Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:11

Türkiyə-Avropa: Sevgimiz elə bu qədərmiş...


AB-Türkiyə
AB-Türkiyə

Ankaranın Avropa Birliyinə üzvlüyü artıq real görünmür. «The Financial Times» qəzetində İstanbulda mənzillənən «EDAM» beyin mərkəzinin rəhbəri Sinan Ülgen yazır ki, 30 ildir Türkiyənin Avropayla münasibətlərini irəli aparmağa çalışır.

«İllər boyu inanırdım ki, Türkiyə Qərb demokratiyaları arasında yerini möhkəmləndirməkdən ötrü Avropa Birliyinə qoşulmalıdır. İndi isə bu yolun bitdiyini qəbul etməyin vaxtıdır. Amma faciə ondadır ki, bu sonuc öncədən bilinmirdi. Bəli, Türkiyənin AB üzvlüyü asan məsələ deyildi. Hər iki tərəfin önyarqıları ilə dərin savaş içindəydik. Amma yenə də, Türkiyə 2005-ci ildə üzvlük danışıqlarının başlanğıc mərhələsinə keçə bildi. Bu, siyasi partiyaların yaratdığı koalisiyanın 1999-cu ildə başlatdığı, 2002-ci ildə hakimiyyətə gələndən Ədalət və İnkişaf Partiyasının (AKP) canlandırdığı demokratik dalğa sayəsində mümkün oldu. 2005-ci ildə Türkiyə əhalisinin 74 faizi AB-yə üzvlüyü dəstəkləyirdi. Bunun islam, demokratiya və müasirliyin birgə yaşaya biləciyini göstərəcəyi arqumentləri səslənirdi...», – müəllif yazır.

BƏRABƏR MƏSULİYYƏT

AB liderləri dekabrda üzvlük danışıqlarının qeyri-rəsmi dondurulmasına qərar verib ki, bu prosedur namizəd ölkəyə qarşı ilk dəfə həyata keçirilir. AŞPA ötən həftə Türkiyənin statusunu salıb və bunu ölkədə fundamental azadlıqların davamlı pozulmasıyla izah edib. Müəllifin fikrincə, bütün bunlar AB üzvlüyünün Ankaradan ötrü real olmadığını ortaya qoyur və tərəflər bu tarixi iflasa görə məsuliyyəti paylaşırlar.

N.Sarkozy və R.T.Erdoğan
N.Sarkozy və R.T.Erdoğan

«Birincisi, Fransanın keçmiş prezidenti Nicolas Sarkozy-yə türk xalqının AB-yə qoşulmaq arzusunu önlədiyinə görə təşəkkür etməliyik. Türkiyənin üzvlüyünə qarşı idi və bu mövqeyini 2007-2012-ci illərdə ölkəsində populistcəsinə sərgilədi. Danışıqlar prosesində bir neçə kritik məqamı əngəlləməsi türklər arasında Avropanın səmimiliyinə şübhə yaratdı və bu hiss indi də qalmaqdadır. AB-nin Kipri qəbul etməklə yol verdiyi strateji səhv inamı daha da sarsıtdı. Türkiyədə islahatların ləng getməsi və hökumətin qeyri-liberal davranışının güclənməsi tərəddüd fəslini sürətləndirdi», – müəllif vurğulayır.

Məqalədə Ankarayla Brüssel arasında qısamüddətli gərginliyin yaşanacağı vurğulanır. Ötən ilin martında əldə olunmuş «qaçqın sazişi» də iflas üzrədir. Həmin sazişə görə, Türkiyə maliyyə yardımı əvəzində Avropaya qaçqın axınının qarşısını alır.

GÖMRÜK İTTİFAQI

Müəllif münasibətlərin normallaşmasından ötrü Türkiyə-AB gömrük ittifaqının müasirləşməsi təklifinə baxmağı tövsiyə edir. Ancaq S.Ülgen-in fikrincə, bu yöndə danışıqların başlanması insan haqlarına bağlanmamalıdır.

«Danışıqlarda nəticə əldə olunması üçün hüququn aliliyinin təminatı və bazaryönümlü islahatların gerçəkləşməsi şərt qoyulmalıdır. Belə islahatlar daha şəffaf, proqnozlaşdırılan və ədalətli iqtisadi mühit yaratmış olar. Elə son 10 ildə strateji görməməzlik Avropanın Türkiyənin siyasi trayektoriyasına təsir bacarığını puça çıxarıb. Avropa həmçinin, türklərin qüsurlu demokratiyalarının daha liberal versiyasını qurulmasına yardımdan imtina etmiş olub. Avropa indi, sadəcə, bu ölkənin iqtisadi gələcəyinə təsir rıçağı qazanmağa ümid bəsləyə bilər», –məqalədə deyilir.

Qeyd edək ki, aprelin 16-da Türkiyədə konstitusiya dəyişiklikləri üzrə referendumda prezident Recep Tayyip Erdoğan tərəfdarları cüzi səs fərqiylə üstünlük qazanıb. Bu dəyişikliklər prezident səlahiyyətlərinin genişlənməsinə xidmət edir.

XS
SM
MD
LG