Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 18:57

“Hökumət dialoq istəyirsə, məruzəçiyə şərait yaratmalıdır”


Foto arxiv

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyun sessiyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçinin təyin edilməsi gözlənir. Bu barədə açıqlama Azərbaycan hökuməti rəsmilərinin, o cümlədən, qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun tənqidləri ilə qarşılanıb. Səməd Seyidov deyib ki, məsələnin bu şəkildə qoyluşu dialoq mühitinə xidmət etmir.

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfqarlı hesab edir ki, Avropa Şurası Azərbaycanla bağlı son illərdə qəbul etdiyi qərarlara bir daha baxmalıdır:

\Məhərrəm Zülfüqarlı
\Məhərrəm Zülfüqarlı

“Siyasi məhbus meyarları...”

“ Sərsəng Su Anbarı haqda 2016-cı ildə qəbul edilən və müsbət qarşılanan “Qəsdən sudan məhrumetmə” adlı qətnamə var. Əvvəla, Avropa Şurası qəbul etdiyi qətnamənin niyə yerinə yetirilməməsi barədə maraqlanmalıdır. Əgər maraqlanmırlarsa, deməli, Qərb ölkələrinin əsas məqsədi fərqlidir. Siyasi məhbus anlayışına gəldikdə, Azərbaycan tərəfi Avropa Şurasının bununla bağlı meyarlarının olmadığını zamanında gündəmə gətirib. Elə Azərbaycan nümayəndə heyətinin tələbiylə siyasi məhbus meyarları indi-indi hazırlanır”.

Buna da bax: "AŞPA Azərbaycana siyasi məhbus məruzəçisi göndərəcək"

“Azərbaycana təzyiq...”

Məhərrəm Zülfüqarlının sözlərinə görə, siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması Azərbaycana təzyiqdir:

“ Qardaş Türkiyənin ən yaxın müttəfiqi Azərbaycandır. ABŞ, Avropa Birliyi Rusiyanın Türkiyə ilə yaxınlaşmasını qəbul edə bilmir, bu sahədə Azərbaycan kimi müttəfiqi olan Türkiyəyə təzyiq elə bizə təzyiqə gətirib çıxarır. Ona görə axtarırlar, sonuncu dəfə Azərbaycan nümayəndə heyətinin rəhbərinə müəyyən qadağalar qoyuldu, indi də siyasi məhbus üzrə məruzəçi təyin edirlər. Sual yaranır, 2016-cı ildə qəbul edilən “Qəsdən sudan məhrumetmə” qətnaməsi nədən xatırlanmır? Halbuki, həmin anbarda nəsə olsa, 6 rayon su altında qalacaq. Görünür, həmin rayonların əhalisi onları maraqlandırmır”

O, “Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) REAL Partiyasının sədri İlqar Məmmədov haqda qərarı ( AİHM İlqar Məmmədovun hüquqlarının pozulduğunu tanıyıb) artıq Nazirlər Kabinetində müzakirə olunur” xatırlatmaya belə reaksiya verdi:

Aİlqar Məmmədov
Aİlqar Məmmədov

“İlqar Məmmədov haqda heç nə deyə bilmərəm, mən onu şəxsən tanıyıram. İlqar Məmmədovun azad olunmasını ( 2013-cü ildə igtişaşlarda ittiham edilərək 7 il həbs edilib) arzu edənlərdən biri də mənəm. Amma siyasi məhbus məsələsini ümumi götürdükdə, əgər məruzəçi təyin olunursa, deməli, təzyiq etmək məqsədi var, xoşniyyət yoxdur”.

Buna da bax:"İlqar Məmmədov: 'Bu, İlham Əliyevin siyasi paxıllığından irəli gəlir"

Demokratik Təsisatlar İnstitutunun rəhbəri Akif Qurbanov isə siyasi məhbuslar üzrə məruzəçinin təyinatı prosesinin uzun müddətdir davam etdiyini bildirib.

O, təəssüflənir ki, Azərbaycan hökuməti məsələdən müxtəlif formalarda yayınıb:

“Azərbaycanda siyasi məhbus problemi aktual olaraq qalırsa,...”

“ Bunun kökündə hökumətin mövzunun maksimum inkarçılığına meyllənməsi durur. Ancaq nəticənin əldə edilməməsində beynəlxalq qurumların ardıcıl, sabit və konkret mövqeyinin olmaması bir növ şərait yaradırdı. Sadəcə, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmasından sonra Avropa Şurasında hesabatın qəbulu bu işə bulaşmış şəxslərin cəzalanması ilə nəticələndi. Düzdür, qərar konkret adekvat olmasa da, hər hansı formada cəza mexanizmi tətbiq edilməyə başlandı. Bütün bunlardan sonra Avropa Şurasının mexanizmlərini işə salacağı gözlənilən idi. Çünki vaxtilə Ştrasserin siyasi məhbuslarla bağlı hesabatının AŞPA-da qəbul olunmamasında da korrupsiya fəaliyyətinin təsiri var. Nəhayət, Avropa Şurasının üzvü olan Azərbaycanda siyasi məhbus problemi aktual olaraq qalırsa, belə bir məruzəçinin təyinatına ehtiyac vardı”

Akif Qurbanov
Akif Qurbanov

Akif Qurbanov Səməd Seyidovun AŞPA-nı Azərbaycanla dialoqdan yayınmaqda qınamasına da münasibət bildirib:

“Necə dialoqdan yayınırlar ki, Azərbaycan üzrə məruzəçi təyin edirlər? Hökumət dialoq aparmaq istəyirsə, məruzəçi üçün şərait yaratmalı, birgə işləyib real vəziyyəti üzə çıxartmalıdırlar. Dialoqun məqsədi hər hansı məsələ üzərində iş qurulması və çətinliklərin aradan qaldırılmasıdır. Amma əvvəlcədən inkar prinsipi dialoqun pozulmasıyla nəticələnir ”.

Buna da bax:Səməd Seyidov: 'AŞPA-nın sessiyasında birdən-birə yeni məsələ peyda olub'​

“ Bu məsələ çoxdan həll edilib”

Akif Qurbanov Məhərrəm Zülfqarlının Avropa Şurasının siyasi məhbus meyarının aydınlaşdırmaması barədə fikirlərini isə qəbuledilməz hesab edir:

“Bu məsələ çoxdan həll olunub. Ştrasserin hesabatı da məhz həmin prinsip üzərində hazırlanmışdı və Avropa Şurası da həmin prinsipi qəbul edib. Əgər, Bakı bunu düzgün hesab etmirdisə, məsələni mübahisələndirə bilərdi. Amma Azərbaycan bununla bağlı hüququ prosedura əl atmadı.”.

Akif Qurbanov hökumətin bu addımı xoşluqla qarşılayacağını güman etmir:

“Ancaq hökumət tam inkarçılığın da nəticəsinin olmayacağını başa düşür. Onlar da imitasiyanı, prosesdən yayınmağı bir yerə qədər aprırlar. Təyinat önəmlidir, eyni zamanda, hökumətin yanaşması da önəmli olacaq, yəni onların işləməsinə şəraitin yaradılması...”.

Xatırlatma

Bu günlərdə AŞPA-nın büro iclasında Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçi təyin edilməsi ilə bağlı qərar verilib. Bu məsələyə AŞPA-nın yay sessiyasında müzakirəyə çıxarılmalıdır.

Yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, hazırda Azərbaycanda 140 civarında siyasi məhbus var.

Onların fikrincə, əgər, həbs insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya, onun protokollarında təsbit olunmuş fundamental təminatlardan hər hansı biri pozulmaqla həyata keçirilibsə o, şəxs siyasi məhbus sayılır.

Habelə, həbs heç bir cinayətlə əlaqəsi olmadan sırf siyasi səbəblərdən həyata keçirilibsə, saxlanmanın müddəti, onun şərtləri şəxsin şübhəli və ya təqsirkar sayıldığı cinayətə aydın şəkildə proporsional deyilsə, o, başqa şəxslərlə müqayisədə siyasi səbəblərdən ayrı-seçkilik şəraitində saxlanılırsa bu kateqoriyaya aid edilir.

Həbsin aydın şəkildə ədalətsiz məhkəmə proseslərinin nəticəsi olması da siyasi məhbus sayılmaqdan ötrü əsaslardandır.

Yerli hüquq müdafiəçiləri vurğulayırlar ki, bu məsələlərdən danışarkən elə Avropa Şursında bəhs edilən meyarları əsas götürürlər.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG