Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:09

İran vətəndaşı taksi sürücüsünə: “Baba, 10 manat çox alırsan”


Astara gömrüyü önündə taksi xidməti göstərənlər
Astara gömrüyü önündə taksi xidməti göstərənlər

Astara Gömrük Keçid Məntəqəsinin önündə əvvəlki kimi qələbəlik yoxdur.

İrana getmək istəyənlər də azdır. Taksi xidməti göstərən avtomobillər müştəri gözləyir.

Onlardan biri Bakıya getmək istəyən bir İran vətəndaşı ilə gediş haqqı üstündə mübahisə edir. İran vətəndaşı sürücünün dediyi qiymətlə razılaşmır:

“Baba, keçən dəfədən 10 manat çox alırsan. Axı belə olmaz.”

Sürücü isə bildirir ki, Azərbaycanda benzinin qiyməti qalxıb:

“Benzin indi 90 qəpikdir. Maşınım da benzinlə işləyir. Əvvəlki qiymət mənə sərf etmir. Ondansa getmərəm... ”

“Benzin bahalaşandan sonra, qardaş,...”

Sürücü Elman Məlikov deyir ki, neçə illərdir Astara gömrüyünün önündən Bakıya sərnişin daşıyır. Ailənin çörəyi taksidən çıxır:

Elman Məlikov
Elman Məlikov

“Mən bu taksi fəaliyyətimlə ailəmi dolandırıram. İndi görürəm ki, heç mümkün deyil. Vergimi də verirəm, necə lazımdır, hər şəraitim var idi. Benzin bahalaşandan sonra, qardaş, heç mümkün deyil. Bakıya gedib-gəlirdim 42-43 manat benzinə verirdim. Benzin bahalaşandan sonra müştərini köhnə qiymətlə apardım, ancaq 55 manat benzinə pul çıxdı. 60 manat belə getdi, maşına xərc çəkirəm, heç nə qalmır. Ailəni saxlamaq mümkün deyil... ”

Buna da bax: "Bu bahalanma SOCAR-ın durumunu düzəltməyəcək"

“Prezidentin xəbəri yoxdur”

Sürücü düşünür ki, prezidentin qiymət artımından xəbəri yoxdur:

“Prezidentin bu məsələdən xəbəri yoxdur. Bunu hansısa qurumlar edir. Tarif Şurasıdır, nədir, onlar qaldırırlar. Necə yaşayaq, bilmirik? İş də yoxdur. Təkcə burda 20-dən çox mənim vəziyyətimdə olan taksi sürücüsü var ”

Ölkənin digər rayonlarından gələn taksi sürücüləri də şikayətlərini gizlətmirdilər. Onların deməsinə görə, iqtisadi vəziyyət bahalaşmaya qədər də çətin olub:

“İndi lap çətindir ”deyərək özünü Rafiq Kərimov kimi təqdim edən bir sürücü problemləri sadalayır:

“Yaşamaq uğrunda mübarizə aparırıq ”

“Avtomobilim sovetin istehsalıdır, “Jiquli”. Onu saxlamaq bir ətək pul istəyir. Benzini də bahalaşdırdılar. Benzinin bahalanması bizə həddindən artıq problemlər yaradır. Bu insanlar başa düşmür ki, yaşamaq uğrunda mübarizə aparırıq. İş yoxdur, gedəsən orda işləyəsən. Yeganə qazancımız bu maşınlardır, onu da bu günə salırlar. Mən buna qəti etiraz edirəm, düzgün hesab etmirəm.”

Rafiq Kərimov deyir ki, benzinin qiyməti qalxsa da gediş qiymətini artıra bilmirlər. Onun sözlərinə görə, gediş haqqını qaldıranda sərnişinlər etiraz edirlər:

“O 2 manat kasıbların puludur”

“Sərnişin deyir ki, nə olsun benzinin litri 20 qəpik qalxıb, bu böyük pul deyil. Amma, 10 litr benzinə 7 manat verirdiksə indi 9 manat veririk. O, 2 manat kasıbların puludur. Bizim pulumuzdur, çörək puludur. Cibimizdən çıxardırlar. Bir bak benzinə 8-11 manat əlavə pul veririk. Bu da ailə büdcəmizə dağıdıcı təsir edir. Maşına minən hər kəs imkanlı deyil. O adam ki, 1 manata gücü çatırdı,o daha taksiyə minməyəcək. Əslində benzinin qiymətinin qaldırılması imkansızları bir az da kasıblaşdırır.”

Buna da bax: Sürücülərin vəziyyəti benzinin bahalaşmasından sonra (Karikatura)

“Dedilər ki, dərmanı benzinlə işləyən maşın gətirib”

Digər birtaksi sürücüsü Mirəskər Mirzəyev də deyir ki, benzinin qiymətinin bahalanması az bir müddətdə ailə büdcəsinə təsir göstərib:

“Uşaq başı aldadırlar. Deyirlər ki, qiymət artımının digər xidmətlərə təsiri yoxdur. Aptekə getmişəm, dərman almağa... Həmişə aldığım dərmanın qiyməti 20 qəpik artıb. Dedilər ki, dərmanı benzinlə işləyən maşın gətirib. Bazarda da malların qiymətində artım hiss olunur. Mən evə ayda orta hesabla 250-300 manat aparırdım. İndi onun 60-70 manatını hökumət məndən alacaq.”

O deyir ki, Astara Gömrük Keçid Məntəqəsinin önündə duran minik maşınların sayı da azalıb :

“Xeyli azdır. Nə qədər adam işsiz qalacaq. Ya da maşınlarını satıb Rusiyaya işləməyə gedəcəklər. Minik maşınları ucuzlaşacaq. Kasıblara zərbədir...”

“Korrupsiya və rüşvət aradan götürülməlidir”

İqtisadçı Vidadi Mirzəyev isə deyir ki, Azərbaycan kimi ölkələrdə benzinin qiymətinin bahalanmasınıtəbii sayır:

Vidadi Mirzayev
Vidadi Mirzayev

“Benzini bahalaşdırırlar ki, büdcə kəsirini doldursunlar. Bəs nə etsinlər? Belə halların baş verməməsi üçün qeyri-neft sektoru inkişaf etdirilməlidirlər. Burda da elm tələb olunur. Korrupsiya və rüşvət aradan götürülməlidir. Dünyada yanacaq ucuzlaşır, bizdə bahalaşdırırlar. Bu fakt hər şeyi deyir. Bahalaşma gedəcək. Ən böyük zərbə kəndlilərə dəyəcək. Çünki bu ölkənin ən kasıb təbəqəsi kəndlilərdir ”

Xatırlatma

İyulun 14-də Tarif Şurası benzinin qiymətinin artırılması haqda qərar qəbul edib. Bu qərarla bir litr Aİ 92 benzinin qiyməti 70 qəpikdən 90 (0,53 dollar ) qəpiyə qaldırılıb.

Tarif Şurası bu addımı ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək standartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi istəyi ilə izah edib.

Qərarda həmçinin, vurğulanır ki, neft emalı sənayesində yenidənqurma işlərinin həyata keçirilməsinin zəruriliyivə xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, “Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb.

Buna da bax: Bakı sakinləri benzinin bahalaşmasına izah tapmağa çalışırlar...

Bakı sakinləri benzinin bahalaşmasına izah tapmağa çalışırlar...
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG