Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 15:01

Əldən düşmüş ATƏT indiki kimi gərəkli olmayıb


Ukraynada ATƏT missiyası.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) problemlər altında əzilir, maliyyəsi çatışmır, hərtərəfli hücumlara məruz qalır. Ancaq bu qurumun fəaliyyəti indiki kimi vacib olmayıb. Bunu Karneqi Fondunun saytında fondun aparıcı əməkdaşı Thomas de Waal yazır.

Müəllif ATƏT müşahidə missiyasının üzvlərinin Avropanın qaranlıq nöqtələrində səssiz-səmirsiz çalışdığını, buna misal kimi, aprelin 23-də Ukraynanın şərqində missiyanın bir üzvünün öldüyünü, ikisinin yaralandığını yada salır. Amma qurumun bu ilə büdcəsi yoxdur, bəzi ölkələrdəki ofisləri qeyri-müəyyən durumdadır, təşkilatda iki əsas vəzifə boş qalır.

«İroniyaya bax ki, ATƏT-in hücum altında qaldığı bir məqamda ona ehtiyac heç vaxt indiki kimi olmayıb. Ukraynanın şərqində ona görə bəzi işləri görə bildi ki, 2014-cü ildə bu vəzifəni dolduracaq kimsə yox idi, heç bir təşkilat neytral sayılmırdı. ATƏT digər, olduqca təhlükəli münaqişədə –Ermənistan-Azərbaycan münaqişəsində rol oynayacaq yeganə beynəlxalq qurumdur», – məqalədə oxuyuruq.

ATƏT sammiti.
ATƏT sammiti.

BÜROLAR VƏ PUL QITLIĞI

Müəllif yazır ki, yaranmış böhran bir çox postsovet ölkələrinin bu təşkilatın fəaliyyətini məhdudlaşdırmaqla, əslində, özlərinin şübhəli işlərini diqqət mərkəzindən uzaqlaşdırmaq istəyi ilə bağlıdır. Türkiyə prezidenti Recep Tayyip Erdoğan 16 aprel referendumundan sonra ATƏT müşahidəçilərinin tənqidinə kəskin reaksiya verdi. Hazırda ATƏT-in Yerevan bürosu qeyri-müəyyən durumdadır. Azərbaycan həmin ofisin mandatının uzadılmasına veto qoyub, bildirib ki, ATƏT Dağlıq Qarabağda minalardan təmizləmə fəaliyyəti ilə məşğuldur və bu da Ermənistanın daxili işi deyil. Ermənilər buna qəzəbli reaksiya veriblər. Birləşmiş Ştatlar Bakını qərarına yenidən baxmağa çağırıb və müəllif qeyd edir ki, mübahisənin tezliklə həllini tapacağına ümidlər var.

Müəllif ATƏT-in Qırğızıstan və Tacikistandakı ofislərinin də problemlərlə üzləşdiyini qeyd edir.

Bütün bunlar bir yana, Avropanın yeganə təhlükəsizlik təşkilatı pul çatışmazlığı yaşayır. Ötənilki büdcəsi 141 milyon avro (153 milyon dollar) olub ki, bu da BMT büdcəsinin 3 faizi qədər idi. Ermənistan və Azərbaycanın hər biri quruma ötən il 45 min avro (49 min dollar) verib. Bu, hətta Vatikanın ayırdığından da azdır.

ATƏT həmsədrləri Qarabağda.
ATƏT həmsədrləri Qarabağda.

DAĞLIQ QARABAĞ MİSSİYASI

Thomas de Waal ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyasının 700 üzvünün olduğunu, Dağlıq Qarabağdakı missiyanın isə daha böyük risklə üzləşdiyini qeyd edir. Ermənistan və Azərbaycan sərhədə xeyli silah, texnika yerləşdirib. Amma ATƏT-in burada cəmi-cümlətani altı müşahidəçisi var. Onların sayının, heç olmasa, 12, ya da 13-ə qaldırmaq təklifləri səsləndirilib. Ermənistan və Azərbaycan prezidentləri ötən ilin mayında Vyanada bu təkliflə razılaşıblar, amma sonradan detallarla bağlı narazılıq üzündən gerçəkləşməyib. Müəllif ATƏT müşahidəçilərinin ötənilki aprel toqquşmalarının təkrarlanmamasından ötrü gözdə-qulaqda olduğunu yazır.

Məqalədə ATƏT-lə bağlı bu problemlərin əsas səbəbi ATƏT Katibliyinin BMT-dəki həmkarından zəifliyi ilə yozulur. Baş katib vəzifəsi birillikdir, bu posta nə qədər güclü diplomatlar gəlsələr də, məhz bu məhdud zaman kəsimi onların işinin səmərəsini azaldır.

«ATƏT bu problemləri necə yoluna qoyacaq?.. Hətta qurumun tənqidçiləri belə onun faydalı iş gördüyünü etiraf edirlər. Ümid edək, Ukraynada monitorinq missiyasının üzvü Joseph Stone-nun ölümü onların yadına bu həqiqəti salacaq. Utancverici odur ki, ATƏT bundan artığını da görə bilərdi», –müəllif yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG