Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 04:49

Avropa Məhkəməsinin dünənki qərarına görə, şirkətlər işçilərinə baş örtüyü, eləcə də başqa dini geyimləri qadağan edə bilərlər. Bu qərar dini liderlərin, həm də insan haqları təşkilatlarının etirazlarına səbəb olub.

«Reuters» agentliyi qərarın Hollandiya və Fransada seçkilər dövrünə, həm də millətçilərin fəal olduğu seçkilər dönəminə düşdüyünü qeyd edir. Hər iki ölkədə gündəmdə olan müsəlman miqrantların məsələsidir. Hollandiyada Türkiyə prezidentiylə söz savaşına çıxan millətçi liderlər durumdan yararlanmağa, özlərinə daha çox seçici toplamağa çalışırlar. Prezident seçkisinə hazırlaşan Fransada da işə baş örtüyü ilə getmək bu yaxınlarda yasaqlanıb.

Fransa prezidentliyinə namizəd, mühafizəkar François Fillon Avropa Məhkəməsinin qərarını alqışlayıb, bu qərarın şirkətlərin işini yüngülləşdirdiyini, sosial sülhə töhfə verəcəyini deyib.

«KSENOFOBİYA GÜCLƏNƏCƏK»

Baş örtüyünə qadağaları ləğv edən Türkiyə isə məhkəmənin qoyduğu qaydanı pisləyir.

«Avropa Ədalət Məhkəməsinin baş örtüyü qərarı antimüsəlman meyllərin, ksenofobiyanın yalnız güclənməsinə səbəb olacaq». Türkiyə prezidenti R.T.Erdoğan-ın sözçüsü İbrahim Kalın Twitter hesabında belə yazıb.

Baş örtüyünə görə işindən məhrum olanların tərəfdarları da qərarı pisləyiblər. Onlar məhz bu qərara görə müsəlman qadınların işsiz qalacağını deyirlər.

Məhkəməninsə öz arqumentləri var. Hakimlər hesab edirlər ki, müraciətlərinə baxılan qadınların (biri Fransada, digəri isə Belçikada baş örtüyünü çıxarmadığına görə işdən qovulub) işindən məhrum edilməsi AB-nin dini ayrıseçkilik əleyhinə qanunlarının pozulması kimi qiymətləndirilə bilər. Məsələn, fransalı mühəndis Asma Bougnaoui-nin müştərinin etirazından sonra qovulması ayrıseçkilik sayılıb. Ancaq Belçika şirkətinin müştərilərə xidmətlə məşğul olan işçisini baş örtüyünə görə cəzalandırması fərqli dəyərləndirilib. Məhkəmə bildirib ki, bu cəza işçilərin şirkət qaydalarına əməl etməsi – neytral geyimdə olması tələbindən irəli gəlir. «Şirkətin daxili qaydaları – siyasi, fəlsəfi və dini əlamətləri olan geyimləri yasaqlaması ayrı-seçkilik deyil». Məhkəmənin qərarında belə deyilir.

«MÜSƏLMAN QADINLAR İŞLƏRİNDƏN OLACAQLAR»

Beynəlxalq insan haqları təşkilatı «Amnesty International» fransalı işçiylə bağlı qərarı alqışlayıb, şirkətlərin işçiylə, qərəzli müştərinin tələbinə uyğun rəftar etməyə ixtiyarı çatmadığını bildirib. Belçikalı iddiaçının işinə gəlincə, qurum neytrallıq naminə verilən qərarın elə qərəzli şəxslərə yol açdığını söyləyib.

Filantrop George Soros-un Açıq Cəmiyyət Fondu da qərarın əleyhinə çıxıb. Yeni qaydanın AB qanunlarıyla təmin olunan bərabərlik təminatını zəiflətdiyini bildirib. «Milli qanunların zəif olduğu yerlərdə bu qayda xeyli müsəlman qadını işindən edəcək». Təşkilatdan Maryam Hmadoun belə deyib.

Avropa Ravvinləri Konfransının prezidenti, baş ruhani Pinchas Goldschmidt isə Avropa Məhkəməsinin son qərarının, əslində, Avropadakı bütün din təmsilçilərinə mesaj göndərdiyini söyləyib. Hazırda Avropanın yerli məhkəmələri tək müsəlmanların baş örtüyü deyil, yəhudi kipaları, xristian xaçları və sihist çalmalarıyla bağlı şikayətlərə də baxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG