Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:11

Avropa İttifaqı İran nüvə sazişini müdafiə edir


Avropa İttifaqının xarici işlər nazirləri İran nüvə sazişini müdafiə edərək ABŞ prezidenti Donald Trump-ın bu razılaşmanı tənqid etməsini pisləyiblər.

Onlar bildiriblər ki, cənab Trump-ın hədələri Şimali Koreya ilə qarşıdurmaya dinc həll yolu tapılmasına mane olur.

Avropa xarici işlər nazirlərinin birgə bəyanatında deyilir ki, İranla dünya gücləri arasında 2015-ci ildə imzalanmış saziş kütləvi qırğın silahlarının yayılmaması barədə müqavilənin təməl sütunlarından biridir.

Bu sazişə görə Tehran onun üzərindəki sanksiyaların qaldırılması müqabilində özünün nüvə proqramını məhdudlaşdırmaq öhdəliyi götürüb. Bu müqaviləni İran və ABŞ-dan başqa həm də Rusiya, Çin, Britaniya, Fransa və Almaniya imzalayıblar.

Oktyabrın 13-də Trump bildirmişdi ki, o İranın sazişin şərtlərinə əməl etdiyi barədə şəhadətnaməni imzalamayacaq və ola bilsin, gələcəkdə bu razılaşmanı ümumiyyətlə ləğv edəcək.

O Tehranı ballistik raketlərin sınaqlarını davam etdirməklə nüvə sazişinin “ruhunu” pozmaqda ittiham edirdi.

Oktyabrın 15-də isə Trump İranla sazişi birdəfəlik ləğv edəcəyi ilə hədələmişdi.

Trump demişdi ki, “bu müqavilənin tam şəkildə ləğvi mümkündür və hətta böyük bir ehtimalla mümkündür”.

Aİ xarici işlər nazirləri bidliriblər ki, Trump-ın bu nüvə sazişi haqqında dedikləri ABŞ-ın daxili siyasi prosesi çərçivəsində başa düşülməlidir.

Nazirlər habelə bildiriblər ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranın bu sazişə əməl etməsini 8 dəfə təsdiqləyib.

Onlar Birləşmiş Ştatları nüvə sazişinə sadiq qalmağa çağırıblar və bildiriblər ki, ABŞ-ın sazişdən çıxması Amerikanın özünün və onun müttəfiqlərinin təhlükəsizliyi üçün hədə ola bilər.

Avropa nazirləri israr ediblər ki, Tehranın sanksiyalardan azad edilməsi onunla daimi dialoqun aparılmasına imkan yaradır.

Lüksemburq görüşündə Avropa İttifaqının Şimali Koreya üzərinə yeni sanksiyalar paketini təsdiq edəcəyi gözlənilir.

Avropa İttifaqı xarici işlər komissarı Federica Mogherini deyib ki, İran sazişinin zəiflədilməsi Şimali Koreya liderləri ilə danışıqlar prosesinə mənfi təsir göstərə bilər.

Mogherini bunu da bildirib ki, ABŞ millət vəkillərini İran sazişinin qorunub saxlanmasının vacibliyinə inandırmaq məqsədilə gələn ay Vaşinqtona səfər edəcək.

Avropa Xarici İşlər Şurasında çıxış edən Belçika xarici işlər naziri Didier Reynders deyib ki, imzalanmış sazişlərə ehtiram göstərilməsi lazımdır.

Hollandiyanın xarici işlər naziri Bert Koenders deyib ki, İran sazişi dünyanın təhlükəsizliyinə xidmət edir və o Konqresin də belə mövqe tutacağına inanmaq istəyir.

Almaniyanın xarici işlər naziri Sigmar Gabriel deyib ki, İran sazişinin ləğvi ümumiyyətlə beynəlxalq razılaşmalara etimadı sarsıda bilər.

Fransanın xarici işlər naziri Jean-Yves Le Drian ABŞ Konqresini nüvə sazişini təhlükəyə atmamağa çağırıb.

Fransa, Britaniya və Almaniyanın bundan əvvəl verilmiş birgə bəyanayında deyilirdi ki, İran nüvə sazişi onların ortaq təhlükəsizliyinə xidmət edir.

Rusiya və Çin də İranla imzalanmış bu sazişə dəstək bildiriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG