Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 21:26

'The Associated Press' nasistlərlə necə əməkdaşlıq edib


Adolf Hitler

İkinci Dünya müharibəsinin qızğın dövründə «The Associated Press» agentliyi SS zabitiylə gizli razılaşma bağlayıb. Nasist fotoqrafların çəkdiyi fotolar Amerika qəzetlərinə məhz bu cür yol tapıb. Razılaşmanı ABŞ-ın yüksəkrütbəli rəsmiləri də təsdiqləyibmiş. Bu haqda «The Washington Post» qəzetində Michael S.Rosenwald yazır.

XƏBƏR YÜKÜ

1941-ci ildə başlayıb Hitler-in məğlubiyyətilə sona çatmış qeyri-adi sövdələşmə haqda AP mayın 10-da yaydığı hesabatda detallı bilgi verib. Bir neçə ay öncə alman tarixçi Norman Domeier bu razılaşmadan söz açan məktubu əldə etmişdi.

Hesabata AP rəhbərliyinin xahişiylə şifrəsi açılmış sənədlər, eləcə də AP-nin eks-redaktorunun başçılıq etdiyi hərbi senzura idarəsinin təsdiq məktubları daxildir. Həmin redaktor prezident Franklin D.Roosevelt-ə hesabat verirmiş. Razılaşmaya görə, AP ABŞ və müttəfiqlərinin hərbi əməliyyatlarından fotolar yayıb. Fotoları Hitler gözdən keçirib və nasist nəşrlərində dərc olunubmuş.

Bu həftə AP rəsmiləri həmin sövdələşməni güclü müdafiə ediblər, onun neytral ölkələrdə gerçəkləşdirildiyini söyləyiblər. Onların dediyinə görə, qəzet müştərilərinə Hitler və Almaniyanın hərbi əməliyyatlarından fotolar təqdim etməyin xəbər dəyəri yüksək olub. Baxmayaraq ki, bu fotoları ekspert təbliğatçılar olan nasistlər çəkiblər.

FOTOLAR HƏLƏ DƏ SATIŞDADIR

AP-nin standartlar üzrə vitse-prezidenti John Daniszewski deyib ki, qurumun jurnalistləri «dünyaya gərəkən informasiyanın çatdırılmasından ötrü əllərindən gələni edirlər». O, həmin fotoların yayılmasını müdafiə edib, təbliğat yerlərinin çıxarıldığını söyləyib. Bu fotolar hələ də AP-nin saytında satılır.

Amma müəllif bəzi fotoları təhlil edərək yazır ki, çoxunda fotonun AP-nin məhsulu olduğu göstərilib. Amma eyni foto nasist jurnalında dərc olunanda, onun SS zabiti tərəfindən çəkildiyi göstərilir.

AP-nin vitse-prezidenti Daniszewski deyib ki, müharibə dövründə hər iki tərəfdə senzorların olduğunu nəzərə alanda, oxucular fotoların mənbəyi göstərilməsə belə, onların nasistlər tərəfindən çəkildiyini bilməliydilər.

HITLER-İN GÖRMƏK İSTƏDİYİ

Nasist propoqandası haqda kitab müəllifi Nicholas O’Shaughnessy AP-nin belə fotolardan istifadəsini sinik adlandırır. «Kimsə buna haqq qazandırmaqdan ötrü deyir ki, kamera yalan danışmır. Amma nasist kameraları həmişə yalan danışıb. Böyük nağıl uydururdular. Bu təsvirlərin heç biri real deyildi. Hitler-in görmək istədiyi kimi çəkirdilər», – professor söyləyir.

AP ilə nasistlərin, azı, 10 min fotonu mübadilə etdiyi bildirilir. «Onlar nasistlərlə hər gün işləyirdilər. Bunun bir izahı olmalıdır», – tarixçi Domeier deyir.

Agentlik rəsmiləri 1942-ci ildə ABŞ-ın senzura idarəsini məsələ haqda bilgiləndiriblər. İdarəyə AP-nin keçmiş redaktoru Byron Price rəhbərlik edirdi və onu şəxsən Roosevelt işə götürmüşdü. AP-nin hesabatında amerikalıların bu sövdələşməyə niyə razılıq verdiyi göstərilmir, bircə «informasiya dəyəri»nin ola biləcəyi qeyd olunub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG