımlanır. Həmin materiallar dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığına görə tədbir görülməsi istənilib. Nazir də prokurorluqdan gəlmiş bu məktub əsasında elə həmin gün təxirə salınmadan tədbir görüb – ölkə ərazisində həmin saytlara giriş məhdudlaşdırılıb.

Buna da bax: Məhkəmə müstəqil saytları blokladı [yenilənir]

Məktuba saytlarda yayımlanmış materiallar da əlavə olunub. Nazirlik də məhkəməyə iddia ərizəsinə həmin yazıları da qoşma şəklində təqdim edib. Sözügedən yazıların əksəriyyəti ölkə prezidentinin tənqid olunduğu məqalələr, xarici mediada yayımlanmış, Azərbaycan dilinə tərcümə olunaraq, istinadla sayta yerləşdirilmiş materiallardır.

Bundan başqa, Milli Şuranın mitinq müzakirələri haqda yazılar da "qara siyahıya" salınıb. Məsələn, AzadlıqRadiosu-nun saytında yayımlanmış "Son iki gündə 4 nəfərin özünü öldürdüyü deyilir" başlıqlı məqalə də prokurorluğun dövlətə və cəmiyyətə təhdid kimi dəyərləndirdiyi materiallardandır.

Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırov 12 may 2017-ci il tarixli qərarla nazirliyin iddiasını təmin edib və adları çəkilən saytlara Azərbaycan ərazisindən giriş məhkəmə qərarı ilə məhdudlaşdırılıb.

Buna da bax:​ Prokurorluğun siyahıya saldığı yazılar [siyahı] [video]

AzadlıqRadiosu və bloklanmış digər saytlar bu iddiaları əsassız adlandırıb.

AzadlıqRadiosu bu yaxınlarda Azərbaycan hökumətinin onun ölkədəki fəaliyyətini az qala üç il ərzində əngəlləməsi iddiası ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

AzadlıqRadiosu-nun Azərbaycan Xidməti özünün internet, peyk, “Facebook”, “YouTube”, “Instagram” və başqa rəqəmsal platformalarda fəal yayılan məqalə, audio və video materialları ilə ölkədə əvəzsiz müstəqil xəbər mənbəyidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG