Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:11

Rusiya Avropa Şurasından çıxa bilər


Thorbjørn Jagland
Thorbjørn Jagland

Rusiya tezliklə Avropa Şurasından çıxa bilər və bu, insan haqları pozuntularına qarşı vacib yardım instansiyasının 140 milyondan çox adamın əlindən çıxması demək olar. Bu haqda politico.eu saytına Şuranın rəhbəri danışıb.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini qanunsuz ilhaq edəndən sonra onun Avropa Şurasında səsvermə hüququ ləğv olunub. Dəyişiklik olmasa, gələn iki il ərzində yeni hakimlərin və qurum rəsmilərinin seçkisi Rusiyasız keçə bilər. Beləliklə də, Moskva 1996-cı ildə Şuraya qoşulandan Avropayla Rusiyanı birləşdirən hüquqi körpü dağıla, Rusiya təşkilatdan çıxa bilər.

***Buna da bax-İtalyan deputata ödənən pulun prezident ailəsi ilə əlaqəsi üzə çıxır

«SONRASINI DÜŞÜNMƏLİYİK»

«Rusiyanın qurumu tərk etməli olacağıyla bağlı potensial təhlükə var. Rusiya çıxmağa məcbur olsa, 140 milyondan çox adam Rusiya vətəndaşlarından ötrü çox vacib olan Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hüququndan məhrum olacaqlar», – Avropa Şurasının baş katibi Thorbjørn Jagland POLITICO-ya deyib.

Jagland-ın sözlərinə görə, Rusiya Krımın anneksiyasının əksi istiqamətində heç bir addım atmayıb və Şuranın insan haqları komissarının regiona səfərini önləyir ki, bu da «tamamilə qəbuledilməzdir».

«İndi biz sonrasını düşünməliyik: Rusiya Avropa məhkəmə sistemindən kənar qalarsa, Avropa daha yaxşı, təhlükəsizmi olacaq? Məndən ötrü bu, çox vacib sualdır. Avropa Rusiyaya qurumdan çıxmağa imkan verməyin bədəli haqda yaxşı düşünməlidir», – Thorbjørn Jagland deyib.

Avropa Məhkəməsi
Avropa Məhkəməsi

PROBLEM YARADAN ÖLKƏLƏR

Fransa prezidenti Emmanuel Macron-la ilk görüşündən sonra danışan Jagland deyib ki, Rusiya Avropa Məhkəməsinin insan haqlarıyla bağlı çıxardığı qərarları sorğulayan ölkələr sırasındadır və bu, daha böyük bir problemdir. O, Rusiyada qəbul olunmuş yeni qanunu misal çəkib. Həmin qanun Konstitusiya Məhkəməsinə icazə verir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını ləğv etsin. Jagland Britaniyanı da misal çəkib. Bu ölkə Avropa məhkəməsinin məhbusların səsvermə hüquqlarıyla bağlı qərarının icrasından imtina edir.

***Buna da bax-Səməd Seyidov: 'Avropa Şurası bu gün gərgin dövr yaşayır'

«Ümumi problem odur ki… bir sıra yerlərdə əhali Strasburq məhkəməsinin aliliyini mübahisələndirir», – Jagland deyib.

«Üzv ölkələrə deyərdim ki, hər kəsin bu məhkəmənin hüquqlarına sayqı göstərməli olması öhdəliyini aydın dərk etməliyik», – baş katib sözlərinə əlavə edib.

TÜRKİYƏ PROBLEMİ

Avropa Şurasından ötrü daha bir qaynar nöqtə Türkiyədir. Ötən il çevrilişə cəhddən sonra minlərlə adam işdən çıxarılıb, yaxud həbsə atılıb. Jagland-ın sözlərincə, Türkiyənin «torunu çox geniş atması» sarıdan ciddi narahatlıq var.

Baş katib deyir ki, Avropa Şurası Türkiyə vətəndaşlarının şikayətləri ilə aşıb-daşır, bunu özlərinin son ədalət şansı kimi görürlər.

«Bu qədər müraciətə baxmaq ağır yükdür», – deyən Jagland Avropa Məhkəməsinin qitənin bir çox ölkələrindən kömək aldığını vurğulayıb.

XS
SM
MD
LG