Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 08:26

Spiker: 'AŞPA əvvəllər də Azərbaycana sanksiya tətbiq edib. Nəticəsi…?'


O.Əsədov

«Azərbaycana AŞPA-da qəbul edilən sanksiya ilk deyil. Təəssüf ki, adını mətbuat orqanı qoyan bəzi saytlar bunu ilk sanksiya kimi əldə bayraq edir».

APA-nın məlumatına görə, bunu bu gün, mayın 18-də Milli Məclisin iclasında spiker Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova sanksiya qoymasını dəyərləndirərkən bildirib.

***Buna da bax-Səməd Seyidov deyir ki, onu Avropa Şurasından çıxara bilməzlər

O qeyd edib ki, belə bir sanksiya AŞPA-nın Azərbaycan Milli Məclisində keçirilən toplantısında da qəbul olunub:

«Amma nə dəyişdi? Heç nə. O vaxt AŞPA-nın iclası Bakıda keçiriləndə biz Qarabağa qanunsuz səfər edən deputatın burada iştirak etməsinə icazə vermədik. Dərhal bizə qarşı sanksiya tətbiq etdilər ki, iki il Bakıda AŞPA-nın tədbirlərinə icazə verilməyəcək. Nə oldu? Bir il sonra özləri peşman oldular. Bizdə iclas keçirmək istədilər. Mən dedim ki, biz sanksiya altındayıq, olmaz. İndi də belə. Bu sanksiya da bizə təsir göstərməyəcək. Səməd Seyidovun fəaliyyətinə bələdik. Ona fəaliyyətinə görə təşəkkür edirik. O da, Azərbaycan nümayəndə heyəti də fəaliyyətini bundan sonra davam etdirəcək. Səməd, narahat olma. Sən daha da möhkəm, daha da mübariz ol».

S.Seyidov
S.Seyidov

Səməd Seyidov: «Şərəf duyuram»

İclasda S.Seyidova da söz verilib.

«Bir insan kimi mənim üçün bu ədalətsizliklə üzləşmək asan deyil. Çünki uzun illər Avropada fəaliyyət göstərmişəm, Avropa ölkələri ilə təmasda fəaliyyət göstərmişəm. İndi birlikdə işlədiyim yerdən sanksiya ilə üzləşmək mənim üçün asan deyil», - o vurğulayıb.

***Buna da bax-Anar Məmmədli: 'Yaxşı olardı ki, nümayəndə heyətinin tərkibi dəyişdirilsin'

S.Seyidov deyib ki, buna baxmayaraq, sanksiyaya məruz qalmasından şərəf duyur: «Çünki mən dövlətimin milli maraqları uğrunda fəaliyyətimə görə bununla üzləşmişəm. Bu sanksiya Azərbaycana qarşı ikili standartların nəticəsidir».

Xatırlatma

AŞPA-nın Prosedur Qaydalar Komitəsi bu günlər korrupsiya hesabatında adı çəkilən dörd üzvünə sanksiyalar tətbiq edib. Komitənin rəsmi məlumatına görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri S.Seyidov da həmin siyahıdadır.

Komitə bildirir ki, AŞPA-da korrupsiya iddialarını araşdıran Müstəqil Təhqiqat Qurumunun hesabatında adı çəkilən dörd üzvü Davranış Kodeksini ciddi pozub. Həmin dörd deputatın AŞPA-dakı bir sıra hüquqlarından müvəqqəti məhrum edilməsinə qərar verilib. Onlar məruzəçi təyin oluna, bir sıra vəzifələrə namizədliklərini verə, seçkiləri müşahidə edə bilməzlər.

Bu sanksiyalar İspaniyadan deputat Pedro Aqramunta 10 il müddətinə, Rumıniyadan Sezar Florin Preda, İspaniyadan Xordi Şuklaya və Azərbaycandan Səməd Seyidova iki illiyə tətbiq edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG