Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 03:52

Sebastian Kurz Avstriyanın ən gənc kansleri ola bilər


Sebastian Kurz

Avstriyada keçirilən parlament seçkilərində ilkin nəticələrə görə, ölkənin xarici işlər naziri Sebastian Kurz-un rəhbərlik etdiyi mühafizəkar Avstriya Xalq Partiyası (Österreichische Volkspartei - OVP) irəlidədir. Kurz-un partiyasına vətəndaşların demək olar ki, 32 faizi səs verib.

Hazırkı kansler Christian Kern-in rəhbərlik etdiyi Avstriya Sosial-Demokrat Partiyası (Sozialdemokratische Partei Österreichs - SPÖ) isə seçkilərdə səslərin 26.9 faizini toplayaraq ikinci nəticəni göstərib.

Üçüncü yerə isə Avstriya Azadlıq Partiyası (Freiheitliche Partei Österreichs - FPÖ) çıxıb. O, səslərin 26 faizini toplaya bilib. Ancaq ikinci yer uğrunda mübarizənin yekun nəticələri bütün, o cümlədən poçtla göndərilən bülletenlərin sayılıb bitirilməsindən sonra bəlli olacaq.

Kurz parlament çoxluğunu yalnız ifrat sağçı Avstriya Azadlıq Partiyası – FPÖ ilə koalisiya əsasında yarada bilər. Bu halda Avstriyanın daha sərt miqrasiya siyasəti yürüdəcəyi gözlənilir.

«Biz böyük təvazökarlıqla məsuliyyəti qəbul edirik», – deyə Kurz öz Twitter-ində yazıb.

KURZ KİMDİR

Sebastian Kurz 1986-cı ildə Vyanada doğulub. Vyana Universitetinin Hüquq fakültəsini bitirib. Orduda xidmət edib.

17 yaşında Kurz Avstriya Xalq Partiyasının üzvü olub.

2009-cu ildə, 23 yaşında partiyanın gənclər qanadına rəhbərlik etməyə başlayıb. Daha sonra isə o, partiyanın Vyana komitəsinin rəhbəri olub.

2011-ci ilin aprelində Kurz inteqrasiya məsələləri üzrə dövlət katibi vəzifəsini tutub.

Avstriyanın xarici işlər naziri Sebastian Kurz
Avstriyanın xarici işlər naziri Sebastian Kurz

2013-cü ildə, 27 yaşı olan zaman Kurz Avstriyanın Xarici İşlər Nazirliyinə rəhbərlik etməyə başlayıb. Beləliklə də o, təkcə Avstriya yox, bütün dünya tarixində ən gənc xarici işlər naziri olub. O zaman Kurz-un heç tam ali təhsili belə yox idi. Çünki o, universiteti 13-cü semestrdə, diplomunu almadan yarımçıq qoyub.

2017-ci il yanvarın 1-dən Kurz ATƏT-ə sədrlik edib.

Parlament seçkilərindən sonra 31 yaşlı Kurz kansler qismində Avropa Birliyində ən gənc dövlət başçısı ola bilər.

KURZ-UN SEÇKİ PROQRAMI NƏDƏN İBARƏTDİR

S.Kurz bu ilin mayından etibarən Xalq Partiyasına rəhbərlik etməyə başlayıb. Sörfinq və haykinqlə məşğul olmağı sevən Kurz partiyasının rəsmi rəngini qaradan firuzəyiyə dəyişib, partiyasının adını isə dəyişdirərək Yeni Xalq Partiyası qoyub.

Budəfəki seçkilərdə partiyanın təbliğat plakatlarında «Ya indi, ya da heç vaxt», «Bu dəfə Kurz» («Bu dəfə kəsə» kimi də tərcümə oluna bilər) şüarları üstünlük təşkil edib. Ancaq Kurz-un əsas seçki şüarı belə idi: «Qabiliyyətə görə inteqrasiya».

KURZ-UN VƏDLƏRİ ARASINDA:

- Avropaya miqrasiya axınlarını önləmək,

- qaçqınlara ödənilən müavinətləri mümkün qədər azaltmaq,

- Avstriyada ən azı 5 il yaşayanadək əcnəbilərin müavinət almasını yasaqlamaq var.

Kurz 2015-ci ildə, miqrasiya böhranı zamanı sərhədlərin açılmasına etiraz etdiyini tez-tez seçicilərə xatırladır. Sosial-demokratlarla birlikdə koalisiya hökumətinin xarici işlər naziri qismində onun mandatı geniş olsa da, Kurz həmişə immiqrasiya məsələlərini qabartmağa üstünlük verib.

«Hər şeydən öncə biz qanunsuz immiqrasiyanı önləmək istəyirik ki, ölkəmizdə qayda-qanun və təhlükəsizlik olsun», – Kurz şənbə günü ölkənin cənubunda yerləşən Qrats şəhərində keçirilən sonuncu seçki rallisində deyib.

Qeyd edək ki, hazırda müşahidə olunan qanunsuz immiqrasiyanın iki il öncəki vəziyyətin sadəcə kiçik bir hissəsi olduğu deyilir.

Son yarım il ərzində Avstriya Xalq Partiyasının reytinqi kəskin artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG