Keçid linkləri

2017, 21 Avqust, Bazar ertəsi, Bakı vaxtı 04:48

Axund başını yaxşı bağlamayan qadınları fahişəyə bənzətdi


Ebrahim Hosseini

İranda qadınların məcburi hicab qaydasına əməl etməməyə görə mühakiməsi yeni bir şey deyil.

Ötən illər ərzində mühafizəkarlar «başını yaxşı bağlamamış» qadınları ölkənin sosial problemlərindən tutmuş, təbii fəlakətlərə qədər hər şeydə günahlandırıblar.

«ƏN TALEYÜKLÜ MƏSƏLƏLƏRDƏN BİRİ»

Ancaq bu yaxınlarda İranın mərkəzi hissəsindəki Save şəhərində cümə namazı zamanı axundun məcburi baş örtüyü qaydasına tam əməl etməyən qadınları fahişələrə bənzətməsi ölkədə mübahisələr yaradıb. Bu haqda AzadlıqRadiosunun əməkdaşı Golnaz Esfandiari yazır.

Bildirilir ki, höccətülislam Seyed Ebrahim Hosseini bu sözləri iyunun 2-də cümə namazı zamanı deyib. O, məcburi baş örtüyünə qarşı çıxanları tənqid edib, bu qaydanı islamda «ən taleyüklü» məsələlərdən biri adlandırıb.

«O yaşıl və bənövşəyi qolbaqlar kimi, ağ çarşabdan da üsyan iyi gəlir. Bunların hamısı cahillik dövründə fahişələrin öz damlarından asdıqları bayraqlar kimidir», – Hosseini deyib. Onun moizəsinin səs yazısı internetdə yayılıb.

İranda bəzi qadınlar çərşənbə günləri ictimaiyyət arasında bəyaz baş örtüyü taxaraq etiraz kampaniyası keçirirlər. Onlar həmçinin, antihicab mesajlarının səs yazılarını Instagram və başqa sosial şəbəkələrdə paylaşıblar. Görünür, Hosseini öz moizəsində həmin qadınları nəzərdə tutub.

Masih Alinejad
Masih Alinejad

ÖN TARİXÇƏ

Sözügedən hərəkat mühacirətdə olan İran jurnalisti Masih Alinejad tərəfindən başlanıb. O, ölkənin xaricindən məcburi hicaba qarşı kampaniyalar təşkil edir.

Hosseini yaşıl və bənövşəyi qolbaqlardan danışarkən İranın hazırkı prezidenti Hassan Rouhani tərəfdarlarını və müxalif Yaşıl Hərəkatı nəzərdə tutub. Rouhani öz seçki kampaniyasının rəngi kimi bənövşəyi rəngi seçmişdi. Yaşıl Hərəkatsa 2009-cu ildə keçirilmiş prezident seçkisi zamanı baş verdiyi iddia olunan saxtakarlığa etiraz gedişində yaranmışdı.

Rouhani-nin seçki kampaniyasının bəzi tədbirlərində əllərində hicabı və əxlaq polisini tənqid edən şüarlar tutmuş, başını tam örtməmiş qadınlar gözə dəyirdi. Rouhani-nin bir çox tərəfdarları isə bənövşəyi və yaşıl qolbaqlar taxırdılar.

Hosseini-nin sözlərini bir neçə millət vəkili və fəal tənqid edib. Onlar axundu İran qadınlarını təhqir etməkdə və onların siyasi fəallığına həddindən artıq həssas yanaşmaqda suçlayıblar.

«O QOLBAQLARI TAXANLAR...»

Millət vəkili Abdollah Mazani milyonlarla iranlının istifadə etdiyi Telegram mobil əlavəsində Hosseini-ni sərt tənqid edib.

«O yaşıl və bənövşəyi qolbaq taxanlar Rouhani-yə səs verən 24 milyon iranlıdır», – deyə o yazıb.

Millət vəkili əlavə edib ki, Hosseini qadınların hicab taxmasından narahatdırsa, onlara islam əxlaqına və ədəb qaydalarına əməl edərək yol göstərməlidir.

«Sən hansı dini, əxlaqi və qanuni haqla cümə namazlarının müqəddəs minbərindən milyonlarla iranlını əxlaqsızlıqda suçlamağı özünə rəva görürsən?», – deyə o, sual edib.

Tehranda Cümə namazı
Tehranda Cümə namazı

Millət vəkili Parvanhe Salahshouri də Hosseini-nin sözlərini tənqid edib.

«Mən anlamıram, niyə bəziləri qadınların siyasi iştirakından bu qədər narahatdırlar. Narahatlıq bir tərəfə, təhqir nəyə lazımdır?», – xanım millət vəkili deyib.

O əlavə edib ki, Hosseini cümə namazlarını aparanların ləyaqətini qoruyub saxlamaq üçün qadınlardan üzr istəməlidir.

Qadın hüquqları fəalı Minou Mortazi Langaroudi deyir ki, uyğun orqanlar məsələyə müdaxilə edərək gələcəkdə belə təhqirlərin təkrarlanmasını önləməlidir.

MÖVZULAR KHAMENEI İDARƏSİNDƏN GƏLİR

İslahatyönümlü «Şərq» qəzetinin jurnalisti Ameneh Shirafkan-sa Twitter-də yazıb ki, bir neçə qadın hüquqları təşkilatı Hosseini-dən rəsmi şikayət etməyə hazırlaşır.

Hosseini yaranmış narazılıqla bağlı hər hansı şərh verməyib.

Cümə namazlarını aparan mollaların toxunduqları mövzuları İranın ali dini lideri Ali Khamenei-nin idarəsindən aldıqları deyilir. Adətən, cümə namazlarından «İranın düşmənləri»nə mesajlar göndərmək üçün platforma kimi istifadə edilir. Çox vaxt bu «düşmənlər» ABŞ və ya mövcud rejimin tənqidçiləri olur.

İran qadınlarının fiziki görkəmi və hicab taxması cümə namazlarında tez-tez müzakirə olunan məsələlərdəndir.

2010-cu ildə Tehranın müvəqqəti cümə namazı lideri Kazem Sedighi-nin hicab qaydasına sayqı göstərməyən qadınların zəlzələ riskini artırması barədə dedikləri dünya xəbər başlıqlarına çıxmışdı.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG