Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:44

33 bosniyalı Azərbaycandan Avropa Məhkəməsinə şikayət edib


"28 Mall"
"28 Mall"

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın məşhur binalarının inşasında çalışanların şikayətini araşdırmağa başladı.

Avropa İnsan hüquqları Məhkəməsi (AİHM) 33 Bosniya və Hersoqovina, 3 Türkiyə, 2 də Gürcüstan vətəndaşının Azərbaycanla bağlı şikayətini araşdırmağa başlayıb.

Bu haqda məhkəmənin saytı xəbər verir.

Buna da bax:​ 'Azərbaycanda din azadlığının durumu pisləşib'

Din azadlığına müdaxilə olunduğu iddia edilir

Məhkəmənin məlumatında şikayətlərin məzmunu açıqlanır. Azərbaycan dövlətindən şikayətçi olan Türkiyə vətəndaşları Sadullah Genc, Tugrul Kıraz Saim Samur 2012-ci ildə Gəncə Dövlət Universitetində təhsil alıblar.

Onlar Gəncə şəhərində dostlarının qonağı olarkən - namaz vaxtı polis basqınına məruz qaldıqlarını bildiriblər.

Şikayətə görə, ibadət edən gənclərin hamısı polis idarəsinə aparılıb. 20 saata yaxın orda saxlanan Türkiyə vətəndaşları qanunsuz dini təbliğat aparmaqda günahlandırıldıqlarını bildiriblər.

Şikayətçilərin bildirməsinə görə, məhkəmə onların hər birini 2000 manat cərimələyib. Bununla yanaşı, tələbələrin ölkədən deportasiya olunmasına qərar verilib.

Buna da bax:​ Rusiya din azadlığını ən çox pozan ölkələrdəndir

Türkiyəli tələbələr həmin qərardan şikayət edib, deportasiya hissəsinin ləğvinə nail ola biliblər. Ancaq cərimə qərarı ləğv edilməyib.

Onlar məhkəməyə şikayətlərində Avropa Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 9-cu (vicdan və din azadlığı) maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu iddia edir, pozuntuların kompensasiya edilməsini tələb edirlər.

Gürcüstan vətəndaşları olan Vepkhvia Sheveli ilə Ekaterine Shengelaya da Azərbaycanda onların Avropa Konvensiyası ilə təminat altına alınan vicdan və din azadlığı hüququna müdaxilə etdiyini deyir. Gürcüstan vətəndaşları 2010-cu ildə “Yehova Şahidləri” dini icmasının Gəncə şəhərində keçirilən toplantısının iştirakçıları olublar.

Buna da bax:​ Avropa Məhkəməsi yeni şikayətləri araşdırır

Toplantı keçirilən mənzildə polis əməliyyatı keçirilib. Şikayətçilər Gəncə Polis İdarəsinə aparılaraq, orda 12 saatdan artıq saxlandıqlarını bildiriblər. Ardınca, məhkəmə onların Azərbaycandan deportasiya edilməsinə qərar verib.

Məhkəmə qərarı ilə razılaşmayan Gürcüstan vətəndaşlarının yuxarı məhkəməyə şikayətləri isə rədd edilib.

33 bosniyalının şikayəti

Azərbaycan dövlətindən şikayətçi olan 33 Bosniya və Herseqovina vətəndaşı isə aldadıldıqlarını iddia edirlər. Onlar şikayətlərində bildirirlər ki, Bakıdakı məşhur “Buta Saray”, “Bakı Ekspo Mərkəzi”, “28 Mall” alış-veriş mərkəzi də daxil olmaq üzrə məşhur binaların inşa edilməsində çalışıblar.

Buna da bax:​ Rusiyanın 'Yehova Şahidləri'nə qarşı qərarı pislənilir

Şikayətdə Gənclik və İdman Nazirliyinin də adı keçir. Şikayətçi əcnəbilərin bəzilərinin həmin nazirliyə aid olduğu bildirilən Mingəçevir - Kür Olimpiya Mərkəzinin inşasında çalışdığı qeyd edilir.

33 bosniyalı iddia edir ki, onları işə götürərkən, hər saata 5-7 dollar ödəniləcəyi, zəruri şəraitlə təmin edilmiş mənzillərdə yerləşdiriləcəkləri vəd edilib. Ancaq onlara cəmi 3-4 dollar ödənilib.

Yaşayış durumlarının isə daha dözülməz olduğu bildirilib. Onlar həmçinin, iddia edirlər ki, pasportları əllərindən alınıb, acınacaqlı şəraitdə saxlanıblar. Hamam, tualeti olmayan yüz nəfərə qədər insanın sığdığı, sərt daxili qaydaların tətbiq edildiyi baraklara yerləşdiriliblər.

Buna da bax:​ 'Yehova şahidləri'nin üzvündən Avropa Məhkəməsinə şikayət

Şikayətçilər yerli və beynəlxalq hüquq müdafiə qurumları vasitəsilə üzləşdikləri rəftarı ictimailəşdirə, məhkəməyə çıxara biliblər. Yalnız hüquq müdafiə qurumlarının müdaxiləsindən sonra onlara cüzi miqdarda ödəniş edildiyi, pasportlarının geri verildiyi və hava limanına aparılaraq ölkələrinə göndərildiyi bildirilir.

Şikayətçiləri AİHM-də yerli, habelə Kanada və Böyük Britaniyadan olan vəkillər təmsil edir.

AİHM bütün şikayətlər üzrə Azərbaycan hökumətinə suallar göndərib.

Hökumətin cavabları, hələlik, bəlli deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG