Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 23:06

«The National Interest» dərgisində Areg Galstyan yeni il girəndən Avrasiya İqtisadi Birliyində (AİB) yaranan ciddi ziddiyyətlərdən yazır.

Bu birlik Rusiyanın regional inteqrasiya layihəsi sayılır, məqsəd də keçmiş Sovet İttifaqı respublikalarını vahid iqtisadi və siyasi məkanda birləşdirməkdir. Hazırda qurumun 5 üzvü var: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya. Hər biri də birliyə öz dar milli maraqlarını gerçəkləşdirmək məqsədiylə gəlib.

Rusiya Avropa Birliyinə alternativ yaratmağa çalışır. Qazaxıstan regionda ciddi siyasi və iqtisadi oyunçuya çevrilməyə can atır. Birlik üzvlərinin heç biriylə sərhədi olmayan Ermənistan Rusiyayla iqtisadi və ticarət əlaqələrini qonşusu Gürcüstan ərazisindən reallaşdırır, bu səbəbdən də quruma Moskvayla hərbi və siyasi münasibətləri gücləndirmək kontekstində baxır. Belarus və Qırğızıstana gəlincə, onlar Rusiya və Qazaxıstandan daxili ehtiyaclarından ötrü iqtisadi və maliyyə dividenti qazanmağa çalışırlar.

S.Sarkisian, N.Nazarbaev və V.Putin
S.Sarkisian, N.Nazarbaev və V.Putin

BİRLİK DAXİLİNDƏKİ MÜNAQİŞƏLƏR

Müəllif Avrasiya bloku üzvləri arasında ciddi siyasi, iqtisadi və sivilizasiya münaqişələri yaşandığını vurğulayır. Məsələn, Qazaxıstan həm də «Türk Şurası»nın üzvüdür ki, buraya Ermənistanın əzəli rəqibləri olan Türkiyə və Azərbaycan da daxildir.

A.Galstyan Qazaxıstan hakimiyyətinin, eləcə də Belarusun Azərbaycanla siyasi və iqtisadi dialoqu genişləndirdiyini, Bakını qıcıqlandırmamağa çalışdıqlarını yazır. Məqalədə vurğulanır ki, Minsklə Astana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna Ermənistan təmsilçisinin təyinatını da süni şəkildə əngəlləyirlər.

«Rusiyayla birliyin digər üzvləri arasındakı əlaqələrin pozitiv dinamikası Moskvanın göstərdiyi maliyyə dəstəyindən, ayırdığı kreditlərdən də asılıdır. Uzun müddət Moskva müttəfiqlərinin borclarını silib, onlara böyük məbləğdə kreditlər verib. Amma indiki iqtisadi durumu nəzərə alanda, Rusiya daha AİB tərəfdaşlarına pul verə bilmir. Elə Rusiyayla Belarusun son münaqişəsi də birlik daxilində ciddi problemləri üzə çıxardı», – yazan müəllif münasibətlərin Ukrayna münaqişəsi üzündən soyumasına diqqət çəkir. Belə ki, Belarus prezidenti Alyaksandr Lukashenka «qardaş Ukrayna»nın müstəqilliyi uğrunda savaşdığını dilə gətirib.

V.Putin və A.Lukashenka
V.Putin və A.Lukashenka

RAZILIĞA GƏLMƏSƏLƏR...

Daha sonra, AİB üzvlərinin razılığı olmadan, Belarus 80 ölkə vətəndaşları üçün viza rejimini ləğv edib. Bu siyahıya Avropadan 39 ölkə, eləcə də Braziliya, İndoneziya, Birləşmiş Ştatlar və Yaponiya daxildir. Moskvayla Minsk arasında da vizasız gediş-gəliş olduğundan, həmin xaricilər azad şəkildə Rusiyaya da daxil ola bilərlər. Bundan sonra Moskva Belarusla sərhədində nəzarət məntəqələri yaratdı.

«Rusiya-Belarus münaqişəsi, hələlik, ilkin mərhələdədir. Tərəflər razılığa gələ bilməsələr, Avrasiya İqtisadi Birliyi tədricən parçalanacaq. Gün kimi aydındır ki, bu inteqrasiya modelinin uğur şansı yoxdur. Bu gün ən böyük problem Avrasiyada inteqrasiyanın vahid və yekcins mənzərəsinin olmamasıdır. Bu inteqrasiya kimə və niyə gərəkdir, gələcəkdə üzv ölkələrə hansı müsbət dəyişikliklər gətirə bilər – bu sualların aydın cavabı yoxdur. Bir şeyi də unutmayaq ki, Avrasiya layihəsi məkanındakı gənclər, 20 yaşlarında olan gənclər sosial və siyasi həyatda fəal iştirak edirlər. Onların baxışları SSRİ-nin çöküşündən sonra formalaşıb. Bu səbəbdən, gənc nəsil bu inteqrasiya layihələrini isti qarşılamır. Qərb təhsili görmüşlər isə Avrasiya inteqrasiyasına heç də təbii seçim kimi baxmır», – Areg Galstyan belə yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG