Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 23:48

Avropa sammitində Ermənistanla saziş imzalanacağı gözlənilir


Avropa Parlamentinin başçısı Antonio Tajani (sağda) və Ermənistan prezidenti Serj Sarkisyan, Brüssel, 28 fevral 2017-ci il

Avropa İttifaqının və Şərq Tərəfdaşlığının liderləri noyabrın 24-də Brüsseldə keçiriləcək sammitə toplaşacaqlar. Bu sammitdən məqsəd Avropa İttifaqı ilə 6 keçmiş sovet respublikası arasındakı münasibətlərin daha dərinləşdirilməsidir.

AzadlıqRadiosu yazır ki, bu sammitin əsas hadisələrindən biri də, böyük bir ehtimalla Avropa İttifaqı ilə Ermənistan arasında daha sıx partnyorluğa yol açacaq sazişin imzalanması olmalıdır.

Lakin Ermənistanla bağlanacaq sazişə azad ticarət barədə bənd daxil edilməyib və ümumiyyətlə bu razılaşma Aİ-nin Gürcüstan, Moldova və Ukrayna ilə indiyədək imzaladığı assosiasiya sazişlərindən “daha az ambisiyalı” olacaq.

Ermənistan da əvvəllər adı çəkilən üç ölkə kimi Avropa İttifaqı Assosiasiya Sazişini imzalamaq niyyətində olub. Lakin Rusiyanın təzyiqi altında prezident Serj Sarkisyan 2013-cü ildə son anda bu sazişi imzalamaqdan imtina etmişdi.

Bundan dərhal sonra Ermənistan Moskvanın rəhbərliyi altında Avrasiya İqtisadi İttifaqına qoşulub.

Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramına 2009-cu ildən başlayıb. Bu proqramdan məqsəd 6 şərqi Avropa və Cənubi Qafqaz ölkələrinin Aİ-yə daha sıx inteqrasiya edilməsi və bu ölkələrdə Avropa dəyərlərinin bərqərar olunması idi.

Bu sammitin ərəfəsində yaranmış ən böyük suallardan biri də Belarusun avtoritar lideri Alyaksandr Lukaşenkanın tədbirə gəlib-gəlməyəcəyinə aid idi. Minsk noyabrın 21-də bəyan edib ki, sammitdə iştirak edəcək Belarus nümayəndə heyətinə xarici işlər naziri Uladzimer Makey başçılıq edəcək.

Oktyabr ayında Aİ mənbələri AzadlıqRadiosuna demişdilər ki, Lukaşenkaya Şərq Tərəfdaşlığının digər ölkə başçıları kimi “tam məhdudiyyətsiz” dəvətnamə göndərilib.

Bu, Lukaşenkaya münasibətin 180 dərəcə dəyişməsi demək idi, çünki o, 2010-cu ilin prezident seçkisi zamanı müxalifət üzərinə qəddar hücumlara görə elan edilmiş Aİ sanksiyaları ilə bağlı bundan əvvəlki dörd sammitə dəvət olunmamışdı.

Lakin Lukaşenkanın şəxsən özünə qoyulmuş embarqo da daxil, Belarusun üzərindəki demək olar bütün Aİ sanksiyaları 2016-cı ildə qaldırılıb.

Ziddiyyətli bəyanatlar

Builki sammitin daha bir ziddiyyətli məqamı onun yekun bəyannaməsinin mətninin razılaşdırılması olub.

Bu bəyannamənin bəndlərindən biri də Ermənistan və Azərbaycanın mövqeyinə görə hələ də açıq qalırdı.

Azərbaycan özünün separatçı Dağlıq Qarabağ bölgəsi ilə bağlı bu bəyannamədə xüsusi spesifik bəyanatın olmasını tələb edirdi. Ermənistan tərəfi buna qarşı çıxırdı.

Kompromis olaraq bəyannamədə münaqişənin adının ayrıca çəkilməməsi qərara alınıb.

Bəyannamənin hazırkı layihəsində Kiyev və rusiyayönlü separatçılar arasında Ukraynanın şərqində davam edən münaqişənin də adı çəkilmir.

Bunun əvəzində sənəddə ümumi bir cümlə yazılıb: "Sammit iştirakçıları regiondakı bütün münaqişələrin beynəlxalq qanunların prinsip və normalarına uyğun şəkildə həlli üçün yeniləndirilmiş cəhdlərin edilməsinə çağırırlar”.

Avropa diplomatları AzadlıqRadiosuna deyiblər ki, onlar 2015-ci il bəyannaməsinin mətninə görə Bakı və Yerevan arasındakı ixtilafa bənzər ziddiyyətin yaşanmaması üçün indiki bəyannamə mətnində hər hansı spesifik münaqişənin adını çəkməmək qərarına gəliblər.

AzadlıqRadiosu bildirir ki, hazırkı bəyannamə mətni bundan əvvəlki sammitin bəyannaməsindən az fərqlənir.

Bu mətndə habelə Aİ-nin 2016-cı ilin dekabrında qəbul etdiyi qərara istinad edilir. Bu qərarda deyilir ki, Ukraynaya avtomatik olaraq Aİ üzvlüyü və ya hər hansı hərbi yardım qarantiyası verilmir.

Bu maddə Ukrayna ilə bağlanmış assosiasiya sazişinə əlavə edilmədən Hollandiya onu imzalamaqdan imtina edirdi. Buna səbəb bu ölkədə 2016-cı ildə keçirilmiş referendumda Ukraynanın Aİ üzvlüyünə dair suala mənfi cavabın alınması idi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG