Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:53

'Avstraliyalıların yarısı müsəlmanların ölkəyə girişinə qarşıdır'


Sidneydə məscid
Sidneydə məscid

Avstraliyada keçirilən rəy sorğusu göstərib ki, hər iki nəfərdən biri müsəlmanların ölkəyə mühacirətinin qadağan edilməsini istəyir.

Avstraliyanın ABC kanalı bildirir ki, rəy sorğusunda iştirak edənlərin 49 faizi müsəlmanların ölkəyə gəlişinə qadağa qoyulmasını dəstəkləyir. Sorğu iştirakçılarının 40 faizi bu qadağaya qarşı çıxıb. Yerdə qalan 11 faiz isə dəqiq cavab verə bilməyib.

18-24 yaşlı gənclər qadağanı dəstəkləməyə daha meylli olublar. Gənclərin 58 faizi qadağaya qarşı olub, 28 faizi isə onu dəstəkləyib.

BİRLƏŞMƏK

«Essential Poll» şirkətinin 1000 nəfərin iştirakı ilə keçirdiyi rəy sorğusu göstərib ki, insanlar ən çox müsəlmanların Avstraliya həyat tərzinə uyğunlaşmamasından, yaxud ölkə dəyərlərini bölüşməməsindən narahatdırlar. Qadağanı dəstəkləyən hər dörd nəfərdən biri həm də terrorçuluqdan narahatdır.

Ölkənin baş naziri Malcolm Turnbull uzun müddətdir Avstraliyadakı müxtəlifliyin ölkənin ən güclü tərəflərindən biri olduğunu iddia edir.

Bu həftə o, BMT-nin immiqrasiya sammitində çıxışı zamanı bildirib ki, «müxtəliflik təcrid və ekstremizmə qarşı investisiyadır».

«Bu icmamızın bölünməsinə deyil, birləşməsinə yardım edir», - o deyib.

SORĞUNU 2 DƏFƏYƏ KEÇİRİBLƏR

Sorğunu keçirən «Essential Poll» şirkətindən Peter Lewis nəticələrə təəccübləndiyini deyir.

Hətta nəticələr şirkətə o qədər qəribə gəlib ki, sorğunu təkrarlayıblar. Ancaq bu dəfə də eynilə həmin nəticəni alıblar.

Buna da bax-Restoranının üstündə 'Müsəlmanlar, rədd olun' yazıb

Nəticələrin elanından az öncə Avstraliyanın «Bir Millət» Partiyasının lideri Pauline Hanson parlamentdəki ilk çıxışında müsəlmanların ölkəyə girişinə qadağa qoyulmasını təklif edib.

CƏMİ 4 FAİZ

«Biz, mədəniyyəti və ideologiyası bizimki ilə üst-üstə düşməyən müsəlmanlar tərəfindən sıxışdırılmaq təhlükəsi qarşısındayıq», - deyə o vurğulayıb.

Siyasətə 1996-cı ildə asiyalıların ölkəyə axınından narahatlığını dilə gətirərək gəlmiş P.Hanson hazırda Senatda partiyasını təmsil edən dörd nəfərdən biridir.

Bu partiya son federal seçkilər zamanı ölkəboyu səslərin yalnız 4 faizini yığa bilib.

Əmək Partiyasının multikultural dəyərlərə sadiq «kölgə» naziri Tony Burke hesab edir ki, sözügedən rəy sorğusu müasir Avstraliyanı düzgün əks etdirmir.

«QADAĞA BİZƏ NƏ VERİR Kİ?»

«Bu sorğunun topladığı rəqəmlərlə bağlı bəzi şübhələrim var. Bir neçə ay öncə bundan bir qədər böyük sorğu – federal seçkilər keçirilmişdi», - deyə o bildirib.

««Bir Millət» çox səs toplaya bilməyib. Avstraliyalıların 95 faizi bülletendə onları görüb və başqasına səs verib», - Tony Burke deyib.

Avstraliya Multikultural Fondunun rəhbəri Hass Dellal bildirib ki, «Qorxu varsa, biz onunla mübarizə aparmalıyıq. Qadağa bizə nə verir ki?».

Hass vurğulayıb ki, Avstraliyada yaşayan müsəlmanların 1/3-i bu ölkədə doğulub. Onlar ümumi əhalinin 2%-ni təşkil edirlər.

QONAQLARA VƏ YADLARA AÇIQ

Yaşıllar Partiyasının immiqrasiya məsələləri üzrə sözçüsü Nick McKim-in fikrincə, Əmək Koalisiyası senator Hanson-un «nazı ilə oynamağa» son qoymalıdır. O, senatorun nitqini «irqçi» adlandırıb.

«Avstraliyalıların xarakteri bizim sahillərimizə gələn qonaqlara və yadlara açıqdır. Mən şübhə etmirəm ki, avstraliyalıların əksəriyyəti məhz belə düşünür», - senator McKim deyib.

Avstraliya Müsəlman Şuraları Federasiyası bildirib ki, senator Hanson-un çıxışı «məlumatsız, zərərli və bölücüdür». Qurumun sözçüsü Keysar Trad təmsil etdiyi din haqda hər hansı bilgisizliyi şəxsən aradan qaldırmağı təklif edib.

«Mən sevgi və xoş niyyətlə əlimi uzadıram. Xanım Hanson-un İslam barədə suallarına cavab verməyə gərəkən vaxtı ayıraram», - o deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG