Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:07

Lüks avtomobillərin aksiz dərəcəsi artırıldı


Avtomobil salonu
Avtomobil salonu

«Vergi Məcəlləsinə dəyişikliklər bağlı qanun layihəsi paketinin fəlsəfəsi Azərbaycanda şəffaflığın artırılmasına, uçot sisteminin bərpasına xidmət edir. Maşınlara, nəqliyyat vasitələrinə qoyulan vergilərin artırılması isə sosial bərabərlik prinsipi əsasında həyata keçirilən addımdır».

Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər paketi haqda danışarkən vergilər naziri Fazil Məmmədov belə deyib.

Buna da bax-Vergilər nazirliyi indi də onlayn alış-verişə əl qoyur

«Turan» agentliyinin xəbərinə görə, nazir yeni dəyişikliyin ölkəyə avtomobillərin gətirilməsinə neqativ təsir edə biləcəyini istisna etməyib. Bununla belə, o qeyd edib ki, bu dəyişiklik sosial bərabərliyə pozitiv təsir göstərəcək.

«TƏKLİFLƏR SOSİAL BƏRABƏRLİYƏ XİDMƏT EDİR»

«İndiyədək bütün ticarət dövriyyəsindən vergi tutulurdu. Bu gün isə qanunvericilik insanları bundan azad edir. Deyir, hansı qiymətə almısansa, onu əlavə dəyər vergisindən çıxırıq. Onun üstünə nə qədər gəlir qoymusansa, bundan vergi tutulacaq. Bundan yaxşı sosial təbəqə üçün maddələr ola bilərmi?!», - nazir deputatlara xitabən sual edib.

Vergi Məcəlləsinə dəyişikliyi isə deputatlara parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə təqdim edib. Komitə sədri hesab edib ki, dəyişiklik paketi ölkədə iqtisadi fəallığın artırılmasına, sahibkarlığın inkişafına dəstək verilməsinə yönəlib.

Milli Məclis
Milli Məclis

PAKET 201 DƏYİŞİKLİK TƏKLİFİNİ ƏHATƏ EDİR

Onlardan 120-dən çoxu vergi inzibatçılığı ilə bağlıdır. Digər təkliflərsə vergi ödəyicilərinin hüquqları, vergi yükünün tənzimlənməsi ilə əlaqədardır.

Z.Səmədzadə vergi ödəyicilərinin hüquqları ilə bağlı təkliflərin üzərində xüsusi dayanıb, onların mütərəqqi olduğunu ifadə edib.

Buna da bax-Təmizlikçi büdcəyə keçirməyə 10 manat tapa biləcəkmi?

«Kənd təsərrüfatı sahəsində çalışanlar 1999-cu ildən torpaq vergisindən başqa, digər vergilərdən azaddırlar. Hazırda onların istehsal etdikləri məhsulların tam dəyəri ƏDV-yə cəlb edilir. Ancaq təklif olunur ki, ƏDV bundan sonra fərqli hesablansın. Vergi satış qiyməti ilə alış qiymətinin fərqindən tutulacaq», - komitə sədri bildirib.

İRİMOTORLU AVTOMOBİLLƏRİN AKSİZ DƏRƏCƏLƏRİ

Z.Səmədzadə minik avtomobillərinin aksiz dərəcələrinin dəyişdirilməsi ilə bağlı təklifləri də təqdim edib.

Həmin təkliflərə görə, mühərrikinin gücü 2000 kubsantimetrədək olan minik avtomobillərinin dərəcələri dəyişdirilməyəcək. Daha güclü mühərrikli avtomobillərin aksiz dərəcəsi isə dəyişəcək.

Vergitutma obyektinin adı

Aksiz dərəcəsi

İndiyədək

2017-dən

Minik avtomobilləri:

- mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda

Mühərrikin həcminin hər kubsantimetrinə görə - 0.20 manat

Mühərrikin həcminin hər kubsantimetrinə görə - 0.20 manat

- mühərrikin həcmi 2001-3000 kubsantimetr olduqda

400 manat + mühərrikin həcminin 2001-3000 kub santimetr hissəsi üçün hər kubsantimetrə görə - 1.5 manat

400 manat + mühərrikin həcminin 2001-3000 kub santimetr hissəsi üçün hər kubsantimetrə görə - 3 manat

- mühərrikin həcmi 3001-4000 kubsantimetr olduqda

1900 manat + mühərrikin həcminin

3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 4 manat

3400 manat + mühərrikin həcminin

3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 8 manat

- mühərrikin həcmi 4001-5000 kubsantimetr olduqda

5900 manat + mühərrikin həcminin

4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 8 manat

11400 manat + mühərrikin həcminin

4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 20 manat

- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda

13900 manat + mühərrikin həcminin 5000 kub santimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə - 10 manat

31400 manat + mühərrikin həcminin 5000 kub santimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə - 40 manat

İstirahət, idman yaxtaları, digər üzən vasitələrin mühərrikinin həcminin hər kubsantimetrinə görə 6 (hazırda 3) manat aksiz dərəcəsi təklif olunur.

Deputatların əksəriyyəti təklifləri dəstəkləyib. Yalnız Fərəc Quliyev iradlarını ifadə edib.

Parlament dəyişikliklər paketini qəbul edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG